Yəqin ki, deyəcəksiniz, Masallıda elə hər tərəf avtovağzaldır da.
220 min əhalisi olan Masallıda avtovağzal haqqında nə bilirik? Mənə bəlli olan odur ki, rayona təzə rəis, bəzən də təzə başçı gələn kimi avtovağzalı, xüsusən də Bakıya sərnişin daşıyan minik maşınları üçün ayrılan dayanacaqda dayanan maşınları gah oyana qovurlar, gah bu yana. Biri deyir, mütləq qədimdən avtovağzal olan yerə tolaşmalısınız, o bir deyir yox, Xan Çinar bazarının şərqindəki meydana yığılmalısınız. Nə vaxt ki, “barışığa” gəlir, "atəşkəsə" razılaşırlar, Bakıya sərnişin aparan sürücülər yenə Seybətin dairəsindəki əvvəlki yerlərinə yığılırlar.
Masallı "Aftovağzalı"
Avtobusların işi isə lap fənadır
Əvvəldən avtovağzal kimi tanınan (Polisin yeni binasının qərb tərəfi) meydanda avtobus görməzsən. Talış zonasına gedənlər Viləş
çayının üstündəki əsas körpünün şərq tərəfindəki xəttə toplaşır.Burada da sərnişinlərin, oturması onlara xidmət üçün heç nə yoxdur. Qızılağac, Sərçuvar istiqamətinə gedənlər Respublika Bankının Masallı filialının böyür-başına, Qarğalıq, Xırmandalı, eləcə də şəhər daxilinə gedən mikroavtobuslar qədim hamamın şərq tərəfində “məskən” salıblar.
Bütün oyuncaq “avtovağzallarda” sərnişinlərə xidmət biabırçılıqdır. Qədim hamamın yanındakı “dayanacaq” isə tam bərbad vəziyyətdədir. Hər gün 10-dan artıq mikroavtobusun girib - çıxdığı bu ərazidə avtovağzal adına heç nə yoxdur-nə sərnişinlərin avtobus gözləməsi üçün daldanacaq, nə oturacaq, nə ictimai-iaşə xidməti, nə qrafik (daha kamera-filan demirəm, adama gülərlər), qisası, biabırçılıq. Avtobusların çoxu it günündə, xidmət sıfır səviyyəsində. Hələ bu avtobuslar nahara qədər o ətrafda maşınların hərəkətini necə çətinləşdirdiyini demirəm. Günün bütün vaxtı burada zibil olur. (ancaq biz orada şəkil çəkəndən bir neçə saat sonra ətrafı bir az təmizlədilər)
Başa düşürəm, bizdə nəqliyyat nazirliyi ləğv olunub. Daha hökumət də ləğv olunmayıb ki.
Doğrudanmı, rəhbərlərimizin gözü elə zəifləyib ki, rayonun mərkəzindəki biabırçılıqları da görmürlər? Uşaq da bilir ki, nəqliyyatda həmişə pul var və lakin həmin pula maraq o qədər böyükdür ki,.. Nə isə, hər şeyi mən deyən deyiləm ki. Şəhər mərkəzinin o qədər özündən razı “ziyalıları” var ki, qoy bir-ikisini də onlar desinlər.
Elcan