Masallı icra hakimiyyəti yaralıların adlı siyahısını bizdən ciddi-cəhdlə gizlətsə də (müavinlər səviyyəsində dəfələrə zəng etsək də) öz kanallarımızla onları araşdırmağa başladıq. Məlum oldu ki, Masallı rayonunun Əhmədli kəndindən 2 qardaş eyni vaxtda hərbi xidmətə aparılıb. İkisi də yaralıdır. Kimdir bu qardaşlar?
Həsən və Hüseyn adlı bu qardaşlar əkizdır. Uşaq yaşlarında ataları evi tərk edib. Yaşamağa evləri olmadığı üçün dayısı evlərində yaşayırlar. Qardaşların birinin fiziki qüsurları var. Qardaşlardan biri sentyabrın, digəri oktyabrın sonlarında ağır yaralanıb. Biri ayağından və gözündən, digəri isə qolundan yaralanıb və çoxlu qəlpə yaraları var. Ailəyə 2 dəfə yardım olunub. Daha bir neçə xeyriyyə təşkilatı onlara yardımçı olacaq. Yaralıların biri Bakıda hospitaldadır. Bir də bir həftəlik məzuniyyətdən sonra hospitala qayıdacaq.
Bizi narahat edən başqa məqamdır. Doğrudanmı belə ailələrə heç güzəşt olmamalıdır. Əkiz qardaş. Ananın son ümidləri. Yuxarıda qeyd etdiyim kimi şəraitsizlikdən qardaş ocağına sığınıb. Hansı ki, bu ailənin əlavə daha 7 üzvü var (ümumilikdə 10 nəfər). İndi də 2 yaralı. Olmazdı ki, bu əkizlərdən heç olmasa birini aparsınlar?
Eləcə də Şərəfə kəndindən olan ağır yaralı-Nurlan Əbilov. Deməli, Nurlanın nə atası, nə anası, nə bacısı, nə qardaşı var. 2 uşaq atasıdır. Hazırda 2 aya yaxındır ki, reanimasiyadadır Kifayət qədər də yardımlar olunur.
Hamıya bəllidir ki, onlarla könüllü döyüşə getmək üçün az qala qalmaqal salırdı. Nədən belə ciddi problemli ailələrə güzəşt olunmadı.
Bu günlərdə ölkə televiziyaları qardaşlar haqqında veriliş nümayiş etdirəcəklər.
Cenub.az