Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ruslar gəldi, ermənilər qayıtdı, bəs biz – Qarabağa qayıdış


Elman Məmmədov: “Ermənilərin nazı ilə oynayası deyilik, Azərbaycan vətəndaşları necə yaşayırlarsa, erməni vətəndaşları da elə yaşayacaqlar”
 
Ceyhun Əhmədli: “Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlər yalnız müvafiq sənədləri təqdim etməklə bizim ərazilərimizə daxil ola biləcəklər”
 
Noyabrın 10-da İkinci Qarabağ müharibəsinin hərbi mərhələsinin başa çatmasını nəzərdə tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatda bir neçə maddə var. Sənəddə həll edilməli məsələlərdən biri də qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərə qaytarılmasını nəzərdə tutur.
 
Artıq bölgəyə yerləşdirilən Rusiya sülhməramlılarının vasitəsilə Dağlıq Qarabağ erməniləri Xankəndiyə, Əsgərana, Xocalıya və Xocavəndə qaytarılırlar. Amma vaxtilə sadalanan ərazilərimizdən, yəni, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən (DQMV) zorla didərgin salınan azərbaycanlıların qayıdışı haqqında hələlik xəbər yoxdur. Eyni zamanda, terrorçubaşı Arayik Arutunyan hələ də özünü “prezident” sayır.
 
Azərbaycanın dövlət rəsmiləri isə bildirirlər ki, Xankəndinin də Xocalının da, digər rayonlarımızın da məcburi köçkün əhalisinin qayıdışı təmin olunacaq. Çünki Azərbaycan ərazi bütövlüyünü bərpa edib, işğala son qoyub. Sadəcə müəyyən hazırlıq işləri görülməlidir ki, bu da zamanla həllini tapacaq.
“O video təxribatdır, inanmayın” –           DEPUTAT
Qarabağa qayıdışla bağlı ayna.az-ın sualını cavablandıran Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, işğaldan azad olunan ərazilərə əhalimiz qaytarılacaq. Onun sözlərinə görə, bu təcrübə artıq var: “Cəbrayılın Cocuq Mərcanlı kəndi 2016-cı ilin Aprel döyüşlərindən sonra tam nəzarətimizə keçdi, təhlükəsizlik təmin edildi. Ondan sonra minalardan təmizlənmə həyata keçirildi. Məlumdur ki, bütün kəndlərimiz kimi, Cocuq Mərcanlı da erməni vandalizmi nəticəsində dağıdılmışdı, talan edilmişdi. Daha sonra cənab Prezident İlham Əliyevin göstərişi ilə kənd bərpa olundu, evlər tikildi, ifrastruktur yaradıldı. Sonra isə Cocuq Mərcanlının sakinləri öz doğma kəndlərinə, yurdlarına geri döndülər. Yəni, qayıdışla bağlı təcrübəmiz var. İndi işğaldan azad edilmiş digər şəhərlərimizin, kəndlərimizin minalardan təmizlənməsinə başlanılıb. Ölkə başçımız çıxışında bildirdi ki, bərpa ilə bağlı plan hazırlanıb, göstəriş verilib. Cənab liderimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağ çiçəklənəcək, insanlarımız yurdlarına dönəcəklər. Bunun üçün zaman lazımdır. Bərpa işləri 5 günə, 10 günə olmur”.
 
Xankəndinin, Xocalının, Xocavəndin, Əsgəranın azərbaycanlı sakinlərinə gəlincə, millət vəkili deyib ki, ora da qayıdış həyata keçiriləcək: “Müharibənin hərbi mərhələsi bitdi, Azərbaycan Ordusu, Azərbaycan Ali Baş Komandanı bizə böyük qələbə yaşatdı. İndi diplomatik mərhələ başlayır, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri bəyanat imzaladılar. O bəyanatda Qarabağın statusu məsələsi birdəfəlik gündəmdən çıxdı, Prezidentin bildirdiyi kimi, “cəhənnəmə getdi status”. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bəyanatda qaçqınların, məcburi köçkünlərin yurdlarına qayıtması nəzərdə tutulub. Sənəddə göstərilən müddəaların hər biri icra olunacaq, bundan heç kəsin şübhəsi olmasın”.
 
“Orada yaşayan ermənilər istəsək də, istəməsək də, bizim vətəndaşlarımızdırlar. Onlar Azərbaycan pasportu alacaqlar, Azərbaycanın qanunvericiliyini qəbul edib, adam kimi yaşayacaqlar. İstəmirlərsə, xoşları gəlmirsə, çıxıb gedəcəklər. Burada elə də böyük problem yoxdur. Ermənilərin nazı ilə oynayası deyilik. Azərbaycan vətəndaşları necə yaşayırlarsa, erməni vətəndaşları da elə yaşayacaqlar. Yenə deyirəm, yaşamaq istəməyən, bizim qanunumuza tabe olub, bayrağımızı qəbul etməyənlər buyursunlar, çıxıb getsinlər. Qaldı ki separatçıların başçısı, terrorçu Arayik Arutunyan, o, İnterpol xətti ilə axtarışdadır. Biz yurdumuza qayıdandan, strukturlarımız, hüquq-mühafizə orqanlarımız ərazilərimizdə bərpa olunduqdan sonra, o və onun kimi separatçı terrorçular qaçıb canlarını qurtarmağa çalışacaqlar. Çünki onlara cinayət işi açılıb, tutulub istintaqa cəlb olunmalıdırlar, cəzalarını hüquq çərçivəsində çəkməlidirlər. Əminəm ki, onlar cəzalarını çəkəcəklər”, - deyə Məmmədov əlavə edib.
 
Deputat xatırladıb ki, Ermənistanın özünün hesablamasına görə, SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) 180 min əhali yaşayıb: “Bu, onların hesablamasıdır. Həmin 180 minin də 130 mini erməni, 50 mini isə azərbaycanlılar olub. Mən hesab etmirəm ki, onların hesablamaları dəqiqdir, amma lap olsun elə. Amma bu illər ərzində oradakı əhalinin yarıdan çoxu gedib. 5-6 il bundan öncənin məlumatına görə, Qarabağda 60-70 min arasında erməni qalmışdı. Onların çoxu bu illər ərzində İrəvana, Ermənistanın başqa şəhərlərinə, Rusiyaya, Avropaya və digər ölkələrə köçüb getdilər. İndi deyirlər ki, 120 min erməni var. Yalandır, şişirtmədir. Məndə dəqiq məlumat var ki, İkinci Qarabağ müharibəsi başlayan vaxt Dağlıq Qarabağda ümumi 37 min erməni olub. Olanlar da qoca, əlil ermənilər idi, qaçıb getmişdilər”.
 
“İndi Rusiya sülhməramlıları onları qaytarmaqla məşğuldur. Artıq bir aya yaxındır ki qaytarırlar, amma rəsmi açıqlamada 30 minə yaxın göstərirlər. Bəs, hanı 100 min erməni? Yəni, qayıdanlarla bağlı açıqlanan rəqəm də şübhəlidir. DQMV-də yaşamış azərbaycanlılar isə artıq 140 mindən çoxdur. Statistikaya baxaq, Azərbaycanın əhalisi bu illər ərzində nə qədər artıb, Ermənistan əhalisi nə qədər azalıb?! Fərq çox böyükdür, bunu statistika sübut edir. Azərbaycanlıların hamısı evlərinə qayıdacaqlar. Ermənilər də qayıdacaq, amma kənardan gətirilənlər yox, vaxtilə orada yaşamış ermənilər. DQMV-də yaşamış ermənilər və onların törəmələri ciblərində Azərbaycanın şəxsiyyət vəsiqəsi ilə yaşaya biləcəklər. Yenə deyirəm, yaşamaq istəməyənlərə yol açıqdır”, - Məmmədov vurğulayıb.
Dağlıq Qarabağdakı qondarma rejim Paşinyan üçün böyük bir təhlükə mənbəyi  olaraq qalır - Ceyhun Əhmədli
Politoloq Ceyhun Əhmədli də bildirib ki, liderlərin üçtərəfli bəyanatı münaqişənin həllini təmin edən fundamental sənəddir və orada əksini tapan bütün müddəalar icra olunacaq: “Bəyanatda keçmiş DQMV-yə daxil olan rayonlarımızın statusu ilə bağlı xüsusi maddə yoxdursa, deməli, həmin Xankəndi, Xocalı və Xocavənd rayonlarında da Azərbaycanın qeyd-şərtsiz legitimliyi təmin olunacaq. Lakin görünən odur ki, həmin rayonlara qayıdış proseduru bir qədər fərqli formada həyata keçiriləcək. Prosesin texniki tərəfləri yəqin ki, qarşıdan gələn zaman çərçivəsində müəyyən olunacaq. İstənilən halda, xüsusi status yoxdursa, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığı daşımalıdırlar. Başqa bir variant, ehtimal, alternativ yoxdur”.
 
“O rayonlarda da Azərbaycanın milli valyutası keçərli olacaq. Azərbaycanın müvafiq dövlət qurumları da formalaşdırılmalıdır ki, orada yaşayan insanlar müvafiq dövlət xidmətlərindən yararlana bilsinlər. Əlbəttə, prosesin əsas istiqamətlərindən biri də azərbaycanlıların o torpaqlara qayıdışının təşkili məsələsidir. Bütün bunlar zamanla öz həllin tapacaq”, - politoloq qeyd edib.
 
C.Əhmədlinin sözlərinə görə, Ermənistanla sərhəddə Azərbaycan sərhədçiləri, gömrükçüləri yerləşəcək: “Sərhəddən qanunsuz keçidə imkan verilməyəcək. Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlər yalnız müvafiq sənədləri təqdim etməklə bizim ərazilərimizə daxil ola biləcəklər”.
 
“O ki qaldı terrorçubaşı Arayik Arutunyanın ziddiyyətli ritorikasına, düşünürəm ki, bu məqama çox da məhəl qoymağa dəyməz. Hadisələr elə inkişaf edəcək ki, Arayik ən yaxşı halda, ölkəmizdən müxtəlif yollarla qaçıb getmək haqda düşünəcək, amma bu da mümkün olmayacaq. Çünki Azərbaycan hüquq-mühafizə orqanları onu "qırmızı bülleten"lə axtarışa verib. Törətdiyi müharibə cinayətlərinə görə onun qanun qarşısında cavab verəcəyi gün uzaqda deyil”, - deyə analitik fikrini tamamlayıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10