Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xankəndinin birinci katibinin ikibaşlı oyunu - oğluna "nazir" vəzifəsi, özünə isə istefa


Uzun illər Xankəndi şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Zaven Movsesyan daha çox birinci katib kimi yox, “Gevorkovun portfelini daşıyan” şəxs kimi yadda qalıb.

Vilayət və şəhər rəhbərliyində çalışanların “Movsesyana yaltaqlıq çox yaraşır” kimi tez-tez işlədikləri ifadə də birinci katibin Gevorkovun qarşısında necə cılız və aciz görünməsindən irəli gəlib. Gevorkovun Zaven Movsesyanı “kərpic” deyə çağırması da şəhərdə heç kim üçün sirr sayılmayıb.

Zaven Movsesyan özünün və Şəhər uşaq xəstəxanasının baş həkimi olan həyat yoldaşı Nella Movsesyanın vəzifəsini qorumaq üçün bütün cildlərə girib. Öz çevrəsində qəhrəmana çevrilən, vilayət rəhbərliyi qarşısında isə müti və miskin görünən Movsesyan öz vəzifələri çərçivəsində heç vaxt müstəqil qərar çıxarmaq səlahiyyətində olmayıb.

Gevorkovun şəxsi tapşırıqlarını yerinə yetirən, əsasən Xankəndi şəhərinə gələn qonaqların qarşılanıb yola salınması ilə məşğul olan birinci katib çox sakit və fəaliyyətsiz görünsə də, Dağlıq Qarabağ hadisələri başlananda ikibaşlı oyunu ilə Gevorkovu mat vəziyyətinə salıb.
Борис_Кеворков.png (115 KB)
                                         Boris Gevorkov 

1988-ci ilin fevral ayında Xankəndi şəhərində Dağlıq Qarabağ hadisələri başlananda Boris Gevorkov vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsini real saymayıb. Amma sözsüz ki, bir erməni olaraq Gevorkov da bu məsələnin baş tutmasını ürəkdən arzulayıb. Vilayətdə yaranmış gərgin vəziyyətdə Gevorkov vəzifəsini itirməmək üçün fərqli mövqe sərgiləyib. Digər bir tərəfdən uzun illər partiya orqanlarında, o cümlədən, Bakıda işləyən Gevorkovda Bakı qorxusu da olub.


1988-ci il fevralın 11-də hadisələri araşdırmaq üçün Azərbaycan KP MK-nın ikinci katibi Vasili Konovalov və Mərkəzi Komitənin inzibati orqanlarla iş şöbəsinin müdiri Məhəmməd Əsədov Xankəndinə ezam olunublar. Gevorkov onların səhəri günü, fevralın 12-də Xankəndi şəhər Partiya Komitəsində keçirələcək iclasda iştirak edəcəklərini əvvəlcədən bilib və iclasda “sakit”liyi təmin etmək üçün vilayət rəhbəri tədbir görməyi qərarlaşdırıb.
Zaven_Movsesyan.png (154 KB)
                                             Zaven Movsesyan                           
Gevorkov Movsesyanı yanına çağıraraq iclasda kimlərin çıxış edəcəyini müzakirə ediblər. Siyahıya yalnız “sözə baxan” ermənilərin adı salınıb. Amma qarşı tərəf də, Dağlıq Qarabağ məsələsini qaldıran millətçi ermənilər də iclasla bağlı öz planlarını həyata keçiriblər. Elə həmin gün vilayət və şəhərin birinci katiblərinin görüşündən sonra onlar Movsesyanla görüşüblər. Həmin dövrdə Dağlıq Qarabağ məsələlərinə başçılıq edən Arkadi Manuçarovun və Henrix Poqosyanın adamları Movsesyanın qarşısında şərt qoyublar.

Belə ki, onlar birinci katibi agah ediblər ki, bütün variantlarda Boris Gevorkov öz vəzifəsini tərk etmək məcburiyyətində qalacaq və təbii ki, ondan sonra Movsesyan da birinci katib kürsüsünü təhvil verəcək. Millətçilər təklif ediblər ki, Azərbaycan rəhbərlərinin də iştirak edəcəyi iclasda Movsesyan çıxışlar üçün lazımi şərait yaratsa, erməni “fəallarını” dəstəkləsə onun gələcək karyerası üçün yeni imkanlar yaranacaq. Çoxları üçün müti görünən Movsesyan ikibaşlı oyuna girib. Həm Gevorkovla, həm də erməni millətçiləri ilə sövdələşib.

Ən əsası isə hər şeyin yaxşı olacağı halda birinci katibə oğlu Sergey Movsesyanın Dağlıq Qarabağ Muxtar vilayəti Səhiyyə idarəsinə (sonralar qondarma “DQR” respublikasının səhiyyə naziri) müdir təyin edilməsi vəd edilib.

Beləliklə, fevralın 12-də vəziyyəti müzakirə etmək üçün şəhər partiya komitəsinin akt zalında partiya və təsərrüfat fəallarının iştirakı ilə iclas keçirilib. Yığıncağın əvvəlində Boris Gevorkov vilayətdə baş verənləri pisləyərək araqızışdıranları “ekstremist”, “separatçı” adlandırıb.

İclası aparan Movsesyan iştirakçılara çıxış üçün söz verib. Amma çıxış edənlər Gevorkovla əvvəlcədən razılaşdırılmış şəxslər olmayıb.

Xankəndi avtokolonunun rəisi Maksim Mirzəyanın çıxışı iclası başqa səmtə yönəldib. O, Gevorkovu sərt tənqid edərək, onu azərbaycanlıların tərəfdarı olmaqda ittiham edib. Bu çıxışdan sonra “cürətlənən” digər idarə və müəssisələrin rəhbərləri də Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünü sübut etməyə cəhd göstəriblər. Elə iclas gedən zaman Zaven Movsesyan zalı tərk edərək öz kabinetindən Kremllə əlaqə yaradıb, vəziyyəti elə təqdim edib ki, guya Bakıdan gələn rəsmilər Xankəndi şəhərində gərginliyi daha da artırırlar.

Yarımçıq qalan iclasda Dağlıq Qarabağda vilayətin Ermənistanın tərkibinə verilməsi ilə bağlı sessiyanın və referendumun keçirilməsi “zəruri” sayılıb.
eüaü.jpg (85 KB)

Beləliklə, Zaven Mosesyanın ikibaşlı oyunu baş tutub. Amma separatçılarla Movsesyanın sövdələşməsinə tam əməl olunmayıb. Henrix Poqosyan Gevorkovun kürsüsünə sahib olduqdan sonra ilk qərarlarından biri Movsesyanı tutduğu vəzifədən uzaqlaşdırmaq olub.

Birinci katibin oğlu Sergey Movsesyanla bağlı verilən vəd isə yerinə yetirilib. O, bir müddət qondarma “DQR”-in qondarma səhiyyə nazirliyinə rəhbərlik edib. Amma Sergey Movsesyanı nazir kürsüsündə çox da saxlamayıblar. Partokrat oğlu olduğuna görə ona mədəni şəkildə “vəzifə”dən getməyi məsləhət görüblər. Sergey Movsesyan isə nəinki vəzifədən gedib, o, Dağlıq Qarabağdakı vəziyyətin gərginliyini nəzərə alaraq Xankəndi şəhərini birdəfəlik tərk edərək Moskvaya köçüb.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10