Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Erməni batalyonu”nun Bakı da daxil, üç paytaxtda terror planı


Türk mediası yazır ki, PKK/YPG nəzdində fəaliyyət göstərən erməni silahlı birləşməsi qisas üçün Rusiya, Azərbaycan və Türkiyədə terrora hazırlaşır; Qabil Hüseynli: “Erməni batalyonu belə fikrə düşə bilər, amma...”
Suriyanın şimalında PKK/YPG nəzdində fəaliyyət göstərən və əsasən yerli ermənilərdən formalaşdırılmış erməni batalyonu Qarabağdan geri qayıdıb. “Yeni Müsavat” xəbər verir ki, bu haqda Türkiyə mediası yazıb.
“Bursa Hakimiyet” qəzetinin verdiyi məlumata görə, həmin batalyon ermənilərin üzləşdikləri məğlubiyyətin qisasını almağa hazırlaşır.
Məlumata görə, Suriyadakı erməni silahlı birləşməsi Türkiyə, Azərbaycan və Rusiyada mülki hədəflərə terror hücumları planlaşdırır.
Qəzet bu xəbərləri Türkiyə təhlükəsizlik qaynaqlarına istinadən bildirib. Bu məlumatların nə dərəcədə səhih olduğu və terror təhlükəsi ehtimalının hansı səviyyədə real göründüyü məlum deyil.
Erməni batalyonu PKK/PYD terror təşkilatı tərəfindən 2019-cu ilin aprelində Türkiyəyə qarşı savaşmaq üçün yerli ermənilərdən və əsasən muzdlulardan formalaşdırılıb. Həmin batalyonun bu ilin yayında Qarabağa göndərildiyi haqda xəbərlər yayılmışdı. Həmçinin Qarabağ müharibəsində iştirak ediblər.

İndi Suriyanın şimalına geri dönən bu terrorçu güclər Ermənistanın məğlub olmasına görə Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyanı da günahkar sayır. “Türkiyə ordusunun uğurlu əməliyyatları nəticəsində rahat hərəkət edə bilməyən separatçıların qondarma ”erməni batalyonu" bölgədə mövcudluğunu qoruyub saxlamağa çalışır, amma onları gözləyən acı aqibətdən xilas ola bilməyəcəklər", - mənbə bildirir.
Bölgədəki təhlükəsizlik qaynaqları onu da deyirlər ki, “erməni batalyonu” Suriya rejiminin nəzarətində olan ərazilərdə sərbəst hərəkət edir və fəaliyyətlərini orada planlaşdırır. Çünki Əsəd rejimi ilə yaxşı münasibətlərə malikdir. Sirr deyil ki, Vətən müharibəsi günlərində Suriya hökuməti Ermənistana dəstək ifadə etmişdi.
Əsədin müşaviri hökumət adından İrəvanın yanında olduqlarını açıqlamışdı. Lakin bu «erməni batalyonu»nun hər üç ölkəyə sızması, terror törətməsi elə də asan məsələ deyil.
Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - modern.az
Qabil Hüseynli
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, «erməni batalyonu» belə fikrə düşə bilər, amma reallaşdıra bilməz. Siyasi analitik hesab edir ki, PKK nəzdində olan həmin «erməni batalyonu»nun gücünü  həddindən artıq şişirtməyə ehtiyac yoxdur. Ekspertin fikrincə, istənilən düşmən başını qaldıran kimi Azərbaycan xüsusi xidmət orqanları belələrini zərərsizləşdirəcək: “Onlar heç sərhədlərimizə yaxınlaşa bilməzlər. Buna imkan verilməyəcək. Əgər yenə erməni terrorçuları baş qaldırsalar, dəmir yumruğu görəcəklər. Bunu Prezident İlham Əliyev də Zəfər paradındakı çıxışında bəyan etdi ki, erməni faşistləri təzədən dirçəlmək istəsələr, bizim gücümüzü görəcəklər. Ona görə Azərbaycanı heç kəs dayandıra və terrorla təhdid edə bilməz. Belə səfeh fikrə düşənlər yanılırlar və hansısa xain həmləyə cəhd etsələr, qarşısı qətiyyətlə alınacaq”.
Q.Hüseynli hesab edir ki, erməni batalyonu Türkiyə və Rusiya ərazisində də terror törətməyə qadir deyil: “Onların niyyəti ola bilər, amma Türkiyə və Rusiyada təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunub. Eləcə də Azərbaycana sızmaq imkanları yoxdur. Digər tərəfdən, ermənilər elə bir zərbə alıblar ki, uzun illər özlərinə gələ bilməyəcəklər”.
Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, erməni-PKK işbirliyi mövcuddur: “Qarabağda gedən döyüşlərdə də Suriyadan və Livandan gətirilən erməni muzdlular, həmçinin meşələrdə PKK-çılar var idi. Bunu rəsmilər də açıqlamışdılar. İndi onların qalan hissəsi geri qayıdıb və revanşa hazırlıq məqsədi güdür. Lakin Türkiyə PKK-ya elə bir zərbə vurub ki, bu təşkilatın əvvəlki gücü yoxdur. Onun daxilindəki erməni batalyonunun isə bir atışmalıq can var. Güman etmirəm ki, həmin batalyon üç ölkədə terror aktı törədə bilsin. Belə xəbərlər də var ki, Ermənistandan 250-yə yaxın əsgər Suriyaya, yəni PKK-nın Suriya qanadı olan PYD/YPG-nin sıralarına qoşulmaq üçün göndərilib. Bir müddət əvvəl Türkiyə nəşri Ermənistan hərbçiləri ilə PKK arasında əməkdaşlığın Fransanın vasitəçiliyi ilə qurulduğunu yazmışdı. Şərqi Aralıq dənizində Türkiyə-Yunanıstan qarşıdurmasında Fransanın tutduğu mövqe hər kəsə məlumdur. Ona görə də rəsmi Parisin Ermənistan-PKK əməkdaşlığına vasitəçi olması heç kəsdə təəccüb doğurmamalıdır. Burada bir vacib məqamı vurğulamaq yerinə düşər ki, PKK ilə ermənilər arasında əməkdaşlığın kökü daha əvvəlki illərə dayanır”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10