Bu gün məşhur şair Məmməd Aslanın doğum günüdür. Bu münasibətlə şair haqqında maraqlı faktları təqdim edirik.
Məmməd Aslan Azərbaycan xalq dilini ən yaxşı bilən beş-üç şairdən biri hesab olunurdu.
***
***
Qardaşları kimi ölməsin deyə ona qurban deyib basdırıblar. Öz qəbrimi görmüşəm deyir Məmməd Aslan: “Molla atama deyib, uşaq doğulanda bir nal götür, qayanın birinə çırp, harda batdısa orda qalsın, gəlib-keçəndə şükranınızı bildirin, dua oxuyun, oğlunuzu qoruyacaq. Sonra deyib, gedin Bərdədəki İmamzadədə yüyrük asın, uşağı ora tapşırın. Üçüncü məsləhəti isə belə olub ki, üçgünlük olanda tərəzinin bir gözünə uşağı, o biri gözünə bir quzu qoyun, quzunu kəsib bir qəbirdə basdırın, uşağın bəlalarını aparacaq!”
***
İki dəfə ailə həyatı qurub. Hər ikisindən ayrılıb. Öz şəxsi həyatını gündəmə gətirməyi sevməzmiş. Bu haqda yalnız bunları söyləyib:
“Boşanmağımla bağlı kimsəyə heç nə deməmişəm. Ən yaxın qohumlara da.”
***
Xanımlarla yola getməməsi haqda maraqlı bir əhvalatı da var. Deyir, AzTV-də onun haqqında film çəkmək istəyirlərmiş. Sədr Nizami Xudiyev bir xanım rejissoru məsləhət görür. Məmməd Aslanın cavabı hamını güldürür:
- Məndən film çəkmək işini boynuna götürdüyü üçün bu xanıma minnətdaram, amma bilsin ki, mən qadınlarla yola getsəydim, arvadım olardı.
***
Amma sevdiyi qadınları, necə deyərlər, dəlicəsinə sevib. Özü də bunu təsdiq edib:
“Sevəndə dəlicəsinə sevmişəm”.
Sonra isə təəssüflə əlavə edib:
“Amma indi Allahdan başqa sevdiyim yoxdur”.
***
Sağ gözü 10 faiz görürmüş. Əməliyyat olunub. Dediyinə görə, onu italyan həkim kor eləyibmiş:
“Məni aldatdılar. Çox təriflədilər həkimi. Əməliyyat 15 dəqiqə çəkəcək dedi, 2 saat sürdü...”
***
“Avropa” qəzetindəki müsahibəsində el şairi Sücaət onun haqqında qəribə bir faktı dilə gətirmişdi: gözlərini əməliyyat edən həkimi Məmməd Aslan tanıyırmış, onu öyrədibmiş ki, Sücaəti kor elə. Buna görə, Sücaət ondan küsülü ölüb. Halbuki xalauşağı idilər.
***
Heç vaxt kitablarını satışa vermirmiş. Həmişə dostlarına paylayırmış. Yalnız kitab qədri bilən dostlarına...
***
Ağac mövzusunda 500 səhifəlik kitab yazıb. Adı da “Adəmdən günümüzə ağac”.
***
Səpib göyərdərəm sözü, kəlməni
Ayrı sənətim yox, ayrı işim yox
Tanıtsa bir misram tanıdar məni
Ayrı sənədim yox, arayışım yox
Bu şeir üç bənddir. Məmməd Aslan bu şeiri 3 ilə yazıb. Uyğun qafiyə tapa bilmirmiş.
***
İçkini heç vaxt yüz qramdan artıq içməyib. Şəkər xəstəliyini tapanda 100 qramı 30 qram eləyib. Deyirmiş, içki daxili orqanları hərəkətə gətirir.
***
Ən çox oxuduğu iki şair olub. Heç vaxt əlindən düşməzmiş. Aşıq Ələsgər və Füzuli. Özü bu haqda deyirmiş:
“Möminlərin bir qibləsi var, şairlərin iki: Füzuli və Aşıq Ələsgər.”
***
Ən böyük arzusu Kəlbəcəri görmək imiş. Deyirmiş, heç olmasa ölümümdən azca əvvəl bir anlığa Murovun başından Kəlbəcərə baxım.
kulis.az