Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sevdiyi qıza görə cəzalandı, arvadı sözünə baxmadığı üçün öldü, dəfnində Rəşid həkim yazıçı Anarla dalaşdı – Məşhur şairdən maraqlı faktlar


Bu gün müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən olan İlyas Tapdığın doğum günüdür. Bu münasibətlə şair haqqında maraqlı faktları təqdim edirik.

İlyas Oruc oğlu Tapdıqov 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb.
***
İlyas Tapdığın yeddi yaşı olanda müharibə başlayıb. Kolxozda işləyən atası müharibəyə gedib və geri qayıtmayıb. Ailənin yükü ananın çiyinlərinə düşüb. İlyas Tapdıq müsahibələrinin birində həmin günləri belə xatırlayır:
“Anam zülm-zillətlə bizi böyütdü. Baş-başa verdik, işlədik, günümüzü keçirdik. Ot yığırdıq, yer belləyirdik, çöldə-bayırda nə iş vardı, bizi göndərirdilər. Mənim uşaqlığım olmayıb! Atamın qara kağızı gələndə anamın səsi hələ də qulaqlarımdan çəkilməyib. Görərdin, kəndin yuxarı başında ağlaşma düşdü, çox çəkmirdi, aşağı başında qadınların vayı başlayırdı. Anam bir dəfə düyünçəsindən atamın son məktubunu çıxarıb mənə oxutdurmuşdu. O məktubu oxuyanda anam haradan bilərdi ki, mən nələr yaşadım, nə hisslər keçirdim. O məktuba şeir yazmışdım. Atamdan sonra anam heç kimə ərə getmədi. Qohum idilər deyə, heç belə şeyi ağlına da gətirmirdi. Dünyasını dəyişəndə 103 yaşı vardı. Özü də xəstəlikdən-filandan dünyasını dəyişmədi ha. Həyətdə yıxılanda başı dəmirə dəymişdi, elə onunla da getdi”.

Sovet dövründə kitabları böyük tirajla çap olunub. Rusiyada bir milyon yarım, Estoniyada Çexoslovakiyada 100 min tirajla çap olunub. Həmin illərdə sovet məkanında ən çox oxunan və tanınan şair Səməd Vurğun olub. Lakin, onun kitablarının tirajı bir milyonu keçməyib.
***
Süleyman Rəhimov İlyas Tapdığa kömək edən insanlardan biri olub. Bir dəfə onu öz otağına çağırtdırıb. İlyas qorxa-qorxa onun otağına gedib. Söhbət zamanı məlum olub ki, Süleyman Rəhimovun onun şeirlərindən xoşu gəlir. Onunla görüşdən sonra Süleyman Rəhimov "Azərnəşr"in direktoru Adil Əfəndiyevə tapşırıq verir ki, İlyas Tapdığın şeirlər kitabını çap etdirsin.

İlyas Tapdıq gənclik illərində bir qızı möhkəm sevib. Ona şeir həsr edib. Yazdığı şeirin baş hərfləri sevdiyi qızın adını daşıdığı üçün onu Yazıçılar İttifaqının üzvlüyündən çıxartmaq istəyirlər. İclas zamanı Rəsul Rza qapını açıb içəri girir. Məsələnin nə yerdə olduğunu anlayanda İlyas Tapdığın çıxarılmasına mane olur, gülümsəyib deyir: “Bu oğlan yenə baş hərflərlə yazır, çoxu elə şeirin əvvəlində yazır ki, filankəsə. Deməli, İlyas abırlı adamdır”.

***

Şair Əli Kərimlə dost olublar. Baxmayaraq ki, Əli Kərim idmana gedirmiş, günlərin birində onunla güləşir və İlyas Tapdıq onu məğlub edir. Əli Kərim gələcək həyat yoldaşı Elza xanımı çox sevirmiş və hər gün onun ardınca düşürmüş. Bir gün Elza xanım ona ardınca gəlməyi qadağan edir. Əli Kərim öz sevgisini sevdiyi qıza İlyas Tapdıq vasitəsi ilə çatdırmalı olur.

İlyas Tapdıq ən gözəl uşaq şeiri yazan şairlərdən olub. Uşaq ədəbiyyatı axtaranda İlyas Tapdığın kitabı əllərdə gəzirdi. Şair özü hansı xarici ölkəyə gedirmişsə, oranın kitab mağazalarında mütləq öz kitablarına rast gəlirmiş.
***
Əlibala Hacızadə və Nahid Hacızadə ilə möhkəm dost olublar. Həmişə üçlükdə yeyib içiblər.
***
Muğənni Şəbnəm Tapdığın atasıdır. Şəbnəm adını ilk dəfə Azərbaycanda qızına o qoyub. İlyas Tapdığın həyat yoldaşı Münəvvər Tapdıqova 2012-ci ilin yanvar ayında Yazıçılar birliyinin “Natəvan” zalında keçirilən tədbir zamanı dünyasını dəyişib. Həmin günün gecəsi şair pis yuxu görür. Ertəsi gün həyat yoldaşına tapşırır ki, heç yerə getməsin. Lakin, xanımı onu dinləmir, tədbirə gedir. İlyas Tapdıq da həmin tədbirə gəlir. O, gələndən beş dəqiqə sonra xanımının halı pisləşir və yıxılır. Təcili yardım gələnə qədər isə Münəvvər xanım İlyas Tapdığın gözləri qarşısında dünyasını dəyişir.

Ürəyindən əməliyat olunmuş İlyas Tapdıq isə 25 dekabr 2016-cı ildə axşam saatlarında Bakıda, evində vəfat edir. Şair Badamdar qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunur.
***
İlyas Tapdığın vida mərasimi keçirilən zaman Rəşid həkim kimi tanınan Rəşid Mahmudovla yazıçı Anar arasında mübahisə yaranıb. Doktor Rəşid Anar və Dəmir Gədəbəyli ilə yas mərasimində çıxış etməmələrinə görə mübahisə edib. Hətta sonradan “İlyas Tapdıq rəhmətə gedəndə... Anar gəldi, bircə kəlmə də danışmadı. Rəhmətə gedəndə bir adamı yox idi ki, onu götürsün” kimi fikirlər işlədib.
***
Son müsahibələrinin birində jurnalistin indi kimin qapını açıb içəri girməsini istərdiniz sualın şair belə cavab verib: “Məmməd Arazın. Məmməd könlümə yaman düşüb...”
kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10