Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda dilənmək sərbəst olacaq? - Hüquqşünasdan AÇIQLAMA


Avropa Məhkəməsi dilənçilik haqqında qərar qəbul edib. Qərara əsasən, əgər dilənçilik şəxsin yeganə mümkün gəlir mənbəyidirsə, dövlət ona qarşı cəza tətbiq edə bilməz. Bu, onun özəl və ailə həyatına müdaxilə hesab olunacaq. Azərbaycanda isə dilənçiliklə məşğul olanlara qarşı inzibati cəza mövcuddur. 
Maraqlıdır, Avropa Məhkəməsinin qərarından sonra Azərbaycan bu məsələ ilə bağlı qanunvericilikdə hansısa dəyişiklik edə bilər?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, bu qərar birbaşa Azərbaycan əleyhinə olmadığı üçün yaxın mərhələdə hansısa ciddi dəyişikliyi gözləmək mümkün deyil:
"Konvensiyaya üzv olan ölkələr arasında bu qərar birbaşa hansısa dövlətə yönəlikdirsə, digər dövlətlər bunu tətbiq etmək məcburiyyətində deyil. Məsələn, bu, Azərbaycandan gedən şikayət üzrə Azərbaycan əleyhinə verilən bir qərardırsa, Azərbaycan həm də onun reallaşdırılması üçün üçmərhələli icra planına keçməlidir. Həmin plana kompensasiyanın ödənilməsi, qanunvericilikdə problem varsa, onun aradan qaldırılması və qanunvericiliyin səhv tətbiqi mövcuddursa, şəxslərin məsuliyyətə cəlb edilməsi daxildir. İndiki halda bu qərar birbaşa Azərbaycan əleyhinə olmadığı üçün yaxın mərhələdə hansısa ciddi dəyişiklik gözləmək olmaz. Amma irəlidə bu istiqamətdə Azərbaycandan da müraciətlər olarsa, təbii ki, o zaman hökumət qanunvericiliyə yenidən baxmalı olacaq. Yəni əvvəldə də qeyd etdiyim kimi, bu, birbaşa göstəriş deyil. İndiki halda Yunanıstan və yaxud Rumıniya əleyhinə verilən qərarın Azərbaycan üçün icrası məcburi deyil. Çünki burada Azərbaycan yoxdur. Bununla bağlı sadəcə olaraq üzv dövlətlərə tövsiyyə verilə bilir ki, onlar qanunvericiliyini bu istiqamətə uyğunlaşdırsın. Bəzi dövlətlər isə bunu, ümumiyyətlə, özləri üçün bir siqnal görür və qanunvericiliyi düzəldir. Azərbaycanda isə Avropa Məhkəməsinin qərarlarını ən az icra edən ölkələr arasında birinci yerdədir. O baxımdan başqa ölkənin qərarını götürüb icra edəcəyi gözləntisinə girmək real deyil".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10