Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Keçmiş arvadlarını İnstagramda izləyən Əziz – Nərmin Kamaldan yeni hekayə


Nərmin Kamalın “Şərqin Parisi” hekayəsini təqdim edirik.
I
Əziz adlı bir kişi öz ata-baba yurdunda hamama girib qapını arxadan bağladı. Az sonra qapını azca araladı, əlini bayıra çıxarıb balaca qırmızı qapaqlı qabı anasına uzatdı. Həyalı bir adam kimi qaba hamamın yumşaq kağızından büküb-bürüyüb içindəki mayeni gizlədi. Onun sehrli mayesini evdən Sabunçu “balnisası”na şalını çiyninə salıb çəkməsini geyib hazır durmuş anası aparacaqdı.
Arvad qabı alan kimi həyətdən çıxıb var gücüylə qaçmağa başladı. Qabı gah bu, gah o qoltuğuna dürtdü, gah üzərinə odlu nəfəsini ələdi, nəhayətində qaba lap isti yer tapdı, onu qaranlıq su quyusu üstündə iki köhnə vedrə kimi sallanan döşlərinin altına dürtüb küləyin dillərindən qorudu. Pəncərələrində rəngbərəng yastıqlar, yorğanlar havalanan köhnə evləri, kalafaları ötdü, tozlu şam ağaclarının arasıyla yüyürə-yüyürə Sabunçu bazarına çıxdı.
Bazara girəndə ən birinci balıq dükanlarıdır, sonra onun işlədiyi şirniyyat evini görmək olar, - “Şərqin Parisi” şirniyyat evində Əzizin anası savab bir iş görür, buralarda ömür sürən adamlara böyüməyə, yaşlanmağa kömək edərək ad günü tortları bişirir. Şirniyyatçı qızlar onu şüşədən gördülər, amma arvad elə qaçırdı, deyərdin bir dəqiqə də vaxtı yoxdur. Gəlib “balnisa”ya çatanda dayanacaqlarda minik gözləyən kişilər, qadınlar hələ də gözləyirdilər.
***
İçəri limana yaxınlaşan sərnişin gəmisinin içi kimi adamla dolu idi. İlıq analiz qabını qəbul masasına qoyub təngnəfəs dedi:
“Spermadı, analizə gətirmişəm.”
Təvazökar maye qabın dibində adicə yumurta ağını andıraraq durdu. Ona həkimlər bu qabı nə cür, soyumamış, bədən hərarətində gətirməyi tapşırmışdılarsa, elə də çatdırıb gətirmişdi. Qəbul məntəqəsində əyləşən qız qaba gözünün ucuyla da baxmadı:
- Ad familiyası qabın üzərində var?
- Var.
- Yaşı.
- Qırx.
Qız dəftərinə nə isə yazıb masanın ucundakı boş qırmızı sinini göstərdi:
- Ora qoyun, indi yuxarı apararam.
Arvad qabı hamam kağızlarından soyundurub qırmızı sininin ortasına qoydu. Qaba toxunan hava ona siyrilmiş dirsəyinə toxunan hava kimi gəldi. Qapılar açılır, örtülür, adamlar girib çıxırdılar. Mavi pərdə havalanıb görünməz bir bədənin üzərinə sərilmiş kimi durmuşdu. Dəhlizin ortasıyla bir qarı tısbağa tək keçirdi. Arvad qarını gözdən itincə izləyib yenə qırmızı siniyə baxdı. Onun qabı hələ ordaydı, çölə atılmış çağa kimi istiliyini dalğa-dalğa itirməkdəydi.
İndi qəbul məntəqəsində oturan qıza nə isə elə bir söz demək lazım idi ki, qız başqa işlərini qoyub Əzizin qabına qayğı göstərsin, bu qabı yuxarı aparsın. Başa düşsün ki, bu qab adi qab deyil. Bu qabın içindəkinə görə bir kişinin həyatı məhv olub. Birinci arvadı onu atıb gedib, yeni həyat qurub özünə. İndi də dünən bu vaxtlar idi, ikinci arvadı şeylərini yığıb-yığışdırıb getdi. Əziz ayrılığı ikinci dəfə daddı. Qız anlamalıydı ki, bu dad necə acıdır. Bu acıya ancaq bir şey kömək edə bilərdi ki, ana da onu etdi, yenə Əziz üçün xaş-xaş aldı dünən...
- Yuxarıya havax aparacaqsız?
- İndi apararam.
- Yuxarıya özüm də apara bilərəm, hası otağa aparım? Həkim diyib isti-isti gətir.
- Həkimlər həmişə elə deyirlər. Soyusa da olar, onsuz da termostata qoyulacaq, - qəbul məntəqəsində oturan qız saçlarını geri atdı. – İndi apararıq. Narahat olmayın. Gedə bilərsiz.
Əzizin anası getmədi. Bir az gəzişdi, özünü növbə gözləyən xəstələrin, xəstə yaxınlarının arasında gizlədi. Uşağını ilk dəfə bağçaya qoyan, pəncərələrdən balaca balasını güdən bir ana kimi öz kiçik qabına göz qoydu. Bu idi Əzizin baiskarı. Bu sehrini itirmiş maye! Əgər onun içərisini insan gözüylə görmək mümkün olsaydı, ana onu heç bura gətirməzdi, özü hər il evlərinin bacasını açıb içini tutmuş hisi-dudanı təmizlədiyi kimi təmizlərdi onu da. Özü, necə ki, həmişə kişi işini də, qadın işini də görmüşdü, onu da elə düzəldərdi, birləşdirərdi qopan yerlərini, düzəldərdi xarab olan yerlərini.
II
Həmin vaxt Əziz buğlana-buğlana divanda uzanıb ayaqlarını divara dayamış, birinci arvadı Samirənin Instagram səhifəsində gəzib dolaşırdı. Samirə yenə səxavətlə özünün, uşaqlarının və ərinin təzə şəkillərini nümayişə qoyub. Birini seçib böyütdü, hədəfi Samirənin boğazına gətirib daha da irilətdi, bir qırış tapıb rahatladı: “Onsuz da qocalır”
Xatirələr gözünün qabağında bulud karvanı kimi asta-asta süzməyə başladı. Bir dəfə, onlar evlənməzdən əvvəl, ilk dəfə öpüşməzdən əvvəl... Əziz bir neçə dəfə başını buladı.
“Elə başlayan məhəbbət necə belə bitdi?!” – havada onun üzərində yüngülcə dolaşan tənbəki tüstüsü nazilə-nazilə divardakı fırtınaya düşmüş yelkənli gəmi rəsminə tərəf qalxırdı. – “Anam düz deyir, mənim uşağım olsaydı, Samirə atmazdı məni, necə olsa qalardı. Yeddi il yaşadıq, nəinki uşağımız, bir dənə kal düşən dölümüz də olmadı. Məndən bir il sonra tapdı onu...” İndi Samirənin uşaqları şəkillərdən Əzizə diş ağardır, elə bil deyirdilər: “Yaxşı ki, anam səni atdı, yoxsa biz dünyaya gəlməzdik!’
Bu uşaqların heç biri Əzizə bənzəmir. Niyə bənzəməlidir? Onlar öz atalarına bənzəyir. Onlar Əzizin nəyidir? Ögey oğluyla ögey qızı? Yox. Ona heç ögey ata da demək olmaz. Onların arasındakı bağın Əzizin ana dilində adı yoxdur. Amma niyə Əziz onlara, Samirənin uşaqlarına belə maraqla, aludəliklə baxır, elə bil öz balalarının şəkillərinə baxır. Təkcə onları yox, onların bu şəkillərdə bərk-bərk qucduğu atalarına da məhəbbəti var elə bil. “Pis adama oxşamır,’ – Əziz onların axırıncı ailəvi şəklinə baxanda gülümsədi. Şəkildə onlar əl-ayaqlarını bir-birinə keçirmiş, başlarını bir-birinin qarnına salıb yatmış pişik balaları kimi sarmaşmışdılar. Onlar, hər gün baxdığı bu şəkillərdəki bu adamlar onun çox uzaq qohumudamı deyillər? Yox, heç çox uzaq qohumu da deyillər.
Elyanın səhifəsini açdı. Dünən şeylərini yığıb-yığışdırıb gedəndən sonra heç bir yenilik yoxdur. Açıq səhifələri bir-bir bağladı və əlində işığı közərən cihazın yaddaşından baxdığı səhifələrə dair bütün tarixi sildi.
III
Ana, Əzizin dadlı tortlar bişirən anası, sehrli mayenin yuxarıya, yoxlamaya aparılmasını o qədər gözlədi ki, o, elə səbrlə əlində çöp sobanın qarşısında durardı, asta-asta, öz halıyla bişməkdə olan tortların ortasına batırar, çöpün xəmirsiz, təmiz çıxacağı anı gözlərdi. Xəstəxananın girişində mənzərə dəyişmişdi, bayaq orada olanlar getmiş, təzə adamlar gəlmişdi. Gələnlər arasında iki gənc qadın vardı ki, hərəsi əlində onun qabı kimi qırmızı qapaqlı bir qab tutmuşdu. Bunlar öz ad günlərinə təmtəraqlı tort sifariş edən qadınlara bənzəyirdi. Qəbul masasında oturmuş qıza yanaşmazdan əvvəl bu iki gənc qadın əllərindəkini bir-birinə göstərib zarafatlaşdılar.
- Bunu kişindən almısan, ya öküzdən? – onlardan biri, çəhrayı paltarlı qadın yanındakı qızılı paltarlı qadının az qala ağzınadək dolu qabına baxdı. O birinin dodağı qaçdı.
Onlar öz qablarını başaşağı çevirib gözlərini mayeyə zillədilər. Qızılı paltarlı qadın dedi ki, çəhrayı paltarlı qadının sehrli mayesində irəli hərəkət sürəti yaxşıdır, uşaq əmələ gətirməyə bəs edər, üstəlik, o uşaq həyatda diribaş olar. Tısbağa kimi dəhlizləri gəzən qarı yenə peyda olub öz-özünə nə isə mızıldandı, elə bil, ayaqlarının açılması üçün dua edirdi. Amma yaxından qulaq verəndə onun nə dediyini eşitmək olurdu: “Siz ağlınızı itirmisiz, xanımlar, ağlınızı tamam itirmisiz. Neynirsiz uşağı? Məndə beşi vardı. Beşini böyütdüm. İndi hardadır onlar, eh, hardadırlar?! Hamısı torpağın altında.”
Qəbul məntəqəsində əyləşən qız bu iki gənc qadına da qablarını qırmızı qutuya qoyub getmələrini söylədi. Və onlar deyiləni etdilər. Öz qablarını qırmızı qutuya qoyan kimi geriyə də baxmadan çıxıb getdilər. Təkcə o, Ana gözlərini öz qırmızı qapaqlı qabına zilləyib oturmuşdu. O an qəbul məntəqəsində əyləşən qız artıq duyuq düşməli idi...
***
Səhəri gün Əziz iki kağız aldı. Bunlardan biri xəstəxanadandı, güman etmək olardı ki, dünənki yoxlamanın cavabıdır. O birisə polis idarəsindən gəlmişdi.
İkincini əvvəl açdı. Bir neçə darıxdırıcı cümlədən sonra ona xəbər verilirdi ki, anası dünən xəstəxananın qəbul şöbəsinin işçisi olan qıza saat bir radələrində hücum edib, qəbul məntəqəsinin şüşəsini sındıraraq onu yumruqlayıb. Şahidlərin dediyinə görə, yaşlı qadın qəbul şöbəsində əyləşən qıza hücum etməzdən əvvəl ona “xəmir”, “sənin sifətini xəmirə döndərəcəm” kimi sözlər deyib. Məktubun sonunda Əzizə anasının polis bölməsində olması haqda aydın məlumat verilirdi.
Ardınca Əziz birinci kağızı açdı. Bu, onun sehrli mayesinin qüdrəti haqda laboratoriyanın rəyi idi:
1 ml spermatazoidlərin sayı – Normal, İrəli hərəkətli - Normal, Eyakulyatın iyi, rəngi – Normal, Konsistensiya – Normal, Forma – Normal, Maya göbələyi – Neqativ, Kimyəvi tərkibi - Normal
Kağızı Elyanın və özünün axır iki ildə cürbəcür həkimlərdən yığdığı saysız kağızların yanına tulladı. Onların hamısı deyirdi ki, Elyanın və Əzizin bədənində yeni həyatın başlanması üçün hər bir şərait var. Bir cütlük kimi onların hər ikisi arzularına çata bilərlər və tibbə məlum olan heç bir maneə yoxdur. Kağızların ünvanına qəliz bir söyüş söydü. Mətbəxin divarındakı üçkünc rəsmdə oyma yazı aydınca oxunurdu: “Allah, ruzimizi sən özün yetir!”
Dünən Elya çıxıb gedəndən sonra anasının bişirdiyi xaş-xaşlı tortdan səliqəylə bir dilim kəsdi, bıçağı yaladı, fısıldayan çaydandan çay süzüb divanda oturdu və yenə Samirənin şəkillərini açdı.
Kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10