Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənubun Apelyasiya Məhkəməsi Masallıda yerləşəcək.



Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, eləcə də Biləsuvar rayonlarının sakinləri bu imkandan faydalana biləcəklər.
Məlum olduğu kimi hazırda cənub rayonları da daxil, Muğan, Şirvan zonalarında yerləşən 10-dan artıq rayonun sakini Apelyasiya şikayətləri üçün Şirvan Apelyasiya Məhkəməsinə müraciət edir. Əksər rayonlar üçün əlverişsiz ərazidə yerləşən (bura Salyan- Şirvan, Biləsuvar-Salyan yollarının bərbadlığını da əlavə etsək, mənzərə daha da aydınlaşar) bu qurum bir çox insanlar üçün ciddi problemlər yaradır. Bəziləri etiraf edir ki, Bakıya getmək Şirvana getməkdən asandır.

Hazırda Masallı rayonun, Olimpiya kompleksi ilə ASAN xidmət binalarının arasında inşa edilən yeni məhkəmə binasında Masallı rayonun hakimləri ilə yanaşı (Masallı məhkəməsindəki hakimlərin sayı 3-dən 4-ə qalxacaq), cənub bölgəsindəki rayonlara xidmət edəcək Apelyasiya Məhkəməsinin də hakimləri şikayətlərə baxacaq. Bu isə Masallıda növbəti regional idarənin yaranması deməkdir. Masallı Məhkəməsinin köhnə binasında isə Qeydiyyat idarəsi (Keçmiş “ZAQS” deyilən qurum), hüquq məsləhətçiləri, vəkillər, məhkəmə icraçıları və digər şəxslər əyləşəcək.
Redaksiyadan: Apelyasiya Məhkəməsinin belə əlverişli coğrafi şəraitdə yerləşməsi, məhkəmə iclaslarının daha rahat binalarda keçirilməsi nə qədər sevindirici olsa da, çoxlarını düşündürən bir sual da var. Son illər məhkəmə hakimlərinin etdiyi özbaşınalıqlar, ədalətsizliklər, haqqın açıq-aşkar nahaqqın ayağına verilməsi halları təzə binada təzə formada davam edəcəkmi? Yaxud, “məhkəmə iclasları lap tövlədə keçirilsin, amma orada qəbul edilən qərarlar, hökmlər ədalətli olsun” deyənlərə haqq qazandırılacaq, məhkəmənin təzə binasından qanunsuz qərarların ağrısı ilə çıxanlar “Neynirəm, o qızıl teşti ki, içində qan qusacam” məsələni deyə-deyə, yenə ah-fəryad edəcəklər?





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10