Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kədərlənən hasar, gülən it, küsən ağaclar – Mahirdən yeni hekayə


 “Hekayə günü” Mahirin “Hasar, Lion, ağaclar” hekayəsini təqdim edirik.

Həyat yoldaşımın xatirəsinə
Sevinir açar. Neçə vaxtdı iş görmədən asıldığı dəmir halqadakı bir topa açarın içindən cingiltisiylə ayrılır. Bu, hasarın kiçik qapısının açarıdır, böyük darvazanın cəzası bitməyib hələ. Hərəsinin günahı öz boyuna görədir, ədalət belə tələb edir. Düzünü desəm, bu qapı və darvazanı niyə cəzalandırdığımı bilmirəm. Bildiyim odur ki, heç balaca qapını da açmağım gəlmir, ancaq bu lənət hasarı aşmağın da başqa yolu yoxdur. Məndən az qala iki dəfə hündürdür. Səliqəli hörülüb, üstəlik bayır tərəfdən səliqəli suvanıb.
Bilmirəm niyə, üç dəfəyə hörüldü o vaxt. Əvvəlcə beş kubik hündürlükdə - onun da iki kubiki torpaqda itmişdi, baxanda cəmi üç kubik görünürdü. Hasar deyildi yəni, uşaq da üstündən rahatlıqla adlayıb keçərdi. Yol kəsmək, qorumaq işinə yaramasa da məxsusluq bildirə bilirdi və bir hasarın ən vacib işi də elə budur.
Belə qaldı bir müddət. Sonra yenə hördürdüm. Yenə beş kubik, təxminən bir metr hündürlükdə. Ayrıca qapısı, darvazası da qoyuldu. Artıq əməllicə hasara oxşayırdı, istəyən hər kəs adlaya bilməzdi. Ancaq yenə nəsə çatmırdı, narahat hiss edirdim özümü bu hasarın içində. Az sonra başa düşdüm ki, kənardan bəzi yerlərdən içəri görünür, mənsə bunu istəmirdim, bu daş hasarların arxasında gizlədəcəyimi heç kim görməsin gərək. Yenə usta gətirdim, yenə aldanmayım, standart olmadığını bəhanə edib deyinməsin deyə ustayla birlikdə daş bazarına yollandım, yenə daş satanların “altı da üstü kimidir” and-amanına inanıb daş aldıq. Və üçüncü dəfə hördürdüm hasarı, beş kubik - kənardan içərinin görünməyəcəyi hündürlükdə. Üstəlik, yol tərəfdən suvatdım ki, daha firavan görünsün...
Açar yerində hörümçək toru var. Bu, yəqin dünyanın ən ağılsız, ən bədbəxt hörümçəyinin “əl işidir”. Haradasa gizlənib özü. Onun haqqındakı düşündüyümü bərkdən desəm, eşidər, amma qəlbinə toxunar deyə ürəyimdə fikirləşirəm. İstəməsəm də bu tor dağılacaq. Açar həvəslə açar yerinə istiqamətlənir.
İçəridə hənirti yoxdur. Eşitməyə alışdığım o hənirti qapı bağlanmazdan xeyli əvvəl kəsilib. Daha məni hasarın o üzündə Lion - sevimli itimiz gözləmir. Maşından düşən kimi qoxumu alıb sevinirdi, xoşbəxt olurdu, hürə-hürə qaçaraq gəlib kəsdirirdi qapının ağzını. İçəri girməyimi gözləyirdi ki, atılsın üstümə.
Mən içəri girən kimi külək qapını zərblə bağlayır. Yarımçıq evimə gözucu nəzər yetirib qapıya çevrilirəm, Lionun pəncələrinin izi qalıb, yağış yuya bilməyib. Sevinirəm, nə yaxşı hasar var, qapı var, nə yaxşı yağış yumayıb Lionun məni hər qarşılayanda qaldırıb qapıya söykədiyi pəncələrinin izini!
Balacaydı mən onu gətirəndə. Elə şiriniydi ki! Hələ baxışları... Tərtəmiz, ağıllı, sədaqət dolu... Onunla vaxt keçirmək hamımızın sevimli əyləncəsiydi. İşimi-gücümü atıb saatlarla əlimdə yem ona oturmağı, durmağı, yerində dayanıb gözləməyi öyrədirdim. Ən çətin öyrəndiyi gözləmək oldu. İtlər də sevmir gözləməyi! Sallaq qulaqları yavaş-yavaş dikəlməyə başladıqca uşaq kimi sevinirdim. Pasport almışdım Liona. Rəsmi ada, ad gününə sahib idi. Hə, bir qəşəng dam da düzəltmişdim – üstü qırmızı fin dəmirindən. Yaşıl rəngdə boyamışdım, odur, həyətdə durur yenə. Di gəl, çox az girirdi o dama. Dama girməyi də, zəncirlə bağlanmağı da sevmirdi Lion. Təkid edəndə küsürdü, hirslənirdi. Qayğısızca oynayan vaxt bizdən də onunla oynamağı tələb edirdi. Sığallayanda xoşbəxt olurdu, uzanıb gözlərini yumurdu. Bir də gülə bilirdi Lion. Həqiqətən! Sığalladığım vaxt qəflətən qarnının altını qıdıqlayırdım və dişlərini ağardaraq gülürdü. Ona göstərilən sevgidən ərköyün olmuşdu, xətrinə dəyəndə qisas alırdı bizdən. Təzə-köhnə demədən hansısa ayaqqabı tayını aparıb didişdirib pis günə qoyur, izi itirmək üçün ağacların dibində gizlədirdi. Yemdən korluğu yoxuydu, amma nədənsə tez-tez yeməyinin içindən bir sümük götürüb aparırdı və ağacın dibini eşib basdırırdı.
Ona görə, ağaclar sevmirdi Lionu!
O ağacların hərəsini bir yerdən gətizdirib sırayla və ölçüylə əkmişəm, sort ağaclardı. Həm də dedim, qoy hər ağacdan olsun, hərəsi bir cür çiçək açsın, hərəsi bir cür kölgə salsın. Balaca fidanlarıydı, qulluq elədikcə böyüdülər, böyüdükcə daha çox qulluq istədilər. Dibini boşaldıb yavaş-yavaş yoğunlamaqda olan gövdələrini əhənglə ağardanda nizamlı ordu əsgərlərinə oxşayırdılar. Ən tez uzanan heyva ağacı oldu. Boyu hasarı çoxdan ötüb. Hər yaz bütün budaqları çiçəklərlə örtülür, di gəl, bir dənə də meyvə gətirməyib. Nə mənim onu kəsməyə əlim gəlir, nə o özündə təpər tapır. Hər dəfə ümidlə növbəti ili gözləyirəm.
Calaq da eləmişəm, ancaq həmin heyva ağacını deyil, armudu. İki başqa sort armuddan “barmaq” gətirib bir armuda caladım. Özünün bir budağını da saysaq, bir gövdənin üstündə üç cür armud olmalıdır. İlk təcrübəm olsa da tutmuşdu. Ağaclar onlara göstərdiyim qayğını görürdülər. Yanlarına gedəndə yarpaqlarını yelləyib salam verirdilər, budaqlarının ucunu əyib saçlarıma sığal çəkirdilər. Bir-iki gün olmayanda, onlara baş çəkməyəndə darıxırdılar. Lion kimi...
İndi başımı qaldırıb üç fəsil ziyarətinə gəlmədiyim ağaclara tərəf qorxuyla baxıram. Görəsən, neçəsi quruyub? Bəlkə, hamısı? Bu il diblərini boşaltmamışam, artıq budaqlarını, əlbəttə, özlərinin razılığıyla, gözəl görünmələri üçün budamamışam, gövdələrini əhəngləməmişəm. Ən pisi, su verməmişəm!
Hamısı qurumayıb!
Ancaq hamısı yaşamır!
Elə aralıdan tanıyıram quruyanları. İki gilas, iki gilənar, bir şaftalı, bir fındıq dözə bilməyib sahibsizliyə. Qalan ağaclar vaxtsız qocalıb, yarpaqlarının rəngi dəyişib. Məni elə incik, könülsüz qarşılayırlar ki... Ən çox da barmaqlarının ucunda susuzluqdan xırda qalmış meyvələrini mənim günahım, özünün sədaqəti kimi nümayiş etdirən balacaboy alma ağacı. Bir də salxımları kimi saralmış yarpaqlarıyla üzüm tənəklərim... Bir-bir yaxınlaşıram hamısına, gövdələrini tumarlayıram. Qurumuşunun da, yaşının da. Çətin barışaq. Nə deyim, hamısı haqlıdır. Heç “niyə tək gəlmişəm” sualının cavabı da “günahımı” yumaz. Təzəlikcə yağış yağıb, suya ehtiyacları yoxdur. Çox dayana bilmərəm. Getməliyəm. Lion da yoxdur...
Qapıya doğru getmək istəyirəm, həyətdə bir topa üzərlik görürəm. Hardan gətirmişdim, xatırlaya bilmirəm. Bəlkə nə vaxtsa əlimizdən toxumu düşüb, bitib. Üzərliyə baxıram, baxıram və heç nədən xəbərsiz qorxaq sərçələri həyətdən pərən-pərən salan yüksək səslə gülürəm...
Heç kim bilməyəcək bu hasarların arxasında nələr gizlədiyimi.
Açar könülsüz açar yerinə istiqamətlənir...
11.12.2020

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10