Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məşqçi, separatçı, quldurbaşı, polis rəisi, publisist – Razmik Petrosyanın axırda puç olan missiyası




O, azərbaycanlılara qarşı həmişə xoşagəlməz və aqressiv münasibət bəsləyib. Hələ Dağlıq Qarabağ hadisələri başlamazdan əvvəlki illərdə Razmik Petrosyan Xankəndi şəhərinə digər rayonlardan idman turnirlərinə gələn azrbaycanlı idmançılarla qaba və kobud rəftar edib. Xüsusilə futbol üzrə Azərbaycan çempionatlarında Gəncənin “Kəpəz”, Naxçıvanın “Araz” komandaları Xankəndi şəhərində yerli “Qarabağ” klubu ilə görüşlərdə kütləvi davaların əsas səbəbkarlarından biri məhz Razmik Petrosyan olub.
Razmik Petrosyan 1940-cı ildə Gəncə şəhərində anadan olub. 1957-ci ildə Xankəndi Kənd Təsərrüfatı texnikumunda təhsil alıb. 1965-ci ildə İrəvanda Bədən Tərbiyəsi İnstitutunda təhsilini davam etdirib.
İrəvanda təhsilini başa vurduqdan sonra Razmik Petrosyan idman fəaliyyətinə Xankəndinin “Qarabağ” komandasında başlayıb. 1970-ci ildən bu komandanın məşqçisi olub. O, bir müddət İrəvanın “Ararat” komandasının da əsas heyətində iştirak edib.
imageget (1).jpg (25 KB)
Razmik Petrosyan 1985-ci ildə Şaumyanın adını daşıyan Xankəndinin mərkəzi stadionuna direktor təyin edilib, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin bədən tərbiyəsi və idman idarəsinə rəhbərlik edib.
1999-cu ildə qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti Arkadi Qukasyanın təşəbbüsü ilə Razmik Petrosyan Xankəndi şəhər polis idarəsinə rəis vəzifəsinə təyinat alıb. 2000-2003-cü illərdə isə o, “DQR” polisinin rəis müavini vəzifəsində xidmət edib.
1988-ci ildə Dağlıq Qarabağ hadisələri başlayanda Razmik Petrosyan erməni hərakatının əsas təşkilatçılarından biri olub. İlk könüllü drujinaların və dəstələrin yaradılmasında o, əsas fiqurlardan biri olub. Daha sonra “Krunk” rəhbərliyi Razmik Petrosyana silahlı dəstələrin formalaşması işini həvalə edib və o, bu işi böyük “məmnunniyyətlə” icra edib.
Arkadi Manuçarovla yaxın və sıx münasibətilə fərqlənən Razmik Petrosyan Xankəndi şəhərinə silahların keçirilməsində xüsusi rol oynayıb. Məhz Manuçarov tərəfindən maliyyələşən quldur futbolçu erməni könüllü dəstələrinin ilk qərargah rəisi olub.
80060.jpg (97 KB)
Xankəndi şəhərində yaşayan azərbaycanlılar Petrosyanın mitinqlərdəki çıxışlarını yəqin ki, yaxşı xatırlayırlar. Səsgücləndirici vasitəsi ilə bu cinayətkarın “biz hamımız müharibəyə gedirik, Qarabağ uğrunda, azadlığımız uğrunda müharibəyə” ifadələri hər gün Xankəndinin baş meydanında Petrosyanın dilindən bir neçə dəfə eşidilib.
Razmik Petrosyan öz cinayətkar və cəllad simasını 18 sentyabr 1988-ci ildə daha qabarıq biruzə verib. Həmin gün ermənilər Xankəndi şəhərində öz vəhşiliklərinin son həddini nümayiş etdiriblər. 18 sentyabr tarixində ümumilikdə Xankəndi şəhərində 63 azərbaycanlı evi yandırılıb. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olunub. Qrup şəklində azərbaycanlılara divan tutan erməni dəstələrinə başçılıq edənlərdən biri də məhz Razmik Petrosyan olub.
ло.jpg (109 KB)
Razmik Petrosyan təkcə erməni dəstələrinin formalaşdırılmasında, silahların əldə olunmasında deyil, həm də 1988-ci il fevralın 20-də keçirilən sessiyanın baş tutmasında, Kremlə göndərilən çoxsaylı teleqram və məktubların təşkil olunmasında, xarici ölkələrdə yaşayan ermənilərin, erməni diasporalarının Dağlıq Qarabağ məsələsinə cəlb edilməsində də böyük fəallıq göstərib.
Özünü həm siyasətdə, həm hüquq-mühafizə orqanlarında, həm də idmanda uğurlu adam sayan və özünü universal şəxs adlandıran Razmik Petrosyan publisist kimi də fərqlənməyə çalışıb. O, Dağlıq Qarabağda erməni hərəkatı, 1990-1994-cü illərdəki müharibə, Qarabağın tarixi ilə bağlı bir neçə kitab yazıb, erməni mətbuatında çoxsaylı məqalələri dərc olunub.
Birinci Qarabağ savaşında Xankəndi şəhərində onun öz adını daşıyan “Razmik” 100 nəfərdən ibarət silahlı dəstəsi də mövcud olub. Bu dəstəyə Razmik Petrosyan əsasən idmançıları cəlb edib.
28_big.jpg (101 KB)
Razmik Petrosyan 1990-cı illərin ortalarından sonra verdiyi müsahibələrin birində aşağıdakı açıqlamaları verib:
“Biz üzərimizə düşən missiyanı yerinə yetirdik. Gərgin siyasi və hərbi mübarizəmiz sayəsində böyük erməni xalqı Dağlıq Qarabağda tarixi həqiqətləri bərpa etdi. Qürur hissi keçirirəm ki, bu missiyanı məhz biz həyata keçirdik və çox sevinirəm ki, gələcəkdə erməni uşaqları Xankəndi şəhərində xoşbəxt və firavan böyüyəcəklər, Qarabağı azadlığa çıxaran ata-babalarını böyük ehtiramla yad edəcəklər...”
Петросян_Размик_Аршакович.jpg (30 KB)
Həmin uşaqların Xankəndi şəhərində olub-olmayacağı zamanın məsələsidir. Onların ata-babalarını ehtiramla xatırlamaqlarına gəlincə, yəqin ki, bu baş verməyəcək. Çünki gələcəkdə bu günümüzü xatırladan yalnız bir hadisə olacaq, 44 günlük Vətən müharibəsi. Bu müharibədə isə ehtiramla xatırlanası yalnız bir subyekt var, qalib Azərbaycan əsgəri, müzəffər Azərbaycan Ordusu. Bunu bu gün 80 yaşlı Razmik Petrosyanın özü də etiraf edə bilər.
İlham Cəmiloğlu, Musavat.com







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10