Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyan istefa versə, nələr dəyişəcək? – Müharibə ehtimalı...


Hazırda Ermənistanda tüğyan edən aksiya və mitinqlərdə yeganə tələb odur ki, Baş nazir Nikol Paşinyan istefaya getsin. Bu tələb yerinə yetirilərsə, onun Dağlıq Qarabağla bağlı imzaladığı üçtərəfli razılaşmanın qüvvədə qalıb-qalmayacağı hər kəsi düşündürür.

Bu barədə “BakuPost”a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Ermənistanın başlatdığı müharibə özü üçün çox ciddi hərbi və siyasi məsələlər doğurub:


“Paşinyanın noyabr ayının 10-da imzaladığı kapitulyasiyadan sonra ölkəsində aləm bir-birinə dəyib. 17 siyası partiya artıq onun istefası ilə bağlı bəyanat qəbul edib. Küçələrdə aksiyalar, mitinqlər davam edir. Aksiyalarda və partiyaların imzaladığı bəyanatda qeyd olunur ki, 1-ci Paşinyan istefaya getsin, 2-ci müvəqqəti hökumət təşkil edilsin, 3-cü isə ölkədə erkən parlament seçkiləri keçirilsin. Amma Paşinyan bu tələbləri qəbul etmir və 6 ay möhlət istəyir. 6 ay ərzində ilk növbədə ordu quruculuğu sahəsində ciddi islahatlar keçirəcəyi vədini verib. Eyni zamanda, Dağlıq Qarabağın statusu ilə bağlı məsələ üzərində işləyəcəyini bildirib. Bundan başqa, Paşinyan hökumət daxilində çox ciddi kadr dəyişikliklərinin olacağı anonsunu verib, 80% dəyişəcəyini deyib. Buna baxmayaraq, onun istefasının tələbi bu gün də öz aktuallığını qoruyub saxlayır. Lakin Paşinyan hakimiyyətdə qalmaq üçün hər şey edir. Siyasi opponentlərini həbs etdirir, onun əleyhinə çıxış edən partiya liderləri istintaqa cəlb olunur. Həmçinin kadr dəyişiklikləri etməyə başlayıb. Ölkənin xarici işlər naziri ilə onun müavini, fövqəladə hallar naziri, Silahlı Qüvvələrin qərargah rəisi və Paşinyanın partiyasından olan bir neçə deputat artıq istefaya göndərilib. “Yarpaq tökümü” hazırda davam etməkdədir”.

Millət vəkili qeyd etdi ki, Paşinyanın istefasına revanşist qüvvələr nail olacaq və onun imzaladığı sənəddən imtina məsələsini gündəmə gətirəcəklər:

“Lakin bunlar indiki vəziyyətdə heç bir dəyişikliyə səbəb ola bilməz. Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində vurğuladı ki, Ermənistan hakimiyyətinin imzalanmış sənəddən imtina etməsi intiharına bərabər addımdır. Bu, artıq çox ciddi xəbərdarlıqdır. Yəni, indiki hakimiyyət, yaxud hakimiyyətə iddialı olan digər şəxslər bilsinlər ki, imzalanmış sənəd qüvvədədir və heç kim ondan imtina edə bilməz”.

E.Nəsirov əlavə etdi ki, qarşıdakı günlərdə Ermənistanı yeni inqilab, saray çevrilişi, hətta vətəndaş müharibəsi də gözləyə bilər:

“Bütün bu ssenarilər bu gün Ermənistanda aktualdır. Amma bir şey dəyişməz olaraq qalacaq. Kimin hakimiyyətdə qalmasından, getməsindən, gəlməsindən asılı olmayaraq 10 noyabr tarixində imzalanmış Ermənistan kapitulyasiyasını heç kim dəyişə bilməz. Çünki o, Ermənistanın müharibədəki məğlubiyyətinin reallığıdır”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10