Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xüsusi təyinatlı şəhid: 15 metrdən bıçaqla düşməni məhv edirmiş - FOTOLAR


Rəhim Yaqubov: “Uşaq yaşlarından bıçaq atmağı məşq edəndə deyirdi ki, bu, gələcəkdə ona lazım olacaq”
 
Sentyabrın 27-də işğalçı Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı Vətən müharibəsi ilə nəticələndi və Azərbaycan Ordusunun göstərdiyi şücaət, qəhrəmanlıq İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycanın xeyrinə həll etdi. 44 gün davam edən döyüşlərdə Ordumuz yüzlərlə kənd, strateji əhəmiyyətli yüksəkliklər və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini işğaldan azad etdi. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında, Ermənistanın məğlubiyyəti ilə nəticələnən üçtərəfli bəyanat imzalandı. Həmçinin, bəyanatda Azərbaycanın itkisiz və zərərsiz şəkildə Kəlbəcər, Ağdam və Laçın rayonlarını da geri alması təsdiqləndi.
 
Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində böyük qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini İNSAN - qəhrəman əsgərlər, zabitlər və könüllü döyüşənlər həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidilik mərtəbəsinə yüksələn qəhrəmanlardır.
 
Bu qələbədə pay sahibi olanlardan biri də, 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olan şəhid Mayis Yaqubovdur. Şəhidin atası Rəhim Yaqubovun sözlərinə görə, oğlunun uşaqlıqdan idmana və hərbiyə həvəsi olub: “Mais ibtidai və orta təhsilini 2 saylı Daş Salahlı kənd orta məktəbində alıb. 9-cı sinifdə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Mayis hələ kiçik yaşlarından hərbçi olmaq isəyirdi. Ona görə də həmişə vətənpərvərliklə bağlı şeirlər əzbərləyir, özünə oyuncaq silahlar düzəldirdi. Hətta, hərbi liseydən məzun olduqdan sonra ona liseydə qalıb müəllim işləmək təklif olunsa da, o, ya general, ya da şəhid olacağını deyərək bu təklifdən imtina etmişdi”.
 
“Oğlum Naxçıvanskidə oxuyanda onunla tez-tez görüşürdüm. Hər dəfə görüşünə gedəndə kursant yoldaşları başıma yığışırdı. O qədər mehriban, qayğıkeş idilər. Kursant olduğu dövrdə müxtəlif fəxri fərmanlarla təltif edilib. 4-cü kursda oxuyanda isə Azərbaycanın müstəqil olmasının 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib”, - deyir şəhidin atası.
 
Mayisin şəhid olması ilə bağlı ailəsinə onun döyüş yoldaşları xəbər veriblər: “Xəbəri eşidəndən sonra gah Müdafiə Nazirliyi, gah da Hərbi Komissarlıqla əlaqə saxladım ki, rəsmi məlumat ala bilim. Amma dedilər ki, elə bir hadisə baş verməyib. Çarəsiz qalıb Füzuli və Beyləqana getdim. Beyləqanda yerləşən hərbi hospitala baş çəkdim ki, oğlumdan bir xəbər alım. Hosbitalın qarşısında oğlumun tələbə yoldaşı ilə rastlaşdım. O, mənə Mayisin şəhid olduğunu dedi və məni qucaqlayıb, ağlamağa başladı. Oğlumun ölümünə nə qədər yansaq da, belə oğlum olduğu üçün fəxr edirəm. Təsəllimiz odur ki, onun döyüşdüyü, şəhid olduğu, qanının axdığı yerlərə mütləq gədəcəyik”.
 
Rəhim Yaqubov qeyd edir ki, oğlu döyüşlərdə odlu silahdan daha çox, soyuq silahlardan istifadə edib: “Mayis xüsusi təyinatlı kəşfiyyatçı idi. Müharibənin ilk günlərindən döyüşlərə yollandı. Hadrutun, Füzulinin və Xocavəndin kəndlərinin işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib, düşmən mövqelərinin darmadağın edilməsində böyük rolu olub. Hətta, düşməni 10-15 metr məsafədən sərrast bıçaq zərbələri ilə məhv edə bilirdi. O qədər dəqiq olurdu ki, hədəfini əsla qaçırmırdı. Uşaq yaşlarından bıçaq atmağı məşq edəndə deyirdi ki, gələcəkdə bıçaq atmaq ona lazım olacaq. Yəni, hədəfini artıq uşaqlıqdan seçmişdi”.
 
“Baxdığı müharibə filmlərində də özünü qəhrəman obrazlarının yerində görür və onlar kimi qəhrəman olmaq istədiyini deyirdi. Nəhayət, oktyabrın 17-də Xocavənd rayonunun Tuğ kəndinin alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 22-də doğulduğu Qazax rayonu Daş Salahlı kəndinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra isə “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Allah Mayisin timsalında bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin”, - deyə şəhid atası fikrini yekunlaşdırır.

Fotoları təqdim edirik
  
ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10