Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Arkadi Volskinin Dağlıq Qarabağ missiyası – “ənənə”nin davam etdirilməsi yolverilməzdir


Arkadi Volski... Onun adı Azərbaycana yaxşı tanışdır. Hətta 1980-ci illərin sonlarında Dağlıq Qarabağda gərginlik yaşananda ona ümid bəsləyən azərbaycanlılar da olub. Elə bu yanlış münasibət də zamanı ermənilərin xeyrinə işlədib. Volskinin erməni sevgisi o qədər güclü olub ki, o, Kreml tərəfindən Dağlıq Qarabağ Muxtar vilayətində yaradılan Xüsusi İdarəetmə Komitəsinə rəhbər təyin edildikdən sonra vilayət Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin inzibati binasının üstündəki Azərbaycanının bayrağı Ermənistanın bayrağı ilə əvəzlənib...
Uşaq evindən Mərkəzi Komitəyə gedən yol
Arkadi Volski 1932-ci ildə Belarusiyanın Qomel vilayətinin Dobruş şəhərində anadan olub. Valideynləri müəllim işləyib. Sovet-alman müharibəsi başlananda hər iki valideyni müharibəyə yollanıb. Arkadi Volski isə uşaq evinə verilib. Müharibədən sonra altı aylıq axtarışın nəticəsində valideynləri Arkadi Volskini Saratov vilayətində tapıblar.
Volski orta təhsilini başa vurduqdan sonra Stalin adına Moskva Polad institutunda (sonralar Texnologiya və Elm Universiteti) ali təhsil alıb. İlk əmək fəaliyyətinə Lixaçov adına Moskva Avtomobil Zavodinda (ZİL) başlayıb və 1969-cu ilə qədər bu zavodda usta köməkçisi, usta, sex rəisi və zavodun ilk partiya təşkilatının sədri vəzifələrində çalışıb.
2499692.jpg (66 KB)
Kifayət qədər özünəgüvənli, hamı ilə dil tapmağı bacaran, ictimai-siyasi mühitdə özünü fərqli təqdim edən Volski 1969-cu ildə tikilməkdə olan “KamAZ” zavoduna direktor təyin edilib. Amma o, bu vəzifədə cəmisi 3 gün işləyib. Yeni təyin olunmuş direktor kimi Mərkəzi Komitəyə çağrılanda Volskiyə digər vəzifə təklif olunub- Mərkəzi Komitənin maşınqayırma şöbəsində sektor müdiri. Bu vəzifə Volski üçün Kremldə böyük yolun başlanğıcı olub.
Volski öz siyasi manevrləri ilə qısa zamanda Kremldə öz mövqelərini möhkəmlədib. Vəzifə pillələrini sürətlə qalxaraq Mrkəzi Komitədə şöbə müdirinin müavini, daha sonra isə şöbə müdiri vəzifəsinə sahib olub. Yuri Andropov hakimiyyətə gələndə isə onu özünə iqtisadi məsələlər üzrə köməkçi təyin edib.
Konstantin Çernenkonun hakimiyyəti dövründə də Volski öz vəzifəsini saxlayıb.
Çernenkonun qısamüddətli hakimiyyətindən sonra Kremlin birinci kürsüsünə sahib olan Mixail Qorbaçov özünə yeni köməkçilər təyin edəndə də Arkadi Volski kənarda qalmayıb. Yeni baş katib onu əvvəlki vəzifəsinə qaytarıb, Mərkəzi Komitənin maşınqayırma şöbəsinə.
Ümumiyyətlə, Volski ilə Qorbaçovun münasibətləri dostluq səviyyəsində olub. Hətta Qorbaçov Volskiyə Moskva şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsini də təklif edib. Ancaq Volski Mərkəzi Komitədə qalmağı daha üstün sayıb.
Moskvadan Dağlıq Qarabağa
1988-cı ilin sentyabr ayının əvvəllərində isə Qorbaçov Volskiyə fərqli bir təklif irəli sürüb. Sonralar həmin təklif haqqında Volski mətbuata aşağıdakı açıqlamaları verib:
“1988-ci ilin sentyabr ayının əvvəlləri idi. Qorbaçov mənə zəng vurdu, qısa dialoqdan sonra birbaşa mətləbə keçdi:
Arkadi, (o mənə adımla müraciət edirdi) indi Liqaçov, Razumovski və Çebrikov mənim kabinetimdərilər və onlar mənə təkid edirlər ki, səni Dağlıq Qarabağa göndərək.
Mən elə ilk andaca bu təklifdən imtina etmək istəyirdim, o isə davam edirdi:
Sənin bəzi məsələlərə münasibətin heç də xoşagələn deyil. Sən Moskvanın birinci katibi olmaqdan imtina etdin, plenumda çıxış etməkdən də boyun qaçırdın. Axı mənim sənin haqqında fikirlərim olduqca yüksəkdir, bunun qarşılığında sən mənim və yoldaşların təklifindən imtina etməməlisən.
Mən imkan tapıb bir cümlə deyə bildim: Mixail Sergeyeviç, məni zavoda qaytarın.
Elə həmin gün məni onun kabinetinə dəvət etdilər. Qorbaçov məcbur etməyi bacarırdı. Elə məni də yola gətirdi. Mən artıq 16 sentyabr 1988-ci ildə Mərkəzi Komitənin və SSRİ Ali Soveti Rəyasət Heyətinin nümayəndəsi kimi Dağlıq Qarabağda idim. Sonra isə vilayətdə Xüsusi İdarəetmə Komitəsi yaradıldı...”
Yerinə yetirilmiş missiya
Yaradılmış idarəetmə komitəsinin əsas vəzifəsi vilayətdəki gərginliyi aradan qaldırmaq məqsədi daşıdığı halda, bu komitə və onun rəhbəri Arkadi Volski tam əksinə fəaliyyət göstərib. Artıq heç kimə sirr deyil ki, Qorbaçov bu komitəni yaratmaqla, ermənipərəst Volskini bu komitəyə rəhbər təyin etməklə əvvəlcə Dağlıq Qarabağ Muxtar vilayətinin Kremldən  idarə olunmasına, daha sonra isə Ermənistanın ixtiyarına verilməsini planlaşdırıb. Bu işdə Volski öz missiyasını Qorbaçovun istədiyindən də artıq yerinə yetirib.
pic_1358797181.jpg (75 KB)
Məhz Volskinin Dağlıq Qarabağda fəaliyyət göstərdiyi müddətdə təkcə Xankəndi şəhərindən 10 min nəfərdən artıq yerli azərbaycanlılar öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Volski bütün mümkün variantlardan istifadə edərək Ermənistandakı sənaye müəssisələrinin filiallarının Dağlıq Qarabağ Muxtar vilayətində açılmasına şərait yaradıb. Bununla da vilayətdə ermənilərin sayı süni sürətdə artıb.
Vilayətdə yaşayan azərbaycanlılardan Volskinin təkidi və tələbi ilə qanuni ov silahları da yığılıb. Amma Xocalı hava limanına İrəvandan gələn təyyarələrdə tabutların içərisində silahların daşınmasına Volski göz yumub.
Bütün hədləri aşan Volski Dağlıq Qarabağ Muxtar vilayətindəki müəssisə və təşkilatların Ermənistanın müvafiq nazirlik və komitələrinə tabe etdirilməsinə də nail olub və bununla da vilayətin Bakı ilə əlaqələri tam kəsilib.
Bunlar azmış kimi Dağlıq Qarabağ münaqişə haqqında ictimai rəy formalaşdırmaq məqsədi ilə Arkadi Volski mətbuatdan böyük “səməri” ilə istifadə edib. Mərkəzi qezətlərdə onun dərc etdiyi məqalələrdə Volski Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarının pozulduğunu, vilayətin Azərbaycan rəhbərliyi tərəfindən dalana salınmasını xüsusilə vurğulayıb.
Volskinin qısa müddətdəki bu canfəşanlığı istər Kreml, istərsə də ermənilər tərəfindən yüksək qiymətləndirilib. Məhz o, Xankəndi erməniləri tərəfindən SSRİ Ali Sovetinin deputatı seçilib.
Xankəndi şəhərində, həmçinin keçmiş Martuni, Mardakert və Əsgəran rayonlarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlər Volskini qətiyyən narahat etməyib və o, birmənalı şəkildə azərbaycanlıların ona ünvanladığı şikayət məktublarını rədd edib.
Bəli, Arkadi Volskinin Dağlıq Qarabağdakı ilyarımlıq fəaliyyəti bu cür yadda qalıb. Kremlin emissarı bu qısa müddət ərzində ermənilərin qondarma respublika yaratmağına zəmin yaradıb.
Tarix insanlara çox şeyi öyrədir, bəzi hallarda isə qaranlıq mətləblərə aydınlıq gətirir. Bunu nəzərə alaraq Volski “ənənə”lərinin davam etdirilməsi bu gün Azərbaycan üçün yolverilməzdir. Əks təqdirdə 44 günlük müharibənin davamı qaçılmazdır.
İlham Cəmiloğlu, Musavat.com  





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10