Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağın “sülhpərvər və uzaqgörən” ermənisi – 31 il öncə Valeri Qriqoryanı sülhdən danışdığına görə öldürüblər



1988-ci ildə Dağlıq Qarabağ hadisələri başlananda vilayətdə (DQMV) yaşayan ermənilərin bu məsələyə cəlb olunması üçün Xankəndi şəhərindəki erməni liderlər bütün mümkün olan vasitələrərdən istifadə ediblər. Erməni əhalinin bütövlükdə səfərbər edilməsi, davamlı mitinq və nümayişlərin təşkili üçün Arkadi Manuçarov və onun dəstəsi hətta hədə-qorxulara da əl atıblar.
Sıravi ermənilərin meydanda fasiləsiz mitinqləri zamanı onlar yemək, alkoqollu içkilər, siqaret və geyimlə təmin ediliblər. Vilayətdə vəzifədə işləyən, ancaq erməni hərəkatına qoşulmaq istəməyən ermənilər isə ciddi təzyiqlərlə üzləşiblər. Bu təzyiqlər sırasında qətl hadisələri də baş verib. Həmin ərəfədə erməni separatçılarının qurbanlarından biri də Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin təşkilat və kadrlar şöbəsinin müdiri Valeri Qriqoryan olub.
Valeri Qriqoryan 1943-cü ildə Hadrutda anadan olub. Şuşa Pedaqoji Texnikumunda və İrəvan Pedaqoji İnstitutunda təhsil alıb. Daha sonra isə Moskvada Ali Partiya Məktəbini bitirib.
   


Əmək fəaliyyətinə müəllim kimi başlayan Valeri Qriqoryan 1960-cı illərin sonlarında komsomol orqanlarında işləməyə başlayıb. O, bir müddət Hadrutda rayon komsomolunun birinci katibi işlədikdən sonra Xankəndi şəhərində işə dəvət olunub. Əvvəlcə Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsində təlimatçı, sonra isə şöbə müdiri vəzifəsinə təyinat alıb.
Dağlıq Qarabağ hadisələri başlananda Valeri Qriqoryan məsələlərə fərqli yanaşıb və aqressiv ermənilərin qarşısında fikirlərini söyləməkdən çəkinməyib. V.Qriqoryan fikirlərini açıqlayaraq bildirib ki, vilayətin Ermənistanın tərkibinə verilməsi məsələsini silah yolu ilə həll etmək cəhdi ağılsızlıqdır. O, öz həmkarlarına başa salıb ki, silahlı münaqişə yaranarsa azərbaycanlılar istənilən vaxt Şuşadan Xankəndini məhv etmək imkanına malikdirlər. Təbii ki, bu cür münasibət və təbliğat Dağlıq Qarabağdakı erməni hərəkatının liderlərini qıcıqlandırıb.
   

Şöbə müdirinə qarşı erməni liderlərinin kəskin münasibəti təkcə bu məsələ ilə bitməyib. Dağlıq Qarabağda Arkadi Volskinin rəhbərliyi altında Xüsusi İdarətetmə Komitəsi yaradılanda vilayət partiya komitəsinin şöbə müdiri kimi Valeri Qriqoryan da yaradılmış yeni komitənin işinə cəlb edilib. Həmin ərəfədə o, vilayət nümayəndələri ilə birlikdə Moskvada və İrəvanda səfərlərdə olub. Əslində Valeri Qriqoryan da bir erməni olaraq Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsinin tərəfdarı olub. Amma ermənipərəst Volskinin fəaliyyəti onu qane etməyib və tərəflər arasında yarana fikir ayrılıqları Qriqoryana qarşı təzyiqləri bir az da artırıb.
Xüsusi İdarəetmə Komitəsinin ləğv olunmasından, Dağlıq Qarabağda Viktor Polyaniçkonun rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradılmasından sonra isə Valeri Qriqoryana qarşı münasibət daha da sərtləşib. Qriqoryan Təşkilat Komitəsinin işində fəallıq göstərib. Viktor Polyaniçkonu özlərinə düşmən sayan ermənilər onunla birgə işlədiyinə görə Valeri Qriqoryanı satqın və xəyanətkar adlandırıblar.
1990-cı ilin iyul ayında Moskvada Kommunist Partiyasının 28-ci qurultayında Dağlıq Qarabağ məsələsi müzakirə olunanda Valeri Qriqoryan da çıxış edib. O, öz çıxışında yaranmış problemi qarşılıqlı anlaşma şəklində, silah işlədilmədən, qan tökülmədən həll edilməsininin tərəfdarı olduğunu bildirib.
Onun bu çıxışı Dağlıq Qarabağda ermənilər tərəfindən hiddətlə qarşılanıb, Valeri Qriqoryan barışıq və sülh mövqeli olduğuna görə ittiham olunub.
Çox qarışıq bir dövr olan 1991-ci ilin iyul ayında gərgin müzakirələrdən sonra vilayətdən bir neçə nəfər Bakıya, respublika rəhbərliyi ilə görüşə yollanıb. Nümayəndə heyətinin tərkibinə Valeri Qriqoryan da salınıb. Bu görüşdən sonra Valeri Qriqoryan Xankəndi şəhərində günün günorta çağı qətlə yetrilib.

Valeri Qriqoryanın qətlinin üstü açılmayıb, qatillərinin və sifarişçilərin kim olduğu bilinməyib.
Rəsmi şəkildə bu qətl hadisəsinin səbəbi bilinməsə də, qeyri-rəsmi olaraq Valeri Qriqoryanın nəyə görə aradan götürülməsi hamıya məlum olub. Valeri Qriqoryan Viktor Polyaniçkonun və komendant Safonovun Dağlıq Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirib. Onların fəaliyyətinin davamlı olacağı təqdirdə münaqişənin müharibə fazasına keçməyəcəyinə inanıb. O, müharibə başlayacağı təqdirdə hələ o dövrdə Ermənistanın məğlubiyyətini göz önünə gətirib. Məhz elə bu səbəbdən də Valeri Qriqoryan Robert Koçaryan, Serj Sarkisyan kimi hərbi canilərin qurbanına çevrilib.
Valeri Qriqoryanı öz düşüncələrinə, gələcək baxışlarına görə Dağlıq Qarabağın ən ağıllı ermənisi saymaq olar. Yəqin ki, hazırda Koçaryan da, Sarkisyan da Valeri Qriqoryanın 30 əvvəl söylədiyi fikirləri təkrar-təkrar xatırlayırlar və bu uzaqgörən ermənini qətlə yetirməkdə özlərini qınayırlar.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10