Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyan arvadının Qarabağ sərgüzəştlərindən danışıb


Nikol Paşinyan bu gün televiziya ilə xalqa müraciət edib. Müraciət zamanı baş nazir bir çox məsələlərə, o cümlədən arvadı Anna Akopyanla general-polkovnik Movses Akopyan arasında baş vermiş insidentə də toxunub. O deyib ki, “Həyat yoldaşım mənim göstərişimlə Stepanakertdəki generalları ziyarət edirdi. Məqsəd də o idi ki, hərbçiləri dəstəkləyək və onlarda ruh yüksəkliyini artıraq”.
Paşinyana görə, həyat yoldaşı tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) paytaxtı Stepanakertdəki bomba sığınacaqlarında qida və su paylanması ilə şəxsən məşğul olurdu.
“Baş nazirin ailə üzvünün mülki əhalinin 70 faizinin tərk etdiyi şəhərdə qalmaq məcburiyyətində olduğunu kim söylədi? Stepanakert (Xankəndi-red) həqiqətən bombardman altında olan Baden-Baden kurortuna bənzəyirdi? Şəxsən şəhərdə qalmaq və sakinlərə və hərbçilərə dəstək olmaq, burda pis nə var ki?”, – deyə baş nazir təəccübünü bildirib.
Sonra Paşinyan Movses Akopyanın Qarabağ münaqişəsi zamanı cəbhə xəttinin cənub istiqamətindəki uğursuzluqlara cavabdeh olduğunu xatırladıb: “Akopyan cəbhənin cənub sektorundakı məğlubiyyətlərini və bir neçə il əvvəl Müdafiə Nazirliyinin büdcəsindən milyonlarla pulu mənimsədiyini etiraf etmək əvəzinə, mətbuat konfransı keçirir, ağlına gələni danışır. Ancaq törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunacağını unudur”.
Xatırladaq ki, bir müddət əvvəl general-polkovnik Movses Akopyan İrəvanda təşkil etdiyi mətbuat konfransında Anna Akopyanla aralarında olan insidentdən ətraflı danışmışdı. Onun sözlərinə görə, Xankəndidəki hərbi qərargahda oturub monitorla münaqişə bölgəsindəki döyüşün gedişini izləyirmiş. Bu zaman Paşinyanın həyat yoldaşı içəri girir və müzakirələri izləməyə başlayır. Orada sabiq Baş Qərargah rəisi Akopyana yaxınlaşaraq deyir ki, hərbçilər bir-biri ilə ünsiyyət qurarkən öz fikirlərini söyüşlə ifadə edirlər. Ona görə də bir xanımın burda oturması etik baxımdan düzgün deyil. Generalın xəbərdarlığından sonra Anna Akopyan qərargahı tərk edir. Bu hadisədən bir neçə  gün sonra general İrəvana çağırılır. Və o vaxtkı Ermənistan müdafiə naziri David Tonoyanın adından ona bildirilir ki, bundan sonra Dağlıq Qarabağ Müdafiə Ordusunun komanda məntəqəsində görünməsə, daha yaxşı olar. Az vaxt keçdikdən sonra isə Akopyan vəzifəsindən uzaqlaşdırılır.
Movses Akopyanın keçirdiyi mətbuat konfransından  sonra isə haqqında Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən cinayət işi açılır. Və general Ermənistan Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olma) maddəsi ilə istintaqa cəlb olunur.
Surxay Atakişiyev,
KONKRET.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10