Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Evdə müalicə alan COVID-19 xəstələri nə etməlidir?


Dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Artıq xəstəxanaların çoxunda yer tapılmır. Bu səbəblə xəstəliyi nisbətən yüngül keçirənlərə evdə müalicə təyin olunur.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirdi ki, xəstəlik haqqında Təcili Tibbi Yardıma müxtəlif suallar ünvanlanır. Halbuki bu suallar poliklinik həkim və tibb işçiləri ilə müzakirə olunmalıdır:
“Tutaq ki, vətəndaşın hərarəti bir qədər yüksəlib, müəyyən əzginlik, yorğunluq və quru öskürəyi var. İlk növbədə sahə həkiminə müraciət etməlidir. Bütün sualları və özü haqqında məlumatları mütləq öz sahə həkiminə ünvanlamalıdır. Buna görə təcili yardımı narahat etməyə dəyməz. Bilmək lazımdır ki, təcili yardım xidmətini hər hansı lazım olmayan yerdə məşğul etmək digər ağır xəstəyə yardımın gecikməsinə səbəb ola bilər”.
Baş infeksionist TTY xidmətinə hansı hallarda müraciət edilməli olduğunu da izah etdi:
“Nəfəs darlığı, təngnəfəslik, huşunu itirmə, göyərmə halları olan şəxslər müraciət eməlidir. Bu hallar xəstəliyin gedişatında baş verir. Bu, xəstəliyin ikinci həftəsində, ağciyərlərin zədələnmə mərhələsində olur. Bununla yanaşı, hərarət bir müddət yüksək davam edirsə, bu halda da mütləq təcili yardıma müraciət olunmalıdır”.
Eyvazov əlavə etdi ki, koronavirusa yoluxan şəxslərin evdə antibiotiklərdən, yüksək dozalı vitamin preparatlarından tibbi göstərişlər olmadan və nəzarətsiz istifadə etməsi faciəvi sonluqla bitə bilər:
“Ona görə də, özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrıları kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, düzgün olan tövsiyələri icra etməlidir”.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Billurə Yusifova ilk olaraq bildirdi ki, koronavirus infeksiyası ağırlıq dərəcəsinə görə üç qrupa bölünür:
“Yüngül, orta-ağır və ağır xəstələr qrupu var. Orta-ağır və ağır xəstələr statisionar formada müalicə alırlar. Amma yüngül xəstələr həkim məsləhəti ilə evdə müalicə olunurlar”.
Həkimin tövsiyəsinə görə, insanlar özlərində COVİD-19-un hər hansı əlamətini hiss edirlərsə, yaşadıqları ərazi üzrə polikliniklara müraciət etsinlər:
“Yaxud da, Səhiyyə Nazirliyinin 814 Çağrı Mərkəzinə müraciət etsinlər. Bütün məlumatlarını həmin Mərkəzə bildirsinlər. Onlar həmin məlumatları sahə həkimlərinə yönləndirəcəklər, daha sonrakı prosedurlar həkimlərə aid olan işlərdir – test götürüb, cavabı xəstələrə bildirəcəklər. Əgər xəstə yüngül formadadırsa, evdə sahə həkiminin nəzarəti altında müalicə alacaq. Həmin xəstələrə pulsuz, dövlət tərəfindən təyin olunan vtamin və mineral komplekslər verilir. Buraya Vitamin C, D, sink, silen, maqnezium və paracetamol daxildir”.
B.Yusfiova onu da əlavə etdi ki, bəzən virusa yoluxduqlarını gizlədən insanlar var:
“Bu, yanlış davranışdır. Əgər onlar vaxtında həkimə müraciət etməsələr, bu zaman ağırlaşmalar da baş verər. Yəni xəstələr müalicələrini özbaşlarına etməməlidirlər. Hətta qrip zamanı qızdırma baş verəndə xəstələr aptekə gedib, antibiotiklər alırlar. Bu da yanlış müalicə üsuludur. Çünki qrip koronavirus virus mənşəli xəstəlikdir, antibiotik isə viruslara təsir etmir, bakteriyalara təsir edir. Demək istəyirəm ki, xəstələr apteklərdən özbaşlarına gedib dərmanlar almasınlar, qonşunun, tanışın məsləhəti ilə hansısa dərmanları alıb, özbaşına qəbul etmək yolverilməzdir”.
Həkim Aygün Məmmədova məsləhət görür ki, yarım saatdan bir su içmək lazımdır:
“Çünki maye ağız boşluğunda olan infeksiyaları mədəyə ötürür. Daha sonra burunları üçün dəniz suyu deyilən məhluldan istifadə edərək gündə üç-dörd dəfə damcılatsınlar. Gün ərzində heç olmasa, bir dəfə duru qidalardan istifadə etmək lazımdır. Fəsilə uyğun olaraq meyvə-tərəvəzlərdən, daha çox da göyərtilərdən, zoğallı, kəklikotulu çaylardan istifadə etsinlər. Ağız boşluqlarını ada çayı ilə tez-tez yaxalasınlar. Bunların özü də təbii antiseptik vasitələrdir”.
Ülviyyə Şahin
pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10