Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlılı gənc rəssama yardımçı Masallıdan tapıldı



                                            Onun darısqal daxmada yaratdığı rəsmlər çoxlarını heyran edir.

2 həftə öncə cenub.az saytı lent.az-ın kəşf etdiyi Yardımlıdan olan gənc, imkansız ailədə yaşayan 14 yaşlı rəssam barədə  yazı vermişdi. 

Yazıda gənc rəssam Səməd İsgəndərli bildirmişdi: “Rəsmə aid çox ləvazimat var. Amma bahadır. Almağa imkanımız yoxdu. Hazırda işlətdiyim karandaşları mənə xaricdə yaşayan bir dostum hədiyyə edib.”
İsgəndərli Səməd danışır. Yardımlı rayonun  Sırıq kəndində yaşayır, Səməd. Rəssamlıq təhsili yoxdu. Amma adi karandaşlarla nələr yaradır, nələr...
Deyir, ən çox Vətən müharibəsinin qəhrəmanlarını çəkir.
- General Hikmət Mirzəyevin məşhur fotosu sosial şəbəkələrdə yayıldı. Onun o əzmli baxışlarını çəkmək istədim. Üzərimdə bir yük, məsuliyyət hiss etdim o an.  Baxışlarında müharibənin əzablarını, çətinliklərini verməli idim.
Deyəsən verə bilib də. Generalın gerçək fotosu Səmədin çəkdiyi rəsmdən fərqlənmir.   
- Polad Həşimovun da portretini çəkəndə eyni məsuliyyəti yaşadım.            Rəsmi çəkən zaman onu gözlərindəki gülüşü, sifətindəki o təbəssüm mənə təsir etdi. Ümumiyyətlə, şəhidlərin gözlərindəki o məğrurluq  insana təsirsiz ötüşmür.
Səmədin istedadı ilk dəfə illər öncə, necə deyərlər yaxın qohumu tərəfindən kəşf edilir. Evdə ara-sıra rəsmlər çəksə də, ailədə heç kim onun bu istedadının fərqinə varmırmış. 
- Atam deyirdi ki, neynirsən şəkli. Anamın da xüsusi bir münasibəti yoxdu. Heç nə demir. Arada, “get dərsini oxu” söyləyir. Mən onsuz da dərsimi oxuyuram. Müəllimlərim isə paylaşanda görürlər rəsmlərimi.
Səməd heç bir rəssamlıq təhsili almadan, öz üzərində işləməklə, hə, bir də İnternetdə videolara baxmaqla bu səviyyəyə çatıb. 
Ən böyük çətinliyi evdə rahat işləmək üçün şəraitin olmaması və rəsm avadanlıqlarını əldə etməkdi. 190-200 qramlıq kağızda çəkilməli olan portretləri, 80 qramlı A4 formatlı vərəqlərdə çəkir. Bu zaman isə kağızın əzilmə, cırılma ehtimalı daha çoxdu.  
- Rəsmə aid çox ləvazimatlar var. Amma bahadır. İlk dəfə sadə qələmlə başladım.  Elə ilk portretləri də o qələmlə çəkirdim. Hazırda işlətdiyim bu karandaşları mənə xaricdə  yaşayan Sabir adlı şəxs təşkil edib. O, Bakıdan kimdənsən xahiş etdi, göndərdilər. Bundan sonra həvəsim daha da artdı. Çəkdikcə gördüm ki, əvvəlki şəkillərlə müqayisədə daha yaxşı işləmişəm. Yaxın çevrəmdən çoxu istəyir ki, portretlərini pulsuz çəkim. Çəkməyəndə də inciyirlər. Bacardığım qədər çəkməyə çalışıram ki, heç kim inciməsin.
Səməd həvəssiz, məcburi nəsə çəkə bilmədiyini deyir. Bir də evdə səs-küy olanda narahat olur, rahat işləyə bilmir. Bir otaqlı, aşağıdakı fotolarda da gördüyünüz kimi bu gənc istedad qəzalı vəziyyətdə olan bu evdə yaşayır və çalışır. 
Qəhrəmanımız rəsmlərindən hələ ki gəlir əldə edə bilmir. Sosial şəbəkələrdə tanınmadığı üçün rəsmlərinə maraq olmadığını deyir. Sifarişlə çəkdiyi portret isə bir dəfə ünvan yanlışlığına görə, geri qayıdıb. Hazırda yeganə gəliri insanların rəsmlərinə baxandan sonra verdikləri dəyər, xoş sözlərdi...

Nigar Adil


Bu yazı saytımızda paylaşılandan dərhal sonra Masallının Göyəçöl kəndinin ən fəal yardımsevərlərindən olan, Bakıdakı kitab mağazasının sahibi Zaur Niftiyev həmin gəncə yardımçı olmaq istədiyini bildirdi. Dedi və etdi. Müxtəlif rəssamlıq ləvazimatları  olan çantanı bizə çatdırdı. Biz də öz növbəmizdə çantanı Yardımlının Sırığ  kəndinə, gənc rəssama “Ümidim sənsən”İB-nin  könüllüləri vasitəsi ilə  çatdırdıq. Gənc rəssam   bu yardıma görə Zaur Niftiyevə, eləcə də lent.az və cenub.az-a təşəkkür edir.

Biz 2-ci dəfə bu mövzuya qayıtmaq imkanından istifadə edərək 14 yaşlı rəssamın əl işlərindən bir neçəsini və fotosunu sizə təqdim edirik. İnan ırıq ki, yardımlının yardımsevərləri də bu istedadlı gəncdən köməyini əsirgəməyəcək.


Çox inamlıyıq ki, Yardımlı Xeyriyyə Cəmiyyəti, onun sədri Elman Eldaroğlu bu gənci diqqətdə saxlayacaq.












Fidan Abbasli "Ümidim sənsən"İB-nin sədri








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10