Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Torpağı deyil, insanı işğal edənlər - Aqşin Yenisey yazır...


Hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarnı təqdim edirik.
Növbəti yazı: Nə üçün bəzi ölkələr zəngin, bəziləri yoxsuldur?
Nə üçün bəzi ölkələr zəngin, bəziləri yoxsuldur? Niyə kölə xalqlar sosializmi, imperativ millətlər kapitalizmi dəstəkləyir? Nə üçün sənaye inqilabı, məsələn, qardaş Türkiyədə deyil, İngiltərədə oldu?
Gəlin, əvvəlcə qeyd edək ki, klassik imperializmdən fərqli olaraq, modern imperializm nə qədər torpaq deyil, nə qədər insan işğal etdiyinə diqqət ayırır. Çağdaş müstəmləkəçilik xalqları deyil, fərdləri “sömürür”, beyinləri istila edir, daş-qaş sandıqlarını deyil, zəka küplərini daşıyıb aparır.
İndi ABŞ-ın yox, “Apple”ın “qulları” var. Hamımız “iPhone”nun “fəhlələriyik”. Mənim əmim oğlu gecə-gündüz sement qarışdırıb pulunu “iRhone”a verir ki, qonşu kənddə gözaltı etdiyi qızın taleyinə elektromaqnit dalğaları vasitəsilə distant nəzarət edə bilsin.
Bütün hallarda sərvət ABŞ-ın büdcəsinə axır. Artıq kölələri gəmilərə doldurub aparmağa ehtiyac yoxdur. Məsələn, Rusiyaya işləməyə yollanan hər bir erməni Rusiyadan çox, ABŞ iqtisadiyyatı üçün çalışır.
Bu necə baş verdi?
Biz və oxşarlarımız hələ də sərmayəni şəxsi mülkiyyətə yatırırıq. İntellektual mülkiyyətə sərmayə qoymaq bir yana, intellektə mülkiyyət kimi baxmağa belə həvəsli deyilik. Amma məsələn, 1623-cü ildə İngiltərədə, daha sonra ABŞ-da patent hüququnun tanınması, yəni intellektual mülkiyyət üçün hüquqi bazanın yaradılması bu ölkələrdə sənaye inqilabının baş verməsinə və intellektual sıçrayışa səbəb oldu. Kölə alveri də elə o vaxt əhəmiyyətini itirdi. Daha bədənlər deyil, beyinlər kölələşdiriləcəkdi. Adına da istehlakçılar deyəcəkdilər.
İntellektin mülkiyyət kimi patentləşdirilməsi iqtisadi şüurda marksizmi Eynşteyndən sonrakı Nyuton mexanikasının vəziyyətinə saldı.
Yaradıcılıq mədəni sahədən iqtisadi sahəyə transfer edildi. Bizdə hələ də yaradıcı adam deyən kimi gözümüzün önündə cüllüt bir şair, pinti bir rəssam, içkili bir yazıçı canlanır. Kütləvi şüurda, məsələn, mühəndis, proqramist deyə bir obraz yoxdur.

Sözlərlə, rənglərlə, notlarla yaradanlardan fərqli olaraq, rəqəmlərlə yaradan necə bir adamdır, cüllütün biridirmi, pintidirmi, içki düşkünüdürmü? Yaradıcı şuurumuza yaddır o adam.
Halbuki patent qanununun qəbulu 1733-cü ildə Con Key adlı sıravi birinin toxucu dəzgahlarında buxarın gücündən istifadənin yolunu tapmasına, həm də öz ixtirasına İngiltərədə ilk patent hüququ almasına yol açdı. Yaxud elektrik lampasının ixtiraçısı kimi tanıdığımız Tomas Edison “General Motors”u bu qanunun verdiyi imkanlar nəticəsində qura bilmişdi.
Bununla da sərvət irsi, sinfi deyil, bilgi mənşəli oldu. Avropada allahdan sonra, Marks da “öldü”.
Cared Daymond var; Amerika alimi. Darvin vaxtilə adaları gəzib heyvanların necə təkamül etdiyini öyrəndiyi kimi, Daymond da dünyanı dolaşıb xalqların, tayfaların təkamülünü araşdırıb. Millətlərin passionarlığında, Qumilyov dediyi kimi, genetik, etnik amillərlə yanaşı, həm də iqtisadi, siyasi amillərin rolunu öyrənib. “Millətlərin çöküşü” adlı yekə bir kitab yazıb. Qeyd edim ki, iqtisadiyyatın millətin həyatında, tarixində oynadığı rolu öyrənmək istəyənlər üçün zəngin bilgilərin mənbəyidir.
Kitabın ruhu ondan ibarətdir ki, bilgiyə əsaslanan zənginlik, zənginlik yaratdığı kimi, bilgisizliyə söykənən yoxsulluq da yoxsulluq yaradır. Yəni iqtisadiyyatda “manqalmərkəzli qafa”dan fərqli olaraq, oddan kül törəmir, od törəyir, amma bir şərtlə!
Herontoloqlara görə, bu gün eyni millətdən olan Şimali Koreyada orta ömür həddi 38 il olmasına baxmayaraq, Cənubi Koreyada bu hədd 90 ildir. Bu ədədlər hər iki ölkədə zənginliyin və yoxsulluğun arasındakı fərqin göstəricisidir, eyni zamanda bilginin fərqidir. Şimal Koreyada bütün ənənəvi kommunist sistemlərdə olduğu kimi insanlar sistemin zənginləşməsi üçün işləyir və sistem zənginləşdikcə özləri yoxsullaşırlar. Bizim marksist atalarımız da vaxtilə sovet sistemində bu cür yaşayırdılar. Sovet imperiyası dünyanı, kosmosu fəth etdikcə, sovet insanları daha çox pinəçilərə ehtiyac duyurdular.
Cənubi koreyalının isə sistemi zənginləşdirmək deyə ənənəvi bir dərdi yoxdur, o, özünü zənginləşdirdikcə sistemə ödədiyi vergilərlə, onsuz da, onu zənginləşdirdiyini bilir. Ona görə də iki koreyalı qardaşın şimalda qalanı durmadan əlləşib-vuruşub özünü yoxsullaşdırır, o biri cənubda qalan tayı isə bəlkə də daha az işləməklə durmadan özünü, eyni zamanda bəxtinə düşən ölkəsini zənginləşdirir.
Buradan belə bir nəticəyə gəlirik ki, zənginlik və yoxsulluq milli, irsi, sinfi göstəricilərə bağlı deyil. Ölkədə qurulan ənənəvi sistem Rusiya kimi zəngin sərvətlərə sahib ölkədə insanları “bomj”a çevirir, amma Almaniya kimi dəmirdən və kömürdən başqa bir sərvəti olmayan bilgili ölkədə hər kəsi pulunu xərcləməyə yer axtarmağa məcbur edir.
Biz də hələlik ölkənin təbii sərvətləri ilə öyünürük, onun intellektual sərvətlərini isə inkişaf etmiş ölkələrin təhsil proqramları daşıyıb aparır. Əgər bu 44 günlük müharibədə idxal zəkanı milli ruhla birləşdirə bilməsəydik, ikiqat, üçqat çox qan tökəcəkdik. Xatırladım ki, islam dünyası Talas döyüşündə əsir alınmış çinlilərdən öyrəndiyi icadlar sayəsində parladı.
Bu texniki icadlar olmasaydı, islam lokal bir inanc olaraq özünə qapanıb qalacaqdı. Amma çin icadları, haradasa, iki əsrdən sonra Əndəlüsdə avropalıların əlinə keçdi, onlar bunun sayəsində islamı da üstələdilər. Məsələn, X əsrdə ərəblər vasitəsilə Çin kağızına sahib olan avropalılar XV əsrdə çap dəzgahını yaratdılar.
Beləliklə, dünyada güc mərkəzi yerini dəyişdi.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10