Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Azərbaycan hansı əsrdədir ki, əhali təzək yandırır?!”


Eyyub Hüseynov: “Bu, əhaliyə qarşı ədalətsizlik, yaramaz bir vəziyyətdir”
 
Yanvar ayının 19-u axşamdan 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı düşəcəyi barədə proqnoz verildikdən sonra, “Azəriqaz” İstehsalat Birliyi də “Əsasən təbii qazın tələbata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq”, - deyə məlumat yaymışdı. Lakin sosial şəbəkədə “Azəriqaz”ın səhifəsində şərh bölməsinə yazılan şikayətlərdən belə məlum oldu ki, bəzi bölgələrdə, xüsusilə də cənub rayonlarda təbii qazın verilməsində uzunmüddətli fasilələr yaranıb. Eyni zamanda, bir çox şikayətlərə görə verilən mavi qazın keyfiyyəti çox aşağıdır, istiliyi yoxdur.
 
Təbii qazın verilməsində yaranan şikayətlərlə bağlı “Azərqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovun mətbuata açıqlamasında deyilir ki, yaranmış problem qəflətən havanın soyuması ilə tələbatın artması nəticəsində baş verib: “Bunu biz fövqəladə vəziyyət kimi qəbul edə bilərik. Buna baxmayaraq, mərhələli şəkildə qaz təchizatının həyata keçirilməsi, tənzimlənməsi aparılır, qaz təchizatında müəyyən dayandırmalar olan yerlərdə mərhələli şəkildə proses öz qaydasına düşəcək”.
Eyyub Hüseynov: “Dönərxanalarla bağlı problemlər qalmaqdadır”
Mövzunu şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, bu cür məsələlərdə problemi həmişə qanunlarda axtarmaq lazımdır: ““İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda qeyd edilir ki, bazarda inhisarçı olan qurum istehsalçını fasiləsiz və keyfiyyətli xidmətlə təmin etməlidir. “Azəriqaz” İstehsalat Birliyi təbii inhisarçı bir qurumdur və qanunun tələblərinə görə bütün istehlakçıları bərabər, ədalətli şəkildə, lazımi keyfiyyətli qazla təmin etməyə məcburdur. Təəssüf ki, “Azəriqaz” xidmət göstərsə də, əhali ilə əksər hallarda müqavilə bağlamır. Bağlanan müqavilələrin isə şərtləri birtərəflidir, yəni öz üzərinə heç bir məsuliyyət götürmür, ancaq istehlakçının məsuliyyəti, cavabdehliyi öz əksini tapır”.
 
“Belə ədalətsizliklərin səbəbini həmişə qanunlarda axtarmaq lazımdır. İstehlakçılarla bağlanan müqavilələr birtərəfli olduğu, “Azəriqaz” üzərinə heç bir məsuliyyət götürmədiyi üçün, hətta istehlakçılar məhkəmə iddiaları belə, qaldırdıqda yenə çıxılmaz vəziyyətdə qalırlar. “Azəriqaz” monopolist qurum olduğu və istehlakçının başqa bir seçim imkanı olmadığı üçün şərtlərini istədiyi kimi istehlakçıya diqətdə edir”, - AİB rəhbəri bildirib.
 
Hüseynovun sözlərinə görə, istehlakçıların iradları təsadüfi deyil, sözügedən qurum öz işini uğurlu aparmır: “Azad İstehlakçılar Birliyi daim hökumətə təkliflər verir ki, əhalini enerji ilə təmin edən qurum bir dənə olmalıdır, agentlik yaradılmalıdır. Qış aylarında qazı az verir, qənaət edir, işığı az verir ki, transformatorlar yanar. Hər kəs özü üçün necə sərfəlidir, elə edir. Belə halda isə istehlakçı gündəlik lazım olan kalorini almayanda, əlinə balta götürüb gedir meşələri qırır. Meşə də olmayanda gedib dəmir yollarının şpallarını qıracaq, oğurluq edəcək ki, lazımi kalorini alsın. Ona görə də bir agentlik olmalıdır”.
 
“Məsələn, qazı azaldanda işığı çoxaltmalıdır və ya əksinə. Ki, istehlakçılar gündəlik bərabər, ədalətli şəkildə enerji ala bilsinlər. Bu, ədalətsizlikdir, istehlakçıların hüquqları haqda qanuna, “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” deyilən BMT-nin sənədinə ziddir. Çünki bu sənədi ratifikasiya etmiş hökumətlər öhdəlik götürürlər ki, istehlakçını ədalətli və bərabər şəkildə lazımi xidmətlərlə təmin etsinlər. Çox təəssüf ki, Azərbaycanda bu, pozulur və üstəlik də “Azəriqaz”ın ölkəni qazlaşdırma baxımından fikirlərində problemlər yaşanır”, - həmsöhbətimiz vurğulayıb.
 
AİB sədri onlara da sözügedən qurumun fəaliyyəti ilə bağlı şikayətlər daxil olduöunu bildirib: “Mənə elə bugünlərdə Sabirabad rayonundan iki nəfər zəng edib. Bakıdan 120 km uzaqda olan Nəsimi, Zalqarağac kəndindən sakinlər zəng edib deyirlər ki, “bizim kəndə ümumiyyətlə, qaz borusu çəkilməyib, təzək yandırırıq”. Azərbaycan hansı əsrdədir ki, əhali təzək yandırır? Yəni, yaramaz bir vəziyyətdir. Düşünürəm ki, “Azəriqaz” yalan informasiyalardan əl çəkməli, qazlaşdırma işini həyata keçirməli, əhalini keyfiyyətli qazla təmin etməlidir. Bu sahədə böyük istehlakçı problemi yaşanır”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10