8 il cəza alan Nailə Bağırın şok əməlləri
Azərbaycanlı qadınları şantaj yolu ilə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Lənkəran şəhər sakini, 1972-ci il təvəllüdlü Nailə Bağırın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb..
Nailə Bağır Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 sentyabr 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələrilə təqsirli bilinib və 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bakı Apelyasiya Məhkəməsinin 20 noyabr 2008-ci il tarixli qərarı ilə Nailə Bağırın cəzası 3 ilə qədər endirilib, Xətai rayon məhkəməsinin 6 oktyabr 2010-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunub.
Türkiyədə işə düzəldəcəkdi
Buna baxmayaraq Nalə Bağırın məhkumluğu ödənilmədən və üzərindən götürülmədən yenidən eyni əməlləri törətmək qərarına gəlib.
Nailə Bağır 2013-cü ilin yanvar ayının sonlarında Vəfa Məmmədovanın (ad və soyad şərti verilib – red.) maddi imkansızlığını bilib. Onun maddi çətinliyindən sui-istifadə edərək Türkiyənin İstanbul şəhərində yüksək maaşlı işə düzəldəcəyinə vəd verib.
O, Vəfa Məmmədovanı aldadaraq cinsi istismar məqsədilə yaşadığı Binəqədi rayonundakı evinə gətirib və orada Türkiyəyə getməyi təklif edib. Bu zaman Vəfa Məmmədova onun təklifi ilə razılaşdığını bildirib.
Hoteldə intim münasibət
Nailə Bağır 2 fevral 2013-cü il tarixdə Vəfa Məmmədovanı avtobusla Şıxlı sərhəd buraxılış məntəqəsindən Azərbaycanın dövlət sərhədini keçirib və İstanbul şəhərinə aparıb. Orada Vəfanı “Bosfor” hotelinə yerləşdirib.
Daha sonra Nailə Bağır Vəfa Məmmədovanın görüşməsi üçün kişi müştərilər tapıb. Fevralın 4-dən 25-dək olan müddətdə Vəfa Məmmədova qaldığı hoteldə kişi müştərilərlə intim əlaqədə olub.
Fahişə qadının keçmişi başına bəla oldu
Bundan başqa, Nailə Bağır 2013-cü ilin fevral ayının sonlarında Fazilə Əliyevanın (ad və soyad şərti verilib – red.) maddi imkansızlığını bilərək, bundan da sui-istifadə edib. Buna görə də o, şantaj yolu ilə Fazilə Əliyevanı cinsi istismara məruz qoyub.
Fazilə Əliyeva ərə getməmişdən əvvəllər Bakı şəhərində fahişəliklə məşğul olub. Amma ərə gedəndən sonra fahişəliklə məşğul olamayıb.
Fahişə necə şantaj edildi?
Nailə Bağır Fazilə Əliyevanın əvvəllər fahişəliklə məşğul olmasını, bu yolla pul qazanmasını öyrənib. O, həmin məsələni Fazilə Əliyevaya deyib. Bildirib ki, onun təklifilə razı olmasa, əvvəllər fahişəlik etməsini ərinə və digər yaxın qohumlarına deyəcək.
Nailə Bağır Fazilə Əliyevaya hədə-qorxu gəlib və cinsi istismara məruz qoymaq məqsədilə yaşadığı evə çağırıb. Nailə Bağır evində Fazilənin Türkiyəyə getməsinə razı salıb.
Növbəti hədəf
Nailə Bağır həmin ilin martın əvvəllərində Fazilə Əliyevanı İstanbul şəhərinə aparıb. Orada Faziləni kişi müştərilərlə görüşdürüb və onu cinsi istismara məruz qoyaraq pul qazanıb.
Bundan başqa, Nailə Bağırın növbəti hədəfi Fərqanə Səmədova (ad və soyad şərti verilib – red.) olub. O, Fərqanə Səmədovanın əvvəllər İstanbul şəhərində fahişəliklə məşğul olması və sonradan Bakıya qayıdaraq ərə getməsini bilib.
Nailə Bağır Fərqanə Səmədovanın İstanbul şəhərində fahişəliklə məşğul olması barədə valideynlərinə və ərinə məlumat verəcəyini deyərək ona hədə-qorxu gəlib. O, cinsi istismar məqsədilə Fərqanə Səmədovanı İstanbul şəhərinə aparıb və orada hotellərdə kişi müştərilərlə görüşdürüb.
İki maddəli cinayət işi
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Nailə Bağır həbs edilib. Nailə Bağır Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddəsilə ittiham edilib.
8 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nailə Bağır cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Nailə Bağır apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini və həbs olmayan cəza növü ilə əvəzlənməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyilə baş tutan prosesdə Nailə Bağırın apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim kollegiyası onun apelyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edib.
Bundan sonra Nailə Bağır cəzasının yüngülləşdirilməsi tələbilə Ali Məhkəməyə kasasiya qaydasında şikayət verib. Hakim Əli Seyfəliyevin sədrliyilə baş tutan prosesdə Nailə Bağırın kasasiya şikayəti təmin olunmayıb.. Publika.az Hacı Zeynalov