Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ensiklopediya qalmaqalı: Beriyanın fotosu, Xruşovun qəzəbi – Yerlərdə hazır kitabın 4 səhifəsi kəsilib


SSRİ dövrünü görənlər sovet vətəndaşlarının kitaba olan marağını yəqin ki, yaxşı xatırlayırlar. Kitab mağazalarında olan növbələr də, əl altından satılan kitablar da, kitab alverçiləri də yaddan çıxmayıb. Bununla yanaşı, elə kitablar da olub ki, onları yalnız abunə yolu ilə əldə etmək mümkün olub. Bu sırada Böyük Sovet Ensiklopediyası siyahıda ilk yerlərdə dayanıb.
SSRİ-də Böyük Sovet Ensiklopediyası üç dəfə nəşr olunub, 1926-cı ildən 1947-ci ilə qədər nəşr olunan ensiklopediya 65 cilddən və bir əlavə “SSRİ” cildindən ibarət olub. İkinci dəfə ensiklopediyanın nəşrinə 1949-cu ildə başlanılıb, 1958-ci ildə 49 cild və bir əlavə “SSRİ” cildi ilə nəşr tamamlanıb. 1969-1978-ci illərdə nəşr olunan ensiklopediya isə 30 cilddə təqdim edilib.
Bütün dövrlərdə ensiklopediyanın hazırlanmasına Mərkəzi Komitə tərəfindən ciddi şəkildə nəzarət olunub. Yalnız Mərkəzi Komitənin ideologiya üzrə katibinin imzasından sonra məqalələr toplusu çapa buraxılıb.
Ensiklopediyaya olan tələbatla bağlı maraqlı faktlar da az deyil. 1990-cı illərdə Moskvada və keçmiş SSRİ-nin böyük şəhərlərində ensiklopediyanın bütün cildləri böyük məbləğlərə satılıb. 1949-cu il nəşrinin “düzəliş” edilməyən 5-ci cildinin qiyməti isə bütövlükdə 50 cildin qiymətindən baha satılıb.
1024px-Большая_советская_энциклопедия_второе_издание.jpg (143 KB)
Söhbət hansı “düzəliş”dən gedir?
1954-cü ildə Nikita Xruşov SSRİ-nin ən böyük kitabxanası sayılan Lenin adına dövlət kitabxanasında keçirilən tədbirdən sonra kitabxananın zallarını gəzib. Adi bir təsadüf sovet liderinin qəzəbinə səbəb olub. Böyük Sovet Ensiklopediyasının düzüldüyü rəflərin qarşından keçən Xruşov cilddlərdən birini götürüb və bir neçə saniyədən sonra o, əsəblərini boğa bilməyərək səsinin tonunu qaldırıb:
- Bu ensiklopediya ilə siz sovet vətəndaşlarına kimi təqdim edirsiniz? Cinayətkarı, xalq düşmənini, azyaşlı qızları zorlayan bir şəxsi, dövlət çevrilişi etmək istəyən bir canini? Yoxsa bu ölkədə baş verənlərdən xəbəriniz yoxdur? Bəlkə siz bunu qəsdən edirsiniz?
Xrusov-768x403.jpg (78 KB)
Xruşovu müşayiət edənlər nə baş verdiyini anlamayıb. Baş katibə ən yaxında dayanan Mərkəzi Komitə katibi Mixail Suslov və həmin dövrdə Moskva şəhər partiya komitəsinin birinci katibi vəzifəsində işləyən Yekaterina Furtseva isə Xruşovun açdığı səhifəni görəndə onun qəzəbinin səbəbini dərhal başa düşüblər. Belə ki, Xruşov təsadüfi olaraq rəfdən Böyük Sovet Ensiklopediyasının 1949-cu il nəşrinin 5-ci cildini seçib və kitabı səhifələyəndə 22-ci səhifə onun diqqətindən yayınmayıb. Həmin səhifədə isə Lavrenti Beriya haqqında məqalə olub.
Elə həmin gün Mərkəzi Komitə hərəkətə keçib. “Böyük Sovet Ensiklopediyası” Dövlət Elm Nəşriyyatının rəhbərliyi Kremlə dəvət olunub. Üç saatdan artıq davam edən iclasın sonunda qərara alınıb ki, ensiklopediyaya abunə olanlara və ensiklopediyanın olduğu bütün kitabxana və digər qurumlara tələb məktubu göndərilsin.
Hazırlanmış məktubun mətnində tələb qoyulub ki, Böyük Sovet Ensiklopediyasının 5-ci cildinin 21, 22, 23, 24-cü səhifələri kəsilərək götürülsün. Hətta məktubda səhifələrin necə kəsilməsi də qeyd olunub. Daha sonra məktubda kəsilmiş səhifələrin yerinə hansı materialın yapışdırılması da göstərilib. Məktuba yeni məqalə əlavə olunub. Bu Berinq dənizi ilə bağlı məqalə olub.
4774058304.jpg (55 KB)
Maraqlı məqamlardan biri o olub ki, ensiklopediyada Berinq dənizi haqqında məqalə Sakit okeanı haqqında olan məqalədən iki dəfə böyük olub. Beriyanı sıradan “çıxarmaq” üçün ensiklopediya rəhbərliyi bu məcburiyyət qarşısında qalıb.
Məktubun icrasına nəzarəti Mərkəzi Komitə öz üzərinə götürüb. Bu işə daxili işlər orqanlarının əməkdaşları da cəlb olunublar. Ensiklopediyanın olduğu kitabxanalada və digər qurumlarda məktubun icrasını yerli partiya komitələrinin əməkdaşları yoxlayıblar. Fərdi abunəçələrin məktubun tələblərinə necə əməl etmələrinə nəzarət isə ərazi üzrə milis əməkdaşlarına, sahə müvəkkillərinə həvalə olunub. Tələbə əməl etməyənləri partiya cəzası gözləyib.
Göstərilən dörd səhifənin birində Beriyanın fotosu olub. Həmin ərəfədə kommunistlərin arasında belə bir ifadə yaranıb: “Sağ olanda özü cəzalandırırdı, öləndə şəkli”.
BSE-2-Edition-Vol-5-page21-replacement.png (563 KB)
Mərkəzi Komitənin növbəti iclaslarının birində Nikita Xruşov görülən tədbirlər haqqında maraqlanıb. Mixail Suslov Xruşovu sakitləşdirməyə cəhd edib:
- Nikita Sergeyeviç, biz Beriyanı Berinq ilə əvəzlədik. Belə hesab edirəm ki, Beriyanın ensiklopediyaya düşməsində kimisə günahlandırmaq düzgün deyil. Dövr belə tələb edirdi.
- Dövr bundan sonra daha çox işlər tələb edəcək. Biz həmin ensiklopediyanı səhifələsək köhnə dövrün ünsürləri ilə çox rastalaşacağıq. Buna görə də yeni ensiklopediyanın hazırlanması haqqında düşünməliyik.
Xruşov yeni ensiklopediyanın hazırlanması təşəbbüsünü irəli sürsə də, bu məsələ qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Xruşovdan sonra hakimiyyətə gələn Leonid İliç Brejnev isə yeni ensiklopediyanın hazırlanmasında qərarlı olub və bununla bağlı 1969-cu ildə sərəncam imzalayıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10