Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. ABŞ-ın təşkil etdiyi müsabiqədə 81 ölkə içərisində 1-ci olan masalllılı musiqiçi (Video)




      Azərbaycan pianoçusu (Masallı, Çayqıraq) Mehdi Rzayev Los-Ancelesdə (ABŞ) keçirilən "Djooky Music Awards" beynəlxalq qlobal mükafat-müsabiqədə caz- blyuz janrında ən yaxşı musiqiçi seçilib. 

 Müəllif musiqisi müsabiqəsi onlayn keçirilib və qaliblər sosial şəbəkə istifadəçilərinin səsverməsi və münsiflər heyətinin qərarı ilə müəyyənləşdirilib. Mehdi Rzayev bu müsabiqəyə "My Beat" kompozisiyasını təqdim edib. Xatırladaq ki, hər ifaçı bu müsabiqəyə öz bəstəsini və öz ifasında təqdim ilə qatıla bilərdi.

22 yaşlı Mehdi (Ləqəbi Karan) Rzayev Masallı rayonunun Çayqıraq kəndində anadan olub. Əvvəl 7 illik Masallı İncəsənət məktəbini, daha sonra Lənkəran Dövlət Humanitar Kollecinin Musiqi fakültəsinin   fortepiano şöbəsinin bitirib. Mehdinin atası Səməd Rzayev də rayonun tanınmış el sənətkarlarındandır. Mehdi ailədə 3 bacıdan sonra dünyaya gələn yeganə oğul payıdır.

                                                                            İlk addın, ilk uğur


Qeyd edək ki, bu gənc pianoçu Mehdinin beynəlxalq müsabiqədə ilk iştirakıdır. 

        Müsabiqədə 80-dən çox ölkənin nümayəndəsi iştirak etmişdir. Azərbaycandan bu yarışmaya 12 nəfər qoşulub. Rusiya 30, Qazaxıstan 15, ümumilikdə 1000-ə yaxın müsabiqə  iştirakçısı olub. Müsabiqə 10 nominasiya üzrə keçirilib. Hər nominasiya üzrə 500-1000 iddialı olub.

 Münsiflər heyəti Brian Malouf, Justin Gray, Patrice Rushen (ABŞ), Sacha Skarbek (Böyük Britaniya), Bukola Sawyerr Izeogu (Nigeriya), Rolande Kammogne (Kamerun) və müxtəlif ölkələrdən dünya miqyaslı tanınmış musiqiçi, prodyuser və ifaçilərdən ibarət idi.    

Təşkilatçıların hədəfləri  


  "Djooky Music Awards" ın təşkilatçıları qeyd edirlər ki: "Biz musiqi dünyasını dəyişmək istedadı, yaradıcılığı və istəyi olan bütün insanların öz musiqilərini dəstəkləmək, yaratmaq və tanıtmaq üçün bərabər imkanlardan istifadə edəcək bir dünya görkəmini paylaşırıq:  Istedadın sərhəd bilmədiyi və hər bir melomanın birbaşa növbəti böyük xitin yaradılmasında iştirak etmək üçün dəvət olunduğu aləmin görkəmini. 

        Bizim missiyamız, dünyanın hər güşəsindən yaradıcı istedadlarına, insanların şəbəkə gücündən istifadə edərək, yeni musiqi dünyasının aşkarlanması, yaradılması və təbliq edilməsi imkanlarını yaratmaqla musiqi sənayesini demokratikləşdirməkdən ibarətdir ”

Biz bu barədə ilk məlumatı ölkənin tanınmış saytlarından olan trend.az yayıb. Həmin məlumatı isə bizə həmyerlimiz, ölkəmizin tanınmış bağbanı, daha doğrusu bağbanlar bağbanı KarolRauf yolladı.


 Müsabiqə qalibinin ürək sözləri


Xəbərin izi ilə öncə Mehdinin atası Səməd kişini, daha sonra isə Mehdinin özünü tapdıq.

Bəlli oldu ki, Mehdi hazırda Bakıda yaşayır. DJ ilə məşğuldur, yəni çörəyini musiqidən çıxarır. Onun dedikləri:

Məni axtarıb tapdığınız üçün çox sağ olun. Çox sevincliyəm. Bu vaxta qədər 10-a yaxın bəstələrim olsa da, belə uğur qazanacağımı gözləmirdim. Müsabiqə çox gərgin idi. Dünayanın 80-dən artıq ölkəsindən 1000-ə yaxın istedadlı gəncinin içərisində seçilmək, qalib olmaq mənə möcüzə kimi gəlir. Həm də daha çox ruhlanmışam. Daha bir neçə beynəlxalq müsabiqəyə bəstələrimi yollamağa, klipi tərtib etməyə hazırlaşıram. Buradakı çıxışımdan istifadə edib bu sənətin incəliklərin mənə öyrədən müəllimlərim  Eldar Ağayevə, Zəminə Hüseynovaya, Ruhəngiz Həsənovaya, Minarə Qurbanovaya,   Fikrət Kərimliyə, bölgəmizin peşəkar xanım bəstəkarı Zəminə Tariyelqızınına, xüsusən   mənə həmişə dəstək olan Firizə Abuşovaya sonsuz minnətdarlığımı bildirirəm. Siz də istrdadlara dəyər verdiyiniz üçün sağ olun. Bu günlərdə cenub.az saytında Səma adlı bir gənc xanımın esseləri də çox xoşuma gəldi. Bir daha hamıya təşəkkürlər.


Hazırladı: Zahir Əmənov, cenub.az. (İstinad vacibdir)







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10