Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalinqradın bərpasında iştirakdan qaçıb Xankəndini erməniləşdirən memar – Erməni Şirinyanın faşistliyi


1943-cü ildə Stalinqrad uğrunda gedən döyüşlər sovet qoşunlarının uğurlu hərbi əməliyyatları ilə başa çatdıqdan sonra Mərkəzi Komitədə və SSRİ Xalq Komissarları Sovetində şəhərin bərpası ilə bağlı müşavirələr keçirilib.
Müşavirələrdə ən qısa müddətdə Stalinqradın bərpa edilməsi üçün qərarlar qəbul edilib, təxirəsalınmaz tədbirlər planı hazırlanıb. İosif Stalinin təsdiq etdiyi plana əsasən bəndlərdən birində SSRİ-nin tərkibində olan müttəfiq respublikalardan mütəxəssislərin, xüsusilə, inşaatçıların, memarların, mühəndislərin də şəhərin bərpasına cəlb edilməsi nəzərdə tutulub. Öz ciddiliyinə görə bu məsələ bir növ hərbi səfərbərlik xarakteri daşıyıb. Qeyd edək ki, mövcud dövrdə Stalinin adını daşıyan şəhərin yenidən qurulmasında könüllü iştirak etmək istəyənlərin sayı hədsiz dərəcədə çox olub. Amma bu işdən yayınanlar da tapılıb. Onlardan biri də memar Aram Şirinyan olub. 1944-cü ildə Şirinyanın Stalinqrada ezam olunması məsələsi ortaya çıxanda erməni memar adını siyahıdan çıxartdırmağı bacarıb.
 Arxitektor.jpg (81 KB)
Aram Şirinyan 1906-cı ildə Bakıda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil alıb. Bir müddət Bakı şəhər İcraiyyə Komitəsində memar vəzifəsində çalışan Şirinyan 1944-cü ildə Stalinqradın bərpası məsələsi ortaya çıxanda yayınmaq üçün Bakıdakı vəzifəsindən könüllü imtina edib və vəzifədə olan erməni havadarlarının köməyi ilə Xankəndidə yeni vəzifəyə təyinat alıb.
Aram Şirinyan 1944-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin tikinti və memarlıq idarəsinə rəis təyin edilib. Beləliklə, erməni “həmrəyliyi” bir əməliyyatla iki məqsədlərinə nail olublar. Birincisi, Şirinyanı Stalinqrada getməkdən xilas ediblər. İkincisi, Aram Şirinyanın Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərməsini zəruri sayaraq onu Xankəndi şəhərində vəzifəyə təyin etdirə biliblər.
Arxitektor_2.jpg (166 KB)
Ermənilər özləri dəfələrlə etiraf ediblər ki, Aram Şirinyan istənilən bir məkanı erməni cildinə salmaq gücündədir və o, bu sahədə əsl peşəkardır. Elə onun Dağlıq Qarabağa göndərilməsində əsas məqsəd də məhz bu olub. Şirinyan ona göstərilən etimadı doğrulda bilib.
Qeyd edək ki, Aram Şirinyan 1944-cü ildən 1974-cü ilə qədər 30 il müddətində tikinti və memarlıq idarəsinin rəisi, vilayətin baş memarı vəzifəsində işləyib. 1974-cü ildən ömrünün sonuna, 1988-ci ilə qədər isə vilayətin layihə-smeta bürosuna rəhbərlik edib.
Azərbaycanlılara qarşı həmişə qərəzli mövqe sərgiləyən Şirinyanın Dağlıq Qarabağda işlədiyi müddətdə yalnız bir missiyası olub - Xankəndi şəhərində və vilayətin digər rayonlarında arxitektura baxımından erməni izləri daha çox görünsün. O, Xankəndini erməni cildinə salmaq üçün bütün imkanlarından istifadə edib. Vilayətlə bağlı layihələri Bakıda təsdiqlənməyəndə Aram Şirinyan Moskvaya üz tutub, erməni havadarları ona istənilən məsələdə mümkün olan bütün köməklikləri göstəriblər.
Aram Şirinyan Dağlıq Qarabağda işlədiyi dövrdə Xankəndi şəhərində erməni “məşhur”ların abidələrini ucaltmağa nail olub. Stepan Şaumyanın, Boqdan Knuyantsın, Vardan Tonoyanın, Şuşada Nelson Stepanyanın abidələri məhz Şirinyanın layihələri əsasında ucalıb. Şirinyan abidələrin hazırlanmasına yalnız erməni heykəltaraşlarını cəlb edib.
Central_square_in_Stepanakert.jpg (80 KB)
Xankəndi şəhərinin baş meydan və dövlət tribunası kompleksinin müəllifi də məhz Aram Şirinyan olub.
Vilayətin layihə-smeta bürosuna rəhbərlik edəndə Aram Şirinyan Azərbaycan büdcəsindən ayrılan vəsaitləri öz arzusuna uyğun tənzimləyib. Məhz bütün layihələr bu büroda təsdiqlənib və layihəyə bu büroda nə qədər vəsaitin ayrılacağı müəyyənləşib. Vilayətdə fəaliyyət göstərən Azərbaycan məktəblərinin vəziyyəti acınacaqlı olduğu halda o, müxtəlif bəhanələrlə bu məktəblərə vəsait ayırmayıb, bunun əvəzində isə yeni erməni məktəbləri inşa edilib. Xankəndi şəhərində yeganə Azərbaycan məktəbi olan 4 nömrəli orta məktəbin binası tədris üçün yararsız olduğu bir halda, Şirinyan Azərbaycanın büdcəsindən bu Azərbaycan məktəbinə pul ayırmaq, yenisini tikmək, yaxud da əsaslı təmir etdirməkdən boyun qaçırıb. Amma bunun əvəzində Xankəndi şəhərində eyni vaxtda iki erməni məktəbi tikilib.
Digər sahələrdə də Şirinyanın erməni xisləti millətçilik fonunda özünü qabarıq biruzə verib. Azərbaycanlıların yaşadığı kəndlərdə tibb məntəqələrinin, klubların, mədəniyyət evlərinin, uşaq bağçalarının tikintisi arxa planda saxlanılıb. Amma ermənilərin yaşadığı hətta ən ucqar kəndlərdə belə yeni tikilən obyektlər ermənilərin istifadəsinə verilib.
a89e4cde28474f5f455c121d780c62f1.jpg (140 KB)
Xankəndinin azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsində infrastruktur baxımından vəziyyət son dərəcə bərbad olduğu halda Əsgərana rayon statusu verib Azərbaycanın büdcəsini ermənilərin rifahına yönəldilməsində də Aram Şirinyanın böyük rolu olub.
Aram Şirinyanın memarlıq “peşəkarlığında” salınan parklarda, yeni tikililərdə erməni milli ornamentlərindən istifadə əsas ana xətt olub. Küçələrin, prospektlərin layihələndirməsi zamanı Aram Şirinyan öz vəzifə səlahiyyətlərindən bir az da kənara çıxaraq “patriotluğu” ilə fərqlənib. O, yeni salınan küçə və prospektlərə erməni adlarının verilməsində olduqca çılğın təşəbbüskarlıq göstərib. “Ermənilərə məxsus şəhərinin küçələrinə yalnız ermənilərin adları verilməlidir” deyən millətçi memar tarixi saxtalaşdırmaq üçün bütün gücünü sərf edib.
68c5ccc445a459d39334a3adfea3c2b3.jpg (135 KB)
Göründüyü kimi, erməni saxtakarlığı bütün sahələri əhatə edib. Konkret Aram Şirinyanın simasında bu başqa bir faktla da təsdiqlənir. Şirinyanın həyat yoldaşı Bakl filarmoniyasının solisti olub. O, Şirinova soyadını daşıyıb. Əslində erməni memarın soyadı da Şirinov olub. Bu da heç kimə sirr deyil ki, bu millətin nümayəndələri Bakıda olanda “ov” olublar, ermənilərin çox olduqları yerdə “yan”a çevrilirlər.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10