Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qızını aktrisa olmağa qoymadı, içkiyə görə qardaşından küsülü qaldı, hamını öz yasına dəvət etdi – Vaqif Səmədoğludan maraqlı faktlar


Xalq şairi Vaqif Səmədoğlu haqqında maraqlı faktları təqdim edirik.
Vaqif Səməd oğlu Vəkilov 5 iyun 1939-cu ildə Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.
***
Vaqif Səmədoğlu Bülbül adına musiqi məktəbində, daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1962-ci ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi olub. C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.

Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan” jurnalında dərc olunub. 2000 və 2005-ci illərdə iki dəfə Azərbaycanın Milli Məclisinə deputat seçilib.
***
Vaqif Səmədoğlu iki dəfə ailə qurub. İlk evliliyi musiqiçi xanımla olub. Onların birlikdəliyi yeddi il çəkib. Bu evlilikdən iki qızı doğulub. Ailə həyatı sona çatandan sonra Vaqif qarşıdakı binada yerləşən mənzillərdən birinə köçür. O, qızları ilə çox vaxt eyvandan söhbət edər, danışarmış. Vaqif Səmədoğlunun ikinci evliliyi Nüşabə adlı xanımla olur. Bu evlilik qızı Nigarın 19 yaşına təsadüf edir. Nigar Vəkilova xatirələrində deyir ki, atasının ikinci dəfə evlənmə xəbəri ona pis təsir edir və o, həmin gün hönkür-hönkür ağlayır.
***
Qızı Nigarın aktrisa və müğənni olmasına qəti şəkildə qarşı çıxaraq deyib: “Ay qız, yox e, yox, olmaz, sən hara, səhnə hara, mənə müğənni qız lazım deyil. Oxumaq istəyirsən, gəl bizə, anam Xavəri də çağıraq, oturaq sənə qulaq asaq, əl çalaq, amma səhnədə olmaz. Aktrisa da olmağını istəmirəm, mənim bir Afaq Bəşirqızım var, ikinciyə ehtiyac yoxdur”.

Çoxu bilmir ki, şairin qardaşı Yusif Səmədoğlu bir müddət Vaqif Səmədoğludan küsülü gəzib. Hətta onu yubileyinə də dəvət etməyib. Səbəbsə, Vaqifin çox içməsi olub.
***
Qardaşı Yusifin doğum günləri həmişə qonaqlı, səs-küylü və ədəbi kəsimin nümayəndələri ilə bol olardı. Xan Şuşinskidən tutmuş böyük yazıçı və şairlər, bəstəkarlar, tanınmış şəxslərin hamısı gələrmiş. Vaqifin isə atasından tək tələbi bütün bu şəxslərin onun doğum günündə gəlməməsini istəməsi olub. Atası da onunla razılaşaraq heç zaman evdə olan demokratiyanı pozmayıb. Vaqif öz doğum günümə həyat dostlarını, tanışlarını, sinif uşaqlarını, daha sonra tələbə yoldaşlarını dəvət edib.
***
Məclislərin birində şair Qəşəm Nəcəfzadənin oğlu Kəramət Böyükçöl Vaqif Səmədoğlunun sözünü tez-tez kəsir. Birdən Vaqif müəllim əsəbiləşir:
- Bala, dədəm dədəndən böyük şairdir, özüm özündən, sözümü niyə kəsirsən?

Aşıq şeirini sevən Qazax sakinlərindən biri hansısa toy məclislində yaxşıca vurmuş Vaqif Səmədoğlunun üstünə qışqırır:
- Moşu Göyəzənli səndən istedadlıdır! Vaqif Səmədoğlu bu sözdən inciyir və toydan çıxıb gedir.
***
Aşıq Ədalət Nəsibov tədbirlərin birində millət vəkili Vaqif Səmədoğluna yaxınlaşır:
- O boyda Səməd Vurğunun oğlusan, bir işə yaramırsan!
- Neyləyim, ay qağa?! - şair ustad aşığı sevgiylə qucaqlayır.
- Əlin böyüklərin ətəyindədir, denən mənə də prezident təqaüdü versinlər.
- Mənim gözüm üstə! –
Vaqif Səmədoğlu doğurdan da xahiş edib məsələni yoluna qoyur.

Ömrünün son illərində ən böyük istəklərindən biri xatirələrini yazmaq olub. Xüsusilə də atası Səməd Vurğunla bağlı xatirələri, maraqlı faktları, bir də ki, cəmiyyəti maraqlandıracaq ictimai, siyasi hadisələri yazmaq istəyib.
***
Tiflisdə şair Vaqif Səmədoğlu köhnə dostu Lətif Mustafaoğluyla rastlaşır. Bir az sərxoş olan Lətif məclisdə dilini dinc qoymur, hərdən qonağa sataşmağa başlayır.
Axırda güclə səbrini basan Vaqif Səmədoğlu dözmür:
- Lətif, gəl, səni öpüm, çıx get. Yoxsa əlimdən xata çıxacaq!

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayında çıxış edən Birliyin Ağsaqqallar Şurasının sədri, xalq şairi Vaqif Səmədoğlu tribunadan deyir:
- Son vaxtlar Ağsaqqallar Şurasının iclaslarını tez-tez keçirdirəm. Bütün mövzulara toxunuram; İctimai, siyasi, mədəni, tarixi, fəlsəfi, ekoloji və sair. Haqlı təəccüblənirsiniz ki, bəs o iclaslar harada, nə vaxt olur? Məsələ burasındadır ki, on il əvvəl seçilmiş Ağsaqqallar Şurasının üzvlərinin məndən başqa hamısı ölüb. İclası harada, nə vaxt istəsəm, təkbaşına keçirirəm.
***
Vaqif Səmədoğlu ölüm ayağında dostlarından birinə deyir:
- Ömür boyu ölümün nə olduğu haqda düşündüm, yazdım, amma onu anlaya bilmədim. Bir azdan sonra anlayacağam, buna sevinirəm. Məni ağrıdan odur ki, anladığımı heç kimə deyə bilməyəcəyəm. Barı zəng etmək mümkün olsaydı...
***
Xərçəng xəstəliyindən əziyyət çəkən Vaqif Səmədoğlu ölümdən qorxmurdu və son çıxışlarının birində demişdi:
- Bugün-sabahlığam. Hamınızı yasıma dəvət edirəm!

Vaqif Səmədoğlu qəfildən həyat yoldaşı Nüşabə xanımdan onu tək buraxmağı xahiş edir. O, otağın qapısından çıxanda dönüb geriyə baxır. Vaqif gülümsəyib Nüşabə xanıma göz vurur. Bir azdan otağa qayıdan xanımı şairi ölmüş görür.
***
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunur. Vaqif müəllim bir şeirində yazdığı misradan təsirlənərək onun məzarı üstünə gənc bir xanım ayaqqabı qoyur. Bundan sonra ailəsi də onun qəbrini tam fərqli formada, həmin şeirindəki misralarına uyğun düzəltdirir.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10