Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq”


“Gecəni səhərə kimi yatmadıq. Həyəcanla “irəli” əmrini gözləyirdik. O xəbəri eşidən kimi hamımız sevincdən ağladıq. Başa düşdük ki, o gün bu gündür”.

Bunları Vətən müharibəsinin iştirakçısı, hərbçi Seymur Abdullayev deyir. Seymur Fikrət oğlu Abdullayev 1996-cı il 16 sentyabrda Şəki rayonunda anadan olub. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 2015-ci ildə oranı bitirib sənədlərini Azərbaycan Ali hərbi məktəbinə verir. Aviasiya üzrə mühəndis ixtisasına qəbul olur. Amma bu ixtisasdan imtina edərək motoatıcı ixtisası üzrə təhsil almaq qərarı verir. Seymur deyir ki, bu qərarı ailəsi və qohumları müsbət qarşılamayıb:

“Kənardan olan reaksiyalara baxmayaraq, qərarımın arxasında dayandım. Təhsili bölük birincisi olaraq başa vurdum. Əslində Azərbaycan Ali hərbi məktəbində qalmaq şansım var idi. Amma qalmadım”.

O, 2019-cu ildə təhsilini başa vurur və könüllü olaraq xidmətini davam etdirməyə başlayır. Seymurgil ailədə 3 qardaşdırlar. Amma nə ailədə, nə də qohumlar arasında hərbiçi yoxdur. Deyir ki, bu sahədə ilkəm:

“Kişi sənəti olduğu üçün marağım olub. Elə uşaqlıqdan hərbi forma geyinirdim. Oyuncaq silahlar aldırırdım”.

Bəli, bu sənətə sevərək yiyələnən Seymur döyüşə də sevinərək gedir:

“27 sentyabr gecəsi səhərə kimi yatmadıq. Həyəcanla “irəli” əmrini gözləyirdik. O xəbəri eşidən kimi hamımız sevincdən ağladıq. Başa düşdük ki, o gün bu gündür. Təbii ki, bundan evimizin xəbəri yox idi. Zəng edib danışanda deyirdim ki, narahat olmayın yerimdəyəm. Atam şəkərli diabet xəstəsi olduğuna görə bunu ona deməkdən ehtiyat edirdim. Amma bir gün atamla danışanda dedi ki, “niyə yerinizdəsiniz, nəyi gözləyirsiniz?”. Bundan sonra artıq gizlədə bilmədim. Dedim ki, mən də döyüşdəyəm. Onlara bunu deyəndə artıq döyüşün başlanmasından 15 gün keçmişdi”.

Mübarizəyə Füzulidən başlayır. Daha sonra Hadrut istiqamətində gedən döyüşlərdə də iştirak edir. Daşaltı əməliyyatında və Şuşa uğrunda vuruşduğunu deyən Seymur bildirir ki, ən çətini də elə bu olub:

“Şuşa əməliyyatı demək olar ki, ən çətini idi. Şuşa döyüşlərinin əsasını Daşaltı əməliyyatı təşkil edirdi. Həmin gün yüngül yağış yağırdı. Sonra gözlədiyimiz hücum əmri gəldi. Hücuma keçdiyimiz anda da ermənilərin şəhəri necə qoyub qaçdığını gördük. Bu bizi həqiqətən də sevindirdi. Düşməni mühasirəyə salaraq əməliyyatı başa çatdırdıq. Şuşa mühasirəyə düşdü. Düzdü, qarşı tərəf bizimlə döyüşürdü. Amma yaxına gəlməkdən ehtiyat edirdilər. Ən son imkanları o oldu ki, qaçdılar. Biz şəhərə girəndə tamamilə boşaldılmışdı”.

Seymur döyüş günlərindən qürurla danışır. Deyir ki, hamı sevinirdi, hamının sevincinin həddi-hüdudu yox idi:

“Hər şey bizim xeyrimizə idi. Dumanlı, yağışlı havalar belə. Mən özümə belə inanmırdım. O güc-qüvvət sanki Allah tərəfindən verilirdi. Həmişə deyirdilər ki, Daşaltında yatmış ruhlarımız var. Orda uzun, dağ-dərəli yollar qət edib, şəhəri mühasirəyə aldıq və düşmənin qaçdığını görəndə başa düşdüm ki, yatmış ruhlar oyanıb. Bizə gücü də verən sanki o ruhlar idi. Hamı sevinirdi. Hamı bir polad idi elə bil. Əsgərlərin gözündən nur yağırdı. Bu sevinci görəndə adamda fəxr hissi yaranırdı. Döyüşə davam etmək, sona qədər getmək istəyirdik. Qət etdiyimiz yollar çətin, məsafələr uzun və adətən gecələr yola çıxmağımıza baxmayaraq nə yorulurduq, nə də bezirdik. Sanki yuxuda idik. O dağları qalxıb bulaqlardan su içmək sadəcə xəyallarımız idi və biz həmin gün o xəyalları gerçəkləşdirirdik. Bir sözlə düşmən geri qaçdıqca bizə güc-qüvvət gəlirdi”.

Bu döyüşlərdən yaralanmadan çıxmır qəhrəmanımız. Qolundan qəlpə yarası almağına baxmayaraq Seymur son günə qədər orda qalmaq qərarına gəlir:

“Noyabrın 7-si Şuşa-Xankəndi yolunda yaralandım. Amma ayın 10-a qədər orda qaldım. İndi səhhətim yaxşıdır. Yenidən xidmət edə biləcəyəm. Bundan sonrakı həyatımda hər bir Azərbaycan övladına ölkəmin necə qəhrəman igid övladları olduğundan danışmaq, böyük rütbəli zabit olmağı planlayıram”.

lent.az
















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10