Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycana gətirilən Çin vaksini bu ölkənin özündə qadağan olunub?


Dekabrın 23-də hökumət mənbələrinə istinadən yayılan məlumata görə, Azərbaycan Türkiyədən 4 milyon ədəd Çin istehsalı olan koronavirus vaksini almağa qərar verib, qarşılığında Türkiyənin “Keymen İlaç” şikrətinə 80 milyon manat vəsait ödəniləcək və pulun bir hissəsi artıq şirkətin hesabına köçürülüb.
Bir necə gündən sonra bəzi xarici media vasitələri iddia etməyə başladılar ki, Çin vaksininin tətbiqi bu ölkənin özündə qadağan olunub. Məlumatlarda rəsmi mənbələrə də istinad verilir. Məsələn, rusdilli Opennewsportal.com saytı yanvarın 3-də yazır: “Çinin İstanbuldakı baş konsulu Tsuy Vey Türkiyənin ÇXR-dan gətirdiyi vaksinin Çində geniş tətbiq üçün qadağan olunduğunu bildrib. A Haber agentliyinə müsahibəsində diplomat deyib ki, vaksin hələ üçüncü test mərhələsindədir: “Üçüncü test mərhələsində vaksinə qanunla icazə verilmir. Çində də ondan istifadə olunmur. Belə vaksindən istifadəyə yalnız fövqəladə hallarda çox məhdud ərazilərdə icazə verilir”.
Bu qəbildən olan məlumatlar Azərbaycanda sosial şəbəkələrə də yol tapıb və getdikcə daha geniş yayılaraq əhalidə narahatlıq yaradır, narazılığı artırır.
Çin diplomatının həqiqətən belə açıqlaması varmı?
Çinin İstanbuldakı Baş konsulluğu artıq məsələyə münasibət bildirib. Onun bəyanatında deyilir: “Baş konsulumuz heç bir zaman vaksinin Çində yasaq olduğunu söyləməyib”. Bəyanatda bu ifadələr yer alıb: 1) “xəbər daha bir yalandır”; 2) “gerçəkdə iyul ayından vaksinin təcili hallarda istifadəsinə, dekabr ayından isə müxtəlif əyalətlərdə geniş tətbiqinə başlanılıb”.
Bəs feyk necə yaranıb, Baş konsul A Haber-ə nə deyib?
Başlıca təhrif ondan ibarətdir ki, nə dekabrda, nə yanvarın ilk günlərində Çin konsulunun A Haber-ə müsahibəsi olmayıb. Əslində söhbət Tsuy Veyin hələ ötən ilin noyabr ayının 27-də televiziya kanalının xəbər aparıcısı Banu Elə verdiyi açıqlamadan gedir. Aparıcı soruşub: “Üçüncü faza testlər çərçivəsində Çində çox ciddi bir kütlənin vaksinasiyaya məruz qoyulduğu barədə xəbər zaman-zaman mediada yer alır. Bu haqda məlumatınızla bölüşə bilərsinizmi?” Potensial COVİD-19 vaksininin Çində istifadəsinə hələlik təcili hallarda, risk altında olan məhdud professional dairələrdə icazə verildiyini deyən Vey isə üçüncü faza sınaqlarının nəticələrinin artıq dekabrda açıqlanacağını söyləyib. O, həmçinin bildirib ki, yoxlamalar çərçivəsində vaksinin hər hansı ciddi yan təsiri aşkar edilməyib.
Təhlükəli feykə Türkiyə rəsmiləri nə cavab verir?
İlk reaksiya Türkiyənin Sağlıq Bakanlığından (Səhiyyə nazirliyi) gəlib. Bakanlığın nümayəndəsi bildirib ki, “Vaksinin Çində 300 min əhalisi olan bir yaşayış məntəqəsində tamamən sınandığını və ölkə səviyyəsində bir milyondan çox dozanın artıq insanlara vurulduğunu bilirik”. Bununla belə Çindən gətirilmiş Kovid-19 vaksini Türkiyədə əlavə yoxlamadan keçiriləcək. Vaksin nümunələri Türkiye İlaç ve Tıbbi Cihaz Kurumunun (TİTCK) laboratoriyalarında ən azı 2 həftə araşdırılacaq və yalnız uyğun hesab edildikdən sonra onlardan istifadəyə başlanılacaq.
Vaksinin üçüncü faza sınaqları başa çatdırılıbmı?
Son qərar dekabr ayının axırlarında çıxarılıb. Çin Xalq Respublikasının ərzaq məhsulları və dərman preparatlarına nəzarət üzrə Dövlət Komitəsi COVİD-19-a qarşı sözügedən vaksinin geniş istifadəsinə rəsmən icazə verib. Komitə bildirib ki, sınaqlar vaksinin “tam təhlükəsiz olduğunu”, səmərəliliyinin 79,34% təşkil etdiyini və ÜST-nın bütün texniki standartlarına uyğun gəldiyini təsdiqləyib, ciddi yan təsir üzə çıxarılmayıb. Çin vaksini artıq Birləşmiş Ərəb Əmirliklərində də tətbiq edilir, İndoneziyaya bir milyondan çox, Braziliyaya da o qədər doza çatdırılıb, 50 milyon dozaya Türkiyədən, 35 milyon dozaya Meksikadan sifariş alınıb.
XƏBƏRDARLIQ
KOVİD-19-a qarşı vaksinə dair yalan xəbərlərin çoxluğunu, müxtəlif istehsalçı ölkələr və firmalar arasında dərin rəqabət şəraitində ən hiyləgər və təhlükəli formalar aldığını nəzərdən qaçırmayın, vaksinə dair səhiyyə orqanları tərəfindən təsdiqlənməmiş məlumatlara ehtiyatla yanaşın və onları yoxlamadan yaymaqdan çəkinin.
 
PRESS KLUB





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10