Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı şəhid polkovnikin qələbə paradına düşən ad günə və qəhrəmanımızın “məni güllə ilə vurmaq münkünsüzdür” fikri necə reallaşdı? (Foto və videolar)


Tərcümeyi-halı 4-5 cümləyə, qəhrəmanlıqları isə, çoxseriyalı filmlərə sığmayan şəhid polkovnikimiz

Cəfərov Ramiz Sübhan oğlu. Ata yurdu Masallı rayonunun Ağakişibəyli kəndi.

 Atası sürücü olub. Rusiyaya yük daşıyıb. Qəhrəmanımız da elə orada anadan olub.  Əvvəl Naxçıvandakı hərbi məktəbi, daha sonra Ryazandakı desant-kəşfiyyat məktəblərini bitirib. ABŞ-da, Türkiyədə, Almaniyada və digər ölkələrdə peşəkar kurslar keçib. 4 dil bilirdi. Ryazanda Şəhid generalımız Polad Həşimovla bir yerdə oxuyub. 2-ci Fəxri Xiyabandakı məzarları da qonşudur. 2-si əkiz olmaqla 5 uşaq atası idi. (4 qız, bir oğlan). Sumqayıt şəhərində yaşayırdı. Şuşada, qələbə anları yaşanan günlərdə tankla vurulub.

Bəs,   46 illik ömrünün 28 ilini hərbiyə sərf edən bu xüsusi təyinatlı zabitimizi niyə Ordumuzun Qartalı adlandırırdılar?

Qardaş qədər yaxın bildiyi əmioğlusu Fərrux Cəfərov dedikləri:

Hələ 2016-ci ilin aprel döyüşlərindən onun misilsiz qəhrəmanlıqları barədə eşidirdik. Özü isə etdikləri barədə danışmağı heç xoşlamazdı. 5 övladı var idi. Sonuncu övladları –  dünyaya əkiz gələn qızı və yeganə oğlu bacı-qardaş idi. Həm övladları, həm bizimlə söhbətlərində danışmağı xoşlamazdı. Kiçik övladları bir dəfə döyüş yoldaşlarının birinin yanında ondan soruşdu ki, ata, sən leytenantsan, ya polkovnik? Sualı döyüş yoldaşı cavablandır: - Atan polkovnik-leytenantdır. Onun ən böyük titulu isə döyüş yoldaşlarının ona verdiyi Ordunun Qartalı rütbəsidir. Zaman gələr, atanız haqqında kitablar yazılar, filmlər çəkilər, onda bilərsiniz ki, sən necə bir qəhrəmanın övladısınız.



Ramiz Cəfərov Şuşadaki  hərbi birləşmənin komandir müavini idi. 28 illik hərbi məktəb və döyüş yolunda olduqca peşəkar bir hərbiçi kimi yetişmişdi. Döyüş yoldaşları danışır ki, Ramiz döyüşçülərdə, hücum zaman “İrəli” deməyi çox xoşlamaz, irəli birinci özü atılıb, “Arxamca” deyib, özü nümunə göstərər, bir qartal kimi irəli şığıyardı. Çox qətiyyətli və qorxu bilməzdi. Öhdəsinə bir iş götürdümü, hansı sözü verdisə, onu mütləq icra edərdi.  



Sirr dağarcığı idi, etdiklərindən danışmağı heç sevməzdi. Qızı “ata birdən səni də güllə ilə vurarlar ha”, həyəcanla, nigaranlıqla onu sorğulayanda, onun başını sığallayıb, “Məni güllə ilə vurmaq, mümkünsüzdür, məni gərək tankla vuralar”. Bəli, o güllə batmaz idi. Elə çətin döyüşlərdən keçmişdi ki. 

Siz xüsusi təyinatlıların Şuşaya daxil olmaq üçün hansı hündürlükdəki sıldırım qayaları, ağlagəlməz yüksəklikləri aşdığını, günlərlə dağlarda yol keçdiklərini eşitmişiniz. Ramiz o döyüşçülərin komandir müavini, həmin döyüşlərin önündə gedən bir cəngavər idi. Döyüş yoldaşları danışır ki, o, döyüş anında sanki bir əfsanəyə dönürdü. “Şuşaya daxil olduğumuz döyüşlərdə o süngü, tapança ilə elə məharətlə işləyirdi ki, elə bil dəhşət filmlərinə baxırdın. Şuşanın alınmasında onun  misilsiz xidmətləri olub. Döyüşçülər həqiqi mənada ondan ilham alır, nümunə götürürdülər. Çox heyf ki, o, Şuşanın alındığını görsə də, bu yolda igidliklər göstərsə də, Şuşanın qələbə sevincini tam yaşaya bilmədi. Əvvəldən dediyi kimi, onun güllə ilə vura bilmədilər, noyabrın 6-da, bir neçə döyüş yoldaşı ilə birgə Şuşada ağır artileriyadan, tankdan açılan atəşlə şəhidlik ucalığına yüksəldi.

Onu böyük ehtiramla Fəxri Xiyabanda dəfn etdilər. Hələ də bizə yuxu kimi gəlir. Doğrudanmı, belə bir əfsanəni itirdik? İnşallah müharibə bitər. Onun döyüş yoldaşları ilə görüşüb Ramizin necə möcüzəli bir hərbçi olması haqqında daha canlı söhbətlərin şahidi olarsınız.

Allah bütün şəhidlərimizi rəhmət eləsin. Ramizlər bütün xalqımız üçün bir qəhrəmanlıq tarixi yazdılar.

Sabah, Qələbə paradı keçirilən gün, 10 dekabr-da onun 46 yaşı tamam olur.

Nə yaxşı ki, sizin kimi ucalıqlar var. Siz fəth etdiyiniz yüksəkliklərdən daha ucadasınız, Gəncliyimizə örnək olacaq bir nümunəsiniz. 

R.S. Ölkə televiziyaları Ramiz Cəfərovla bağlı bir sıra süjetlər hazırlayıblar. Onların bəzisini yazıya daxil etmişik.

Hazırladı-Zahir Əmənov

Yazı çapa hazırlanarkən məlum oldu  ki, şəhid paolkovnikimiz ölkə başçısı İ. Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına laiq görülüb







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10