Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yoluxma mənbəyi: avtobuslardakı sıxlıq


“Tələb olunan qaydalara əməl olunmayacağı təqdirdə, ölkəmizdə epidemioloji vəziyyətin daha da pisləşməsi ilə üzləşəcəyik. Nəticədə yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaq”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, hazırda COVİD-19-a yoluxma ilə bağlı vəziyyət çox gərgindir. Xüsusən də son həftələrdə yüksələn yoluxma tempi, xəstələrin artması səhiyyə sisteminin xeyli yüklənməsinə səbəb olub.
T.Eyvazovun fikrincə, insanların yeni qaydalara əməl etməsi baxımından müəyyən irəliləyişlərin olduğunu görürük:
“Lakin özlərində müəyyən xəstəlik əlamətləri hiss edən bəzi şəxslərin məsuliyyətsizliyi, xəstəliyin ilk günlərindən buna əhəmiyyət verməməsi, özlərini təcrid etməməsi, tibbi müəssisələrə vaxtında və ya ümumiyyətlə, müraciət etməməsi, özünümüalicə ilə məşğul olmaları ümumi vəziyyətin daha da ağırlaşmasına gətirib çıxarır”.
Baş infeksionist hesab edir ki, əhalinin bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac var:
“Təəssüf ki, ölkəmizdə COVİD-19 virusuna gündəlik yoluxma minlərlə ölçülür. Amma hələ də təhlükəyə biganə yanaşanlar var, yalnız polisi görəndən sonra maska taxanlar isə bununla özlərini aldatdıqlarını hələ də anlamırlar”.
Avtobuslarda sıxlıq, sərnişin və sürücülərin tibbi maskadan düzgün istifadə etməməsi təkcə COVİD-in deyil, digər infeksiyaların da yayılmasına münbit şərait yaradır. Xüsusən günün pik saatlarında avtobuslarda yaşanan sıxlıq yoluxma statistikasını artıran məqamlardan bəlkə də birincisdir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov qeyd etdi ki, avtobusların vaxtında, qrafiklə, düzgün işləməməsinin nəticəsində bu cür xaos və sıxlıq yaşanır.
“Digər bir səbəb isə şəhərin mərkəzi küçələrində tıxacların yaranmasıdır. Bir çox ölkələrdə bu problem öz həllini asanlıqla tapıb. Moskvada təcrübə belədir ki, tıxaclar yaranan küçələrdə avtobus zolaqları saldılar, ciddi nəzarət tətbiq etdilər. Camaat gördü ki, avtobuslar tıxaca düşmür. Avtobusların təyinat məntəqəsinə vaxtında çatması, sürücülərin mədəni davranışı da öz müsbət təsirini göstərdi”.
Ə. Hüseynovun sözlərinə görə, xarici ölkələrin təcrübəsinə söykənərək demək olar ki, sərnişin daşıyan avtobusların sayı artırılsa və bu sahədəki problemlər aradan qaldırılsa, şəxsi avtomobilləri olan vətəndaşlar da vaxtında və düzgün işləyən ictimai nəqliyyata üstünlük verəcəklər.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10