Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölüm-qalım mübarizəsi aparan alimin xanımı: “Anlamıram, necə ola bilər ki...”


Dilavər Əzimli reanimasiyaya yerləşdirilib, vəziyyəti kritikdir, Prezidentə müraciət olundu
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli koronavirusa yoluxub və Fövqaladə Hallar Nazirliyinin (FHN) modul tipli hospitalına yerləşdirilib. Bu barədə alimin həyat yoldaşı Arzu Əzimli məlumat verib.
 
“Dilavər bir müddət əvvəl xəstənləndi, özündə koronavirusun əlamətlərini hiss edib analiz verdi və COVID-19-a yoluxduğu məlum oldu. Bizə məsləhət gördülər ki, onu modul tipli xəstəxanaların birinə yerləşdirək ki, həkim nəzarətində olsun. Biz də birbaşa peşəkar müalicə üçün onu Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirdik. Xəxtəxanaya yerləşdirəndə bizə qanında oksigen dərəcəsinin normal olduğunu dedilər və palataya yerləşdirəndə də vaxtında, gecikdirmədən gəldiyimizi söylədilər. Amma xəstəxanada vəziyyəti pisləşməyə başladı”, - xanım bildirib.
 
Yanvarın 3-ü gecə həyat yoldaşına zəng gəlib ki, D.Əzimlinin vəziyyəti ağırlaşıb: “Dedilər ki, oksigen aparatına qoşublar və artıq telefonla mənimlə danışa bilməyəcək. Yəni, nə lazımdırsa, həkimdən soruşmalıyam. Həmin gün günortadan sonra bildik ki, onu artıq reanimasiyaya köçürüblər. Reanimasiyada bir az yaxşılaşsa da, yenə pisləşmişdi. Dünəndən etibarən isə vəziyyəti daha da ağırlaşıb, süni nəfəs aparatına qoşublar”.
 
“Mən bir şeyi başa düşmürəm ki, həkimin nəzarəti altında xəstəxanaya yerləşdirildiyi halda, vəziyyəti qəfildən niyə pisləşib? Əgər, onu vaxtı-vaxtında müalicə ediblərsə, vəziyyəti niyə ağırlaşmalıdır? Üstəlik, onun şəkər və digər ağır xəstəlikləri də yox idi. Ona görə də daha çox daimi nəzarət olmamasından narahatam”, - deyə A. Əzimli vurğulayıb.
 
AYNA alimin vəziyyəti ilə yaxından maraqlanmaq və məsələni araşdırmaq üçün müvafiq şəxslər və qurumlarla da əlaqə saxlayıb.
 
FHN-dən bildiriblər ki, xəstə diqqətsiz qala bilməz: “Həmin hospitalda vəziyyət yaxşıdır. Xəstələri diqqətdə saxlayır və hər cür müayinə və müalicə edirlər. Ona görə də narahat olmağa ehtiyac yoxdur”.
 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevə D.Əzimlinin həyat yoldaşı ilə əlaqə saxladığını deyib: “Vəziyyəti haqqında məlumatım var. Həyat yoldaşı ilə də əlaqə saxlamışam. Tapşırıq da vermişəm, xahiş də etmişəm ki, məsələ ilə xüsusi məşğul olsunlar”.
 
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da alimin vəziyyətini diqqətdə saxlayacağını qeyd edib: “Dilavər bəy tanınmış ziyalımızdır. Xəstəxanın baş həkiminə də tapşıracam ki, onu xüsusi diqqətdə saxlasınlar. Narahat olmayın”.
 
Bu arada, bir qrup tanınmış şəxs D.Əzimlinin vəziyyəti ilə bağlı dövlət başçısına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
 
“Hörmətli cənab Prezident!
 
Pandemiya şəraitində insanlarımızın sağlıq durumu və səhhəti ilə bağlı çox ciddi problemlər yaşanır. Bilirik ki, bu xəstəlik bütün dünyanı bürüyüb, Azərbaycandan da yan keçməyib və təəssüf ki, bir çox insanlarımız bu amansız xəstəlikdən dünyadan köçür.
 
Hörmətli cənab Prezident!
 
Azərbaycan Respublikasının müstəqillik qazanması uğrunda Xalq Hərəkatının fəallarından olan, Azərbaycanın milli ruhunu və milli tarixini araşdıran, elmimizin inkişafında hər zaman ön sıralarda dayanan, I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli də dünyanın bəlasına çevrilən COVID-19 xəstəliyi ilə mübarizə aparır. Hal-hazırda o, Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında müalicə alır. Çox təəssüf hissi ilə qeyd edirik ki, vəziyyəti kəskin ağırlaşan Dilavər Əzimli artıq 04.01.2021-ci il tarixindən süni nəfəs aparatına qoşulub.
 
Hörmətli cənab Prezident!
 
Bu gün dövlətini, millətini sevən, minlərlə tələbənin sevimli müəllimi olan, hər zaman Azərbaycan ideologiyası ilə yaşayıb-yaradan ziyalımız Dilavər Mirzəkişi oğlu Əzimlinin həyatı üçün böyük təhlükə var və bu cür alimimizin itirilməsi Azərbaycanın tarixi, tarixinin araşdırılması üçün də ciddi problem yarada bilər.
 
Möhtərəm cənab Prezident!
 
Xahiş edirik, Azərbaycanın tarixçi alimi Dilavər Əzimlinin səhhətinin normala qayıtması və COVID-19 xəstəliyindən müalicə olunması üçün səlahiyyətli dövlət qurumlarına müvafiq göstəriş verəsiniz.
 
Hörmətlə
 
İqbal Ağazadə
Ümid Partiyasının sədri;
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili;
Pənah Hüseyn
Xalq Partiyasının sədri;
Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri;
Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, millət vəkili;
Zahir Əlisoy
Bütöv Azərbaycan Ocaqlarının başqanı;
Paşa Həsənli
Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının sədri;
Qələndər Muxtarlı
Millətçi Demokrat Partiyasının sədri;
Zaur Qəriboğlu
Jurnalist;
Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti;
Tural Abbaslı
Ağ Partiyanın sədri;
Əvəz Zeynallı
Jurnalist;
Qafar Çaxmaxlı
Jurnalist, Ərciyəz Universitetinin professoru;
Əli Mustafa
Demoratik Dəyişim Platformasının sədri;
Qulamhüseyn Əlibəyli
Aydınlar Partiyasının sədri;
Qorxmaz İbrahimli
Aydınlar Partiyası sədrinin müavini;
Azər Rəşidoğlu
Politoloq,  jurnalist”.

Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10