Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Elə bilirəm ki, buna görə ona borclu qaldım...”


“Universiteti qurtardıqdan sonra Zəlimxan bir kitab mağazasında satıcı işləyirdi. Ondan sonra dostluğumuz daha da möhkəmləndi. Rayona gedib bir müddət müəllim işlədim və Bakıya qayıdandan sonra yenə bizim münasibətimiz davam etdi”

Bunu Moderator.az-a açıqlamasında filologiya elmləri doktoru Vaqif Yusifli deyib. O, Zəlimxan Yaqubla dostluğundan və onun Azərbaycan ədəbiyyatındakı yerindən danışıb:

“Zəlimxanla mən 1970-ci illərin əvvəllərində tanış olmuşam. Hər ikimiz tələbəydik və bizi hərbi dərs keçmək üçün təlimə aparmışdılar. Orda tanış oldum, əlində də saz var idi. Universiteti qurtardıqdan sonra Zəlimxan bir kitab mağazasında satıcı işləyirdi. Ondan sonra dostluğumuz daha da möhkəmləndi. Rayona gedib bir müddət müəllim işlədim və Bakıya qayıdandan sonra yenə bizim münasibətimiz davam etdi. Mən Zəlimxanın bir neçə kitabı haqda yazı yazmışam. Hətta ölümünə az bir müddət qalmış, yanvarın əvvəllərində məndən xahiş etdi ki, onun haqqında kitab yaz. Dedim ki, Zəlimxan, əziz dost, çox gecdir. Elə bilirəm ki, buna görə ona borclu qaldım. Amma onun məqalələrini toplayıb kitab çap edə bilərəm. Zəlimxan əlbəttə, böyük şairdir, Azərbaycan xalq ədəbiyyatıyla müasir ədəbiyyat arasında canlı bir körpüdür və bu körpüdə çox-çox gözəl şeirlər, poemalar yazıb. O, elə bir şair idi ki, sinədəftər idi. Yaddaşı çox möhkəm idi. Mənim də yaddaşım çox möhkəmdi, hətta bir dəfə oturub bir-birimizlə yarışdıq. O, daha çox qoşma, gəraylı dedi, mən isə klassik ədəbiyyatımızdan şeirlər oxudum. Onun ölümü mənə çox pis təsir etdi. Əlbəttə, Zəlimxan ömrünün son günlərində bir verilişdə də iştirak etdi, amma bütün bu ağrılarına baxmayaraq canlı idi. Allah rəhmət eləsin!”.

Xatırladaq ki, bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür. O, 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 2016-cı il yanvarın 9-da Bakıda dünyasını dəyişib. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10