Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həqiqətini gizlədə bilməyən “mehriban” qonşu - İran ki, İran


Sədrəddin Soltan: “Tehran Azərbaycanın mövcudluğundan, Qarabağdan işğalçıları qovmağımızdan qorxduğu kimi, bayrağımızdan da qorxur”
 
Aqil Abbas: “Vətən müharibəsində Güneydən olan qardaşlarımızın əsgərlərimizi salamlaması, şüarlar səsləndirməsi İran hökumətində qısqanclıq yaradırdı”
 
Dekabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri İran Prezidenti Həsən Ruhani, bu ölkənin XİN başçısı Məhəmməd Cavad Zərif, Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə bir sıra görüşlər keçirib. Görüşlərdə Azərbaycan ilə İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi, bölgədəki cari vəziyyət, xüsusilə də 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mövcud vəziyyət müzakirə edilib.
 
Tərəflər mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparsalar da, Bayramovun Cavad Zərif ilə görüşündən sonra yayılan görüntülər vətəndaşlarımız tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, rəsmi protokollara əsasən, görüş otağında hər iki ölkənin bayraqları yer alsa da, Azərbaycan bayrağına qarşı diqqətsiz münasibət, daha doğrusu bayrağımızın qırışmış və səliqəsiz formada olması vətəndaşlar arasında narazlıq doğurub. Hətta, nazir Ceyhun Bayramovun bayrağımıza qarşı edilən hörmtəsizliyin diqqət çəkməməsi üçün, xatirə şəkli çəkdirərkən bayrağımızın önündə dayanması da diqqətdən yayınmayıb.
 
Xatırlatmaq lazımdır ki, rəsmi Tehranın bundan əvvəl də milli maraqlarımız və dəyərlərimizə qarşı dəfələrlə xoşagəlməz rəftarı olub və etirazlar doğurub. Ümumiyyətlə, İran nə istəyir? Bu cür davranışlarla nəyin mesajını verir?
Sədrəddin Soltan: “Azərbaycan türkü də öz ana dilində təhsil almalıdır”
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, iranşünas, politoloq Sədrəddin Soltan açıqlamasında deyib ki, İranın indiki hakimiyyəti Azərbaycanı çox istədiyini, mehriban qonşu olduğunu göstərsə də, daxilində Azərbaycan Respublikasının mövcudluğuna qarşı xəbislik gizlənir: “Çünki İranı göründüyü kimi dindarlar, İslam dinini sevənlər idarə etmir. Əksinə, İranı İran mərkəzli, fars düşüncə sisteminə malik olan insanlar, yəni pan-farsist və pan-iranist qüvvələr idarə edir. Onlar da Azərbaycan Respublikasının mövcudluğundan, Azərbaycanın atributu sayılan bayrağının dalğalanmasından həmişə qorxublar”.
 
“Çünki bizim bayrağımız möhtəşəm görüntüsü, müstəqilliyimizin simvolu olmaqla yanaşı, Güney Azərbaycan türkləri üçün də fəxr yeridir. Bizim bayrağımız İran televiziyalarında görünəndə, qəzetlərində çap olunanda İran parçalanmır, İranda hakimiyyətə təzyiq edilmir. Bu, Azərbaycan bayrağıdır, bundan niyə qorxursuz? Amma nəticə göz qabağındadır: İran Azərbaycanın mövcudluğundan, Azərbaycanın Qarabağdan işğalçıları qovmasından qorxduğu kimi, Azərbaycanın bayrağından da qorxur”, - deyə politoloq bildirib.
 
O, Tehranın buna bənzər davranışlarının əvvəllər də olduğunu qeyd edib: “İranda rəsmi görüşlərdə Azərbaycan bayrağının tərsinə asılması, bir sıra görüşlərdə, ümumiyyətlə bayrağımızın asılmaması, yaxud ermənilər saxta günləri ilə bağlı İranda tədbir keçirəndə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması, yəni, İranda Azərbaycan bayrağına, Azərbaycan dövlətinə qarşı bu cür hadisələr tez-tez olub. Buna bir misal da çəkim. Dekabrın 10-da Azərbaycanın Zəfər paradında Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan çıxış elədi və çıxışında məhşur “Arazı ayrıdılar” şeirini söylədi. Daha sonra əlavə etdi ki, Arazın şimalı, yəni Qarabağ hissəsi bir də həsrət çəkməyəcək. Amma İranın xarici işlər naziri  Məhəmməd Cavad Zərif dərhal bu açıqlamaya təxribat xarakterli bir don geyindirdi və dedi ki, “İranın şimalındakılar İranın şimal hissəsinin İran olduğunu bilirlər”. Bir sözlə, yenə də təxribata əl atdılar”.
 
“Təsəvvür edin ki, İranda heç bir televiziya, heç bir mətbuat orqanı bizim Zəfər paradımızla bağlı demək olar ki, məlumat vermədi. Yalnız “Səhər” televiziyasının Azərbaycan saatında paradla bağlı kiçik bir süjet verdilər. Yerdə qalan heç bir mətbuat orqanı bir cümlə belə, məlumat vermədi. Yaxşı, Azərbaycanla bölgədə əməkdaşlıq etmək istəyən, Azərbaycanla problemlərini həll etmək istəyən, Azərbaycanın daxili işlərinə qarışmayan, Azərbaycanın müstəqilliyinə hörmətlə yanaşan dövlət, həmin dövlətin mühüm hadisəsi ilə bağlı niyə bir cümlə məlumat vermir? Ona görə də o dövlətin rəsmi orqanlarının rəsmi görüşlərdə Azərbaycan bayrağına belə münasibət göstərməsi təəccüblü deyil. Bu, İrandır və bizi sevmir. Sadəcə olaraq İranla yola getmək lazımdır”, - Soltan vurğulayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas da açıqlamasında, İranın Azərbayacana qısqanc yanaşdığını söyləyib: “Amma Azərbaycan bayrağı hər şeydən yüksəkdədir və heç bir ölkə ona toxuna bilməz. Bizim bayrağımız çox yüksəkdədir. Kimsə də bayrağımıza qarşı belə bir xoşagəlməz addım atıbsa, onun cəzasını Allah verəcək. Fərqi yoxdur ki, bu, qonşudur, ya qeyri-qonşu. Sadəcə tərbiyələri ora qədər çatıb”.
 
“Hətta, xarici işlər nazirimiz Ceyhun Bayramov sonda şəkil çəkdirəndə bayrağımızın qarşısında dayanmşdı ki, bu xoşagəlməz mənzərə görünməsin. Bu, həm də Ceyhun Bayramovun ağıllı və müdrik olmasından xəbər verirdi ki, şəkil çəkdirəndə buna diqqət yetirmişdi. Çünki Ceyhun Bayramov təkcə siyasi diplomat yox, həm də bədən dili ilə diplomatlıq edə bilir”, - deputat qeyd edib.
 
“Düzdür, indiki vəziyyətdə mən İranın əleyhinə danışmaq istəmirəm. Amma İran həmişə belə olub. Həm də Vətən müharibəsində İranla sərhədlərimiz bərpa olunanda, Araz çayının İran tərəfində Güney Azərbaycandan qardaşlarımız əsgərlərimizi, hərbçilərimizi salamlayır, şüarlar səsləndirirdlər. Bu da İranda qısqanclıq yaradırdı. Çünki İranda 30 milyon azərbaycanlı yaşayır və onlar çox ayılıblar. İran da bundan qorxur. Amma buna qarşı hansısa addım atmaq, yaxud bəyanat verməyə ehtiyac yoxdur. Çünki biz bunun cavabını Zəfər paradımızla vermişik və bundan gözəl heç bir cavab ola bilməz”, - deyə A.Abbas fikrini yekunlaşdırıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10