Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yaxın 3-5 ildə strateji hədəfimiz - Böyük oynamağa məcbur və məhkumuq


Günlük məst olmaqdansa, məsələlərə perspektivdə baxmağı və planlamağı öyrənməliyik
 
Millət, görürəm ki, bizə ziyan vuracaq havalara giririk, böyük dövlət olmağı ərazi ilə ölçən səhv düşüncə tərzinin əsirinə çevrilirik, hissləri anlasam da, təhlükələri də görməyə çalışıram. Bizim ən böyük zəif yerimiz strateji düşüncə azlığı və məsələrə qısa müddətli baxmağımızdır.
 
Bir neçə dəfə yazmışam: biz artıq böyük düşünməyə, böyük oynamağa məcbur və məhkumuq. Günlük məst olmaqdansa, ikinci addımı belə düşünmədən davranmaqdansa, məsələlərə ən azı, 3-5 illik perspektivdə baxmağı və planlamağı öyrənməliyik.
 
Yaxın 3-5 ildə strateji hədəfimiz və gedəcəyimiz yol:
 
1) Hələlik nəzarət etmədiyimiz cəmi 3%-ə yaxın ərazimizdə qalan erməni əsilli vətəndaşlarımızla əlaqələr qurmağa çalışaraq onlarla qalib və müdrik xalq, torpaqların əsl sahibi kimi davranmaq: bunu həm də onları, məhz onları qorumaq və lazım gələndə onlardan təxribatçı qüvvə kimi istifadə edəcəyini düşünən Rusiya Ordusuna rəğmən etməliyik ki, onların oynunu imkan düşən kimi pozaq. Paralel olaraq da Ermənistana qarşı ciddi hazırlanmış təzminat iddialarını beynəlxalq arenaya daşımaq
 
2) Yaxın 3-5 ildə ərazimizdə heç bir böyük münaqişəyə, atəşin pozulmasına imkan verməmək - bu çox vacibdir. İlk 3 il ərzində Xankəndinə gedən yolu Laçından ayırmaq, şəhərə indiki kimi qismən yox, tam nəzarət etmək lazımdır
 
3) Yaxın 3-5 ildə elə Rusiya tərəfinin iştirakı ilə Xocalıya dönmək, orada bərpa işlərinə, Şuşadan və Ağdamdan təhlükəsiz yol inşasına nail olmaq
 
4) Ermənistanla sərhədi tam nəzarətə götürmək, bütün strateji yüksəkliklərdə qalalar qurmaq, sərhəddə 1 metr belə nəzarətsiz dəlik buraxmamaq
 
5) İranla sərhəddə də eyni qaydada tam ciddi nəzarət mexanizmləri yaratmaq
 
6) Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı etmək: Konservatoriyanı ora köçürmək, ümumiyyətlə şəhəri "Art" məkana çevirmək: Jazz, muğam, teart, şer, kino, kitab fesrivalları təşkil etmək və bununla da tək hərbi deyil, həm də mədəni qoruma altına almaq
 
7) Bu 3-5 ildə dağıdılmış şəhərlərimizdən birini rol-model olaraq tam bərpa etmək və smart şəhərə, ekoloji "paytaxta" çevirmək
 
8) Bu 3-5 ildə yeni Konstitusiya və çağdaş qanunlar qəbul etmək, yerli özünüidarəni və demokratik təsisatları gücləndirmək
 
9) İqtisadi sahədə tam azadlıq gətirərək rəqabətli mühiti təsis etmək, dünyaya daha açıq olmaq, Avropa Birliyi ilə saziş imzalamaq, Türkiyə ilə hərbi tədris və təlim mərkəzləri yaratmaq
 
10) Yuxarıdakı bəndlərə əməl etməklə Rusiya missiyasının 5 il sonra torpaqlarımızda bitməsinə nail olmaq
 
Məsələlərə belə baxsaq, qısa və orta hədəflərə nail olsaq, o zaman Araz şerinin dadı-duzu, Zəngəzurun mənası, hələlik 3% nəzarət edə bilmədiyimiz torpaqlarımıza doğru gedən yolun anlamı olacaq. Biz bölgəmizdə rol-model ölkə qurmalıyıq ki, ərtafımızda yaşayan qardaş-bacılarımız, dostlarımız baxıb fəxr etsin, düşmənlərimiz isə uğurlu ölkə modeli görüb qəhr olsunlar.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10