Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda bələdiyyə sədri necə ölüb?


Masallıda bələdiyyə sədri necə ölüb?(Şəkil şərtidir.)

Hadisənin 3 maşının ötüşməsi nəticəsində baş verdiyi bildirilir.

Bir qədər gec də olsa bildirək ki, bu il avqust ayının 6-da, axşam saatlarında Masallı rayonunun Həsənli-Hacıtəpə kəndləri arasındakı yolda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Masallı rayonun Xırmandalı bələdiyyəsinin sədri Mayılov Elmdar Mirələm oğlu idarə etdiyi maşınla həmin yolda kanala düşərək dünyasını dəyişib.Redaksiyaya müxtəlif mənbələrdən daxil olan məlumata görə Həsənli istiqamətindən gələn 3 minik maşını bir-biri ilə ötüşüb, nəticədə bələdiyyə sədrinin idarə etdiyi KİA markalı maşın sıxışdırılaraq kanala düşüb. Yayılan məlumatda o da deyilir ki, qəzada həlak olan bələdiyyə sədrinin meyiti maşından çıxarılaraq yolun kənarına qoyulub. Hadisədən bir qədər sonra yoldan ötən Seyran adlı şəxs meyiti görüb və kəndə xəbər verib. Digər məlumatda isə maşınla ötüşənlərdən birinin Masallı İcra hakimiyyəti Başçısının Xırmandalı üzrə Ərazi nümayəndəsi Məhərrəm müəllimin kürəkəni olub. Masallı Dövlət Yol Polisinin rəisi İkram müəllim ölüm faktını təsdiqləyib və bildirib ki, hadisənin araşdırılması ilə bağlı cinayət işi açılıb.
Məlumat üçün onu da bildirək ki, dünyasını dəyişən bələdiyyə sədrinin 54 yaşı var. O, sovet dönəmində kənddədki sovxozda müxtəlif vəzifələrdə işləyib. Son onilliklərdə bir neçə dəfə bələdiyyəyə üzv seçilib. Son bələdiyyə seçkilərindən sonra isə Xırmandalı bələdiyyəsində maraqlı olaylar baş verib. Əvvəlcə Xuraman müəllim adlı bir qadın bələdiyyəyə sədr seçilib, sonra Üzeyir adlı bir kişi onu əvəzləyib. Nəhayət, təxminən 1 il öncə bələdiyyə sədrliyi Elmdar Mayılova etibar edilib.

Elmdar Mayılov hadisə baş verən günün səhəri Xırmandalı ərazisinə daxil olan, onun doğma kəndi Hacıtəpədə dəfn edilib.

Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10