Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dövlət niyə xalçaçılıqla məşğul olur?


“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov həbsindən bir gün sonra vəzifəsindən azad edilib. Yanvarın 10-da prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
64 yaşlı Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Baş Prokururluğun onun həbsi barədə yaydığı məlumatda deyilir ki, Vidadi Muradov müxtəlif  şirkətlərin hesabına köçürdüyü 3 milyon 435 min manatın bir hissəsini – 1 milyon 149 min manatını nağd şəkildə geri alaraq mənimsəyib. O, “Azərxalça”nın xalçalarını özünə məxsus “Azər-İlmə” MMC-yə ucuz qiymətə satmaqla, 339 min 427 manat da buradan mənimsəyib. Bundan başqa, xarici bazarlarda 800 min dollara (1 milyon 360 min manat) yuntəmizləmə xəttinin alınması mümkün olsa da, Vidadi Muradov eyni iş üçün Almaniyadakı şirkətlərdən biri ilə daha baha qiymətə – 5 milyon 314 min avroluq (10 milyon 167 min manat) podrat müqaviləsi bağlayıb. Bu müqavilə üzrə 1 milyon 800 min avro məhz məhz yuntəmizləmə xəttinin alınması üçün Almaniyaya köçürülüb. Nəticədə “Azərxalça”nın büdcəsindən 2 milyon 84 min manat artıq vəsait xərclənməklə, israf olunub.
Səhmləri dövlətə məxsus olan “Azərxalça” 2016-cı il mayın 5-də yaradılıb və Yeni Azərbaycan Partiyasının üzvü olan Vidadi Muradov qurumun İdarə Heyətinin sədri təyin edilib. 2014-cü ildən “Əməkdar incəsənət xadimi” adını daşıyan V. Muradov 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Baş Prokurorluğun yaydığı məlumatdan aydın olur ki, V. Muradovun ittiham olunduğu korrupsiya əməlləri 2016-cı ilin dekabrından, yəni “Azərxalça”ya rəhbər təyin ediləndən 6 ay sonra başlayıb və 2020-ci il dekabrın 31-nə qədər davam edib.  Bu müddətdə – 27 may 2019-cu ildə o, həm də “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalına layiq görülüb.
Vidadi Muradovun üç övladından biri olan Cavid Muradov Səbail rayon Polis İdarəsinin rəisidir. Bundan əvvəl isə o, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi olub.
Keçmiş deputat Nazim Bəydəmirli hesab edir ki, prokurorluğun açıqlamasında bəhs olunan yeyinti məbləği “Azərxalça”dakı korrupsiyanın kiçik bir hissəsidir. Bu haqda “Press Klub”a danışan N.Bəydəmirlinin fikrincə, bu qurumdakı mənimsəmələrdən büdcə vəsaitinə nəzarət edən Maliyyə Nazirliyi, Hesablama Palatası kimi orqanlar da məlumatlı idi:
“Görünür, indi Vidadi Muradovun cəzalandırılması kimlərəsə lazım olub, ona görə həmin faktlardan istifadə edilib. Əgər korrupsiyaya görə cəzalandırmağa qalsaydı, bunu çoxdan eləmək olardı. “Azərxalça” ilə bağlı problemlər hələ üç il əvvəl Hesablama Palatasının məlumatlarında da vardı, hökumət özü də etiraf edirdi”.
N.Bəydəmirli vaxtilə parlamentdə 104 saylı Tovuz-Gədəbəy seçki dairəsindən millət vəkili kimi təmsil olunub. Sabiq deputat deyir ki, həmin bölgədəki vətəndaşlarla indiyədək ünsiyyətdədir və onlardan hələ 2018-ci ildə “Azərxalça” rəhbərliyinin fəaliyyəti ilə bağlı şikayət məktubları gəlirdi:
“Mənə şikayətlər vardı ki, “Azərxalça”nın o bölgələrdə tikilən istehsal müəssisələrində işləyiblər, amma pullarını ala bilməyiblər. Bu şikayətləri araşdıran zaman məlum oldu ki, binalar, qurğular ən azı üç dəfə şişirdilmiş smeta dəyəri ilə təqdim edilib. Əsas yeyintilər də hələ o tikintilərin təməli qoyulandan başlayıb. Vətəndaşlar müxtəlif dövlət orqanlarına da şikayətlər göndərmişdilər, nəticə olmamışdı. Ona görə vətəndaşlarda indi belə rəy formalaşıb ki, Vidadi Muradovun həbsi sırf korrupsiya ilə bağlı deyil. Belə olsaydı, o zaman da tədbir görülərdi. İcra başçılarının həbsində də vətəndaşlarda bu təəssürat var idi. Düşünürlər ki, korrupsiyaya görə heç bir yüksək vəzifəlini tutmurlar. Vaxtı çatanda kiminsə həbs olunması kiməsə lazım olur, ona görə həbs edirlər”.
Sual doğuran başqa bir məqam da Azərbaycanda dövlətin irili-xırdalı bütün sahələri öz əlində cəmləşdirməsidir. Məsələn, dövlətin xalçaçılıqla məşğul olması nə qədər zəruridir?
N.Bəydəmirli vurğuladı ki, dövlət büdcəsi hesabına yaradılmış məhdud məsuliyyətli cəmiyyətlər (MMC), açıq tipli səhmdar cəmiyyətlərinin (ASC) hamısı “Azərxalça” kimi işləyir, dövlət özü monopoliya yaradır:
“Dövlət büdcəsi hesabına kommersiya fəaliyyəti ilə məşğul olan qurumların yaradılması ənənəsi qoyuldu və bu proses 2014-cü ildən daha da sürətləndi. Dövlət büdcəsi hesabına MMC-lər, ASC-lər formasında müxtəlif qurumların yaradılması doğru addım deyil. Bu həm də antiinhisar fəaliyyəti haqqında qanuna ziddir. Qanun özəl fəaliyyət icazəsi olan sahələrdə dövlətin təsərrüfat işləri, kommersiya fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Yəni nazirliklər, müxtəlif dövlət komitələri yanında MMC-lər, ASC-lər yaradılması antiinhisar fəaliyyəti haqqında qanuna ziddir. Dövlət sahibkar kimi çıxış etdikdə təbii ki, korrupsiya elementləri yaranır, dövlət özü monopoliya yaradır. Üstəlik, bu tipli müəssisələrin zərərlə işləyəcəyi əvvəlcədən bilinir”.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10