Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiyanın ikili oyunu


Noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər və müdafiə nazirləri – Sergey Lavrov və Sergey Şoyqunun bölgəyə səfəri maraqlı notlarla zəngin oldu. Onlar əvvəlcə Ermənistana, sonra Azərbaycana baş çəkdilər. S. Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətinə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan baş nazirin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov daxil idi.
İrəvanda Rusiya və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətini tənzimləyən sənəd imzalayıblar. Bu barədə bir qədər sonra.
Bakıda keçirilən görüşdə prezident İlham Əliyev Sergey Lavrova bildirib ki, regionda yeni, çox ümidverici şərait yaranıb: “Üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası prezidentinin də imzasının olmasından asılıdır“.
Prezident İlham Əliyev həmin gün Rusiyanın müdafiə naziri S. Şoyqunu da qəbul edib. Görüşdə prezident deyib ki, üçtərəfli Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfinin, həm də Ermənistan tərəfinin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir.
  1. Lavrov prezidentlə görüşdən sonra jurnalistlərə söyləyib ki, Azərbaycan və Ermənistanla birlikdə həyata keçirəcəkləri bir sıra konkret istiqamətlər müzakirə edilib: “Başqa istiqamətlər arasında biz BMT sisteminə daxil olan beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rusiyalı sülhməramlılarla, humanitar müşahidə mərkəzi ilə birgə çalışaraq humanitar problemlərin həllinə fəal cəlb edilməsində maraqlıyıq”.
O daha sonra qeyd edib ki, bu işin daha səmərəli olması barədə Azərbaycan prezidentinin konkret təklifləri var və onları maraqla müzakirə ediblər. Amma Sergey Lavrov təkliflərin detallarını açıqlamayıb.
Bu arada, prezident Vladimir Putin “Rossiya 1” telekanalının efirində bildirib ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımayıb. Onun fikrincə, bu, o demək idi ki, beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ, həm də ətraf rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi olub və indi də elədir.
Bu gün isə separatçı ermənilərin başçısı Araik Arutunyan Dağlıq Qarabağdakı sülhməramlı və humanitar fəaliyyətinə görə Rusiya prezidentinə minnətdarlıq edib.
Beləliklə, yaranan mənzərə ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağda humanitar fəaliyyətini genişləndirməklə sülhməramlı mandatından kənra çıxır. Bu missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycanla hər hansı razılaşma əldə olunduğu məlum deyil. Prezident İlham Əliyev də Lavrov və Şoyqu ilə görüşdə Rusiyanın bölgədəki səylərindən narazılıq ifadə etməyib. Amma İ. Əliyevin Rusiya rəsmilərinə hansı təkliflər verməsi açıqlanmayıb.
Sual doğuran əsas məsələ ondan ibarətdir ki, Rusiyanın və Ermənistanın müdafiə nazirləri Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini tənzimləyən sənəd imzaladığı halda, oxşar sənəd Azərbaycan və Rusiya arasında imzalanmayıb. Əgər Putin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” deyirsə, belə sənəd məntiqlə Azərbaycanla bağlanmalıydı. Ermənistanın hüquqi baxımdan Qarabağa aidiyyəti yoxdur. Ümid edək ki, rəsmi Bakı bu barədə mövqeyini açıqlayacaq.
İkinci vacib məsələ Rusiyanın himayəsi altında ermənilərin sürətlə Qarabağa köçürülməsidir. Bu işlə Putinin fərmanı ilə yaradılan və Xankəndində fəaliyyət göstərən Humanitar Mərkəz məşğul olur. Rusiya Dağlıq Qarabağda Azərbaycanın suverenliyini qəbul edirsə, Kremldə bölgə ilə bağlı qərarlar qəbul edilməsi, icra orqanları formalaşdırılması hansı məntiqlə izah oluna bilər?
Prezident İlham Əliyev Lavrovla görüşdə Putinin “bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyik” fikrinə şərik olduğunu deyib. “Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik“, – deyə prezident vurğulayıb.
Aydındır ki, Azərbaycan Rusiyanın Qarabağdakı fəaliyyətlərini onunla razılaşdırmasını istəyir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini deyir, bunun qaşılığında Bakı sülhməramlı və humanitar əməliyyatların aparılmasına etiraz etmir. Amma Rusiya fəaliyyətini Ermənistanla və separatçılarla birbaşa əlaqələndirməklə Azərbaycanın suverenliyinə kölgə salmaqda davam edir.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10