Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı


Bu gün gənc yaşda dünyasını dəyişmiş şair Zərdüşt Şəfinin doğum günüdür. Bu münasibətlə yaxın dostlarının xatirələrini və onun haqqında maraqlı faktları təqdim edirik.
Zərdüşt Şəfi 1986-cı ilin 19 noyabr tarixində Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 2006-cı ildə Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2010-cu ildə həmin fakültəni bitirib. 2005-ci ildən etibarən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlayıb.
***
2009-cu ildə Bizim Yol qəzetinin keçirdiyi sorğuya əsasən, "İlin gənc yazıçısı" mükafatı ilə təltif olunmuş, gənclərə dəstək məqsədi ilə verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin gənci fəxri adına layiq görülüb. Sağlığında “Başqa adamlar” adlı hekayələr kitabı işıq üzü görüb.

Şair Fərid Hüseyn Zərdüştü xatırlayaraq deyir: “Yaxşı yadımdadır ki, Zərdüşt Şəfizadə bir dəfə mənə belə demişdi: “Fərid, mütləq “Nobel” mükafatı alacam”. Rəhmətlik Zərdüştdə mənim bir kitabım qalıb. Heç vaxt qaytarmayacaq ta. Kitabın adı: “Yaşamaq gözəl şeydir, qardaşım”. Müəllif: Nazim Hikmət. Mərhum gənc yazıçı Zərdüşt Şəfinin ölümünü həbsxanadan azad olan günü, İranda konsulluğun həyətində eşitdim. Qəhərləndim, ağladım...
***
Zərdüşt qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. O, xəstəliyi barədə heç kimə, hətta ən yaxın dostlarına da heç nə deməmişdi. Müayinə üçün Ukraynaya getmiş, qayıdanda sözarası bir-iki cümlə dostu şair Qismətə bu barədə deyir.
***
Yazıçı Ülviyyə Heydərova deyir: “Əziz dostumuz Zərdüşt Şəfinin Yazıçılar Birliyinin Natəvan klubunda ilk və son kitab təqdimatı oldu. Hamımız - Gənc Ədiblər Məktəbinin üzvləri, onun xətrini çox istəyənlər bəzənib-düzənib təqdimata getmişdik. Sevinirdik. İllah da qələminə, fikrinə hörmət etdiklərimiz Zərdüştün hekayələrindən danışandan ürəyimiz dağ olurdu. Mərasim bitdi, şəkil çəkdirdik. Zərdüşt bizə imzalı kitabını verdi. O kitabı hələ də ən əziz hədiyyə kimi saxlayıram. Sonra sağollaşıb aşağı düşdük. Heç kim ayrılmaq istəmirdi. Hava soyuq olsa da bir az da aşağıda dayandıq. Deyəsən, Elnaz Eyvazın telefonuna zəng gəldi. Rafiq Tağının bıçaqlandığını söylədilər. Çaşıb qaldıq. Təqdimatın sevinci ürəyimizdə qaldı. Bir neçə gündən sonra isə Rafiq Tağı dünyasının dəyişdi.”

Feyziyyə Soltanmurad Zərdüştün ölümündən sonra yazır: “Biz onun eləcə, sadəcə xəstəxanada olduğunu eşitdik uzaqdan-uzağa. Səni o pilləkənlərdən nə qalxan görmədik, nə düşən. Səni öləndə görmədik. Sən hardan çıxdın xəstəlikdən, xəstəxanadan – həyata, yaşamağa, unutmağa? Hamımız səni gözləyirik. ...Vaxt yoxdu, hamımız növbədəyik, hamımızı gözləyirlər. Xəstəxana palatalarında hərəmizi öz dərman resepti ilə əlində yelləyib ölüm çağırır bizi, Zərdüşt, səni gözləyirik, gəl görüşək, gedək.”
***
Zərdüşt Şəfi son müsahibəsində özü barədə olan fikirləri:
"1986-cı ildə özümdən asılı olmayan səbəblərlə doğulmuşam. Nə vaxt öləcəyim hələ dəqiq məlum deyil. Bir dəqiq bildiyim var: yolum uzundu, yüküm ağırdı! Dünyaya gələrkən heç kimlə heç bir şərtlə müqavilə bağlamamışam. Yeganə bağlılığım YARADANladı - bir tək onu tanıyıram bu dünyada qalan hər kəs və nəsnə şərtidi. Hər yaşdan dostlarım çoxdu. Hər birinin özünə görə hörməti var. Onlar varlığımın bənzərsiz şahidləridi. Mən də onların şahidlərindən biriyəm. Ən pis xüsusiyyətim ən yaxşı xüsusiyyətimlə bağlıdı: pisliyi də yaxşılıq kimi qətiyyən unutmuram! İndi heç nə yazmıram. Bilgisayarımda yarımçıq yazılar çoxdu, ancaq heç birini yazmaq, tamamlamaq haqqında düşünmürəm. Bayaq dediyim kimi, ədəbiyyata qarşı bir laqeydlik hissi yaranıb məndə, əgər keçib getsə, yenidən nə isə yazmaq haqqında düşünəcəm.”

Bu sözləri deyəndən üç ay sonra - 2012-ci il 3 avqust tarixində qan xərçəngindən vəfat edir.
***
Şərif Ağayar Zərdüşt Şəfini belə xatırlayır: “Zərdüşt Şəfi ilə gənc nəslin yarpaq tökümü başladı. Dalınca Mövlud, Mahmud... Onunla Mədəniyyət Nazirliyində işlədiyim vaxt yaxından ünsiyyətdə oldum. Mən tədbirlərə məsləhətçilik edirdim, o isə Gənc Ədiblər Məktəbinin kuratoru idi. Bir yerdə tez-tez olurduq. İnanılmaz dərəcədə mədəni və abırlı bir insan idi. Bəzən sərt zarafatlar edirdim, utandığından qızarırdı. Bu, mənə qəribə şəkildə xoş gəlirdi. Çünki ətrafımızda çoxlu abırsız adamlar vardı və Zərdüştün bu mühitdə belə saf qalmasına içimdə sevinirdim. Sonra yaxın dostlarını, atasını tanıdım, mütaliəsi və ədəbiyyat duyumu ilə tanış oldum, yazdıqlarını oxudum və təəccübüm tədricən əriyib getdi. Dar çevrəni əhatə edən dost məclislərimizdə çox zaman Zərdüşt də olurdu. Onu həmişə arzulayırdıq. Adamın yanındakı sakit, pozitiv və mütəvaze mövcudluğu inanılmaz dərəcədə xoş təsir bağışlayırdı. Çox adekvat idi. Mətləbi bir işarədən tuturdu. Ölümünü, yoxluğunu hələ də qəbul edə bilmirəm. Mənə elə gəlir, nə zamansa rastlaşacağıq və həmənki gülüşlə yaxınlaşıb görüşəcək mənimlə...”

Qardaşı Atilla xatirələrində qeyd edir: “Bir dəfə “vaynkomat”da bir falçı çıxıbmış Zərdüştün rastına. Ordan çıxan kimi mənə zəng vurmuşdu, görüşmüşdük. Gülə-gülə demişdi ki, bir falçı çıxdı qabağıma, qəribə arvadı idi, mənə dedi ki, sən cavan öləcəksən, gəl, sən mənə inan, qurban ver, xəta səndən uzaq dolansın. Mən də güldüm ki, ay arvad, əl çək məndən. Xəstəliyinin son günləri onu ən çox əsəbiləşdirən ayaqlarının tutmaması oldu. Ayağa dura bilmədiyi üçün əsəbiləşirdi.”
***
Zərdüşt ölümündən bir neçə gün əvvəl bir gecə qardaşına deyib ki, gəzmək istəyirəm, qardaşı maşınla onu bir az gəzdirib, halı qəfildən pisləşib, nəfəsi gedib-gəlməyib. Atilla çevrilib arxa oturacağa baxmağa qorxurmuş, nəsə soruşmağa da. Axır birtəhər mızıldanıb ki, Zərdüşt nəsə denən də, qorxuram axı. Zərdüşt sakitcə dillənib ki, qorxma, pəncərəni aç. Atillanın ürəyinə yerinə qayıdıb, sonra Zərdüşt qəfildən deyib: məni yaxınlıqdakı pirə apar, övliyaya nəzir demək istəyirəm. Gediblər. Min-bir əzabla ayağa durub, övliyaya nəzir verib və Atillaya deyib, qardaş, narahat olma, mənim elə dostlarım var ki, mən “invalit” olsam da, məni tək qoymazlar...

Ömrünün son günlərində nə qədər ağrı-acı çəksə də ağlamayıb. Qardaşı, atası istəyirmişlər ki, ağlasın bir az, ürəyi boşalsın. O isə ağlamır, əksinə gülür. Zərdüşt bircə dəfə ağlayır, o da dostu Qismətin Fəridlə Şəhriyarın tutulması ilə bağlı “Kulis”də gedən yazısına.
***
Zərdüşt ölümünə iki gün qalmış sayıqlayır, özündən gedirmiş, sonra ağlı üstünə qayıdanda deyirmiş ki, deyəsən, başım xarab olur... Bunu deyib, gülürmüş. Birdən oyanıb deyirmiş: “Rəşad müəllim burdadı?” Sonra yenə yatır, qəfil oyanıb: “Cavidə denən gəlməsin”, sonra yenə yatır və qan-tərin içində oyanıb deyir: “Qismətə denən getsin, yaxşı olacam, vallah yaxşı olacam...”

Ölümündən sonra “Mədəniyyət” kanalının Zərdüşt haqda “Cənab istedad” filmi çəkilib. Filmin ssenari müəllifləri Mintac Elsevər və Ruslan Mollayevdir.
***
Zərdüşt Şəfizadə hekayə və essələrindən əlavə həm də bir çox şeirlərin, bir tamamlanmamış və iki yarım qalmış romanının müəllifidir.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10