Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür


Kəlbəcərin 28 illik düşmən əsarətindən azad olunması münasibəti ilə bu rayonun məşhur simalarının qələbə təəssüratını təqdim edirik.

Əməkdar incəsənət xadimi Aşıq Ədalət Diridağlı:

- Mən bu gecə sevincimdən səhərə kimi yatmamışam. Kəlbəcər yeraltı, yerüstü sərvətləri ilə dünyada məşhurdur, dünyanın zümrüd tacıdır. Ordan aşıqlar, şairlər, el ağsaqqalları, yazıçılar çıxıb. Bu gün o insanların əksəriyyəti bu dünyada yoxdur. Bu gözəl günü görmədilər. Amma inanıram ki, onların ruhu bizdən qabaq gedib Kəlbəcərə. İşğaldan əvvəl Kəlbəcərdə Aşıq Şəmşir adına Mədəniyyət evində aşıqlar ansamblının üzvü idim. Dövlət konsertləri keçirilirdi, mən də orda iştirak edirdim. Kəlbəcər işğal olan illəri, köçkünlük illərini ürək ağrısı ilə xatırlayıram. Biz öz doğma torpağımızı ayaqyalın, əliboş, səfil vəziyyətdə tərk etmək məcburiyyətində qaldıq. Mənim heç yadımdan çıxmayan mənzərələr oldu. Qızlarımız, gəlinlərimiz düşmən əlinə keçməsin deyə, əl-ələ verib özlərini qayadan atdılar. Mən o günlərlə bu günləri müqayisə edib sevincimdən ağlayıram. Kəlbəcər işğal olunandan sonra mən çox xəstəliklər tapdım, bir neçə ağır əməliyyatdan keçdim. Məni yenidən həyata qaytaran göydə Allah yerdə, “Aşıq Şəmir ocağı” olub. İndi mənim ayağım o torpağa dəyən kimi bütün ağrım-acım canımdan çıxacaq. Prezidentimizə minnətdaram, ordumuza minnətdaram. Mən inşallah birinci gedib Heydər Əliyevin, şəhidlərimizin məzarını ziyarət edib, sonra Kəlbəcərə gedib ayaqyalın qurbanımı paylayacam. Kəlbəcərdə ustadlar-ustadı Dədə Şəmşirin məzarını ziyarət edim, bir ovuc Kəlbəcərin suyundan içim, sonra Allah canımı alsın. Nə qədər ömrüm qalıbsa, onu Kəlbəcərdə yaşamaq istəyirəm. Çünki Dədə Şəmşir deyirdi ki:
Mərd ata, mərd oğul el misalıdır
İgidin ürəyi öz mahalıdır
Kişinin əzası qarışmalıdır
Ölən günü torpağına vətənin

Tanınmış jurnalist, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı:
- Bu gün tək mən deyil, bütün kəlbəcərlilər yenidən dünyaya gəlib. Bu günü bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə minnətdarıq. Yaşadığımız bu günün dəyərini bilməliyik. Hətta mən belə düşünürəm ki, bu günümüz bir möcüzədir. Keçən 28 il bizi Kəlbəcərdən və digər işğal altında olan torpaqlarımızdan o qədər uzaqlaşdırmışdı ki, bu günlərin yaxın olacağını düşünə bilmirdik. Kəlbəcər 1940 kvadratkilometrlik dağlıq ərazidir. Bu boyda ərazinin qansız, qadasız işğaldan azad olunması adi məsələ deyil. Bu Azərbaycan əsgərinin gücüdür, Ali Baş Komandanın yumruğu, xalqımızın birliyi və Azərbaycan diplomatiyasının qətiyyəti nəticəsində Ağdam, Kəlbəcər və Laçın qansız azad olundu. O torpaqlar şəhidlərimizin qanı ilə yuyulub. Mən şəhid analarının qarşısında baş əyirəm. Kəlbəcər işğal olunanda on doqquz yaşım var idi. Bütün həyatım on doqquz ilin içində idi. Sanki yaşadıqlarımız pis bir yuxu idi, biz o pis yuxudan ayılırıq. Mən birmənalı olaraq köçüb Kəlbəcərdə yaşayacam. Biz Kəlbəcərə qayıdanda orda dolaşan ruhları şəhid ruhlarını şad etmək üçün o yerləri inkişaf etdirməliyik.

Əməkdar artist Babək Niftəliyev:
- Mən hazırda Murov tərəfdəyəm. Tanklarımızı, BMP-lərimizi və hərbiyə aid olan bütün texnikalarımızı yola saldıq. Əsgərlərimizdə böyük ruh yüksəkliyi var və bu ruh yüksəkliyi ilə gözümün qarşısında Kəlbəcərə daxil oldular. Bu, inanılmaz bir sevincdir. Buna görə biz Ali Baş Komandanımıza təşəkkür edirik. Ordumuza minnətdaram. Şəhidlərimizi unutmaq olmaz. Onların ruhu qarşısında baş əyirəm. Qazilərimizə tezliklə şəfa diləyirəm. Mən bütün duyğularımı qısa olaraq Şücaətin bir bəndlik şeiri ilə ifadə etmək istəyirəm:
Şücayət neyləyək baxt belə baxtdı
Darıxma hər şeyi həll edən vaxtdı
Bir gün gülə-gülə qayıdacaqdı
Ağlaya-ağlaya köçən Kəlbəcər
İnşallah mən də bir kəlbəcərli olaraq ömrümün qalan hissəsini öz doğma torpağımda yaşamağa hazıram.
Şəkil:Ələmdar Cabbarlı1.jpg
Filologiya üzrə fəlsəfə doktoru, şair Ələmdar Cabbarlı:
Müdafiə Nazirliyinin gecə saatlarında rəsmi məlumatından sonra səhərə kimioyaq qaldım. Amma sanki, yuxu görürəm. Sanki bir möcüzə adasındayam. Soyuq ağılla heç nə deyə bilmirəm bu an. Heç bir söz, cümlə, təşbeh, metafora bu hissi ifadə edə bilməz. İlk anamı təbrik etdim, 80 yaşı var, 27 ildir deyir ki, dədəmin yanında dəfn edin məni. Şükür, arzusu gerçəkləşir. Amma gedib orda xeyli da yaşayacaq. Məni təbrik edənlərin sayı-hesabı yoxdur. Dostlar, tələbələrim, ölkənin hər yerindən... Kəlbəcərdə ilk gedəcəyim yer məzarların ziyarəti olacaq. Çox istərdim ki, evimizin xarabalıqları içindən qoyub gəldiyim nəyisə tapım. Şükür bu günə. Şükür qovuşdurana. Allah ali Baş Komandanımızı, ordumuzu qorusun.

Kəlbəcər məktəbinin müəllimi, şair Elşən Əzim:
- Mən bu neçə ildə bir dəfə də ümidimi itirməmişəm. Nə vaxtsa, qayıdacağıma inanırdım. Bu möhtəşəm bir qələbədir. Kəlbəcəri gözləyirdim, amma Şuşanı və Qarabağın o biri ərazilərini sülh yolu ilə gözləmirdim. Ayın 15-də kəlbəcərlilər bir dəfə şənləndilər. Gənclər yürüş edirdilər. Onda dedim, qoyun rəsmi elan olunsun, sonra qeyd edək. Həmin gün ümumiyyətlə çölə çıxmadım. Ürəyimdə bir narahatlıq var idi. Bilirdim ki, nə isə bir tərslik olacaq. İlk xəbəri eşidəndə bilmədim nə edəm. Müdafiə Nazirliyinin məlumatını eşidəndə dəhşətə gəldim. Ürəyim necə döyünməyə başladısa fikirləşdim ki, bu dəqiqə öləcəm, gedib Kəlbəcəri görə bilməyəcəm. Ona görə “Feysbuk”da yazdım ki, Allah məni orda öldür, burda yox. Kəlbəcərə gedəndə ilk həyətimizə, böyüdüyüm evi ziyarət edəcəm. Hələ müharibə söhbəti yox idi mən əhd etmişdim ki, kəndimizin girəcəyindən evimizə qədər olan yolu dizin-dizin, torpağı öpə-öpə gedəcəm. Onda sonra evimizin yanındakı “Arxana bulağı”nı və qəbiristanlığı ziyarət edəcəm.
kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10