3 ay öncə, 24 avqust 2020-ci ildə Saatlı rayonuna icra başçısı təyin olunmuş masallılı Elmir Bağırov (o rayonun Hişgədərə kəndində anadan olub) ilk aylarda hansı addımları atıb?
Öncə 40 yaşlı masallılı icra başçısı Bağırov Elmir Məmməd oğlunun həyat yoluna qısa nəzər salaq.
Elmir Bağırov 28 aprel 1980-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər fakültəsinin “Politologiya” ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakultəsinin magistratura pilləsini fərqlənmə ilə bitirmişdir.
2003-2006-cı illərdə
həmin Akademiyanın əyani doktoranturasında təhsil almış, doktorluq dissertasiyasını müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2009-cu ildən təhsil aldığı bu Akademiyanın kafedralarında müəllim, baş müəllim, dosent əvəzi vəzifələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olur.
2005-ci ildə Heydər Əliyev Fondunun “azerbaijan.az” layihəsinin işçi qrupunun üzvü olmuş, 2006-cı ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Humanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir.
2014-cü ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 2016-cı il tarixindən Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il tarixli 2235 nömrəli Sərəncamı ilə Saatlı rayon İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Ölkənin qədim yaşayış məskənlərindən sayılan, 105 mindən artıq əhalisi olan Saatli rayonunda masallılı icra başçısının ilk addımları nədən ibarət olub?
Bir neçə mənbədən əldə etdiyimiz məlumata görə Saatlı Rayon Icra hakimiyyətinin yeni icra başçısı Elmir Bağırovun ilkin fəaliyyətini izləyən saatlılar onun cəsarətli və yenilkiçi kadr siyasətini təqdir edirlər.
Elmir müəllim öncə icra hakimiyyətinin yuxarı eşalonundan kadr dəyişikliyinə başlayıb. Elə ilk həftələrdə on ildən artıq bu vəzifədə çalışan 1-ci müavin İlham Quliyevi, daha sonra Humanitar məsələlər üzrə müavin Reyhan Ocaqovanı, arxitektura və tikinti şöbəsinin müdiri Yusifəli İsgəndərovu, ümumi şöbənin müdiri Vasif Allahverdiyevi, Baş mühasib Bəyim Quliyevanı (daha sonra onu başqa işə keçirib), köməkçisini, hətta binanın komendatını, xadimələrini işdən azad edib.
Sürücünü ondan əvvəlki başçı özü ilə gətirdiyindən o, vəzifədən gedən kimi sürücü də vəzifəsi ilə vidalaşıb. İcraya yeni sürücü gətirib
Komendant vəzifəsinə gələn də Bakıdandır.
Xatırladaq ki, təzə başçının təyinatına qədər Saatlının Təhsil Şöbəsinin və Statstika idarələrin müdirləri postları boş idi.
İHB-nin şəhər nümayəndəsi vəzifənin sahibi də vəfat etdiyi üçün həmin post sahibini gösləyirdi.
Hazırda Təhsil Şöbəsinə əvvəllər Bakıda, Zərifə Əliyeva adına məktəbdə müəllim işləyən, əslən saatlılı gənc müəllimə Günay Soltanova təyin edilib.
Şəhər nümayəndəsi vəzifəsini isə əvvəllər icra aparatında işləyəm Yaşar Qəhrəmanov təyin edilib.
10-a yaxın ərazi nümayəndəsi, müavini, mühasibi vəzifəsi ilə vidalaşıb.
Hazırda bu rayonda 15-ə yaxın vakansiya olan yüksək post var.
Hər yeni icra başçısının fəaliyyətində insanları ən çox maraqlandıran bir məqam olur – alacaq, ya almayacaq? Hansı icra başçısının keçmişi korrupsiya ilə bağlıdır, onların paklıq söhbəti ən azından gülməli çıxır. Amma Elmir Bağırov kimi keçmişi olduqca şəffaf olan şəxslərin isə rüşvətsiz işləməsinə inanmaq olur. Hazırda fəaliyyətinin 3 aya yaxın olmasına baxmayaraq onun kimdənsə rüşvət umması, alması, yaxud vəzifəyə təmənna ilə təyin etməsi barədə xırda detal belə yoxdur. Amma rayondakı “adamtutan” idarələrin rəhbərlərinin bu barədə fəaliyyəti birmənalı deyil.
Lakin yeni başçısının rayonunun imkanlı adamları, “bərgedən” sahibkarlarla tez-tez görüşlər keçirməsi də gözdən yayınmır.
Yerli sakinlər arzu edir ki, imkan daxilində insanlarla, xüsusən ziyalılarla daha çox təmasda olsun.
Yeni icra başçısının hədsiz sadəliyi, mədəniliyi, məntiqli çıxışları ona qarşı möhkəm inam yaradıb. Kadr siyasətində yüz ölçüb bir biçməsi də razılıqla qarşılanır.
n
Həm də maraqlıdır ki, icra başçısının özünün FB səhifəsi çox fəaldır.
Lakin hələ ki, Saatlı İcra hakimiyyətinin saytı, eləcə də rayonun yeganə qəzeti çox passivdir, yerli xəbərlərdən daha çox respublika xəbərlərinə yer ayırdığı üçün rayondakı işlər barədə normal, əhatəli məlumatlar əldə etmək olmur.
Hazırda insanlar yeni təyinatları maraqla gözləyirlər.
Görəsən, köhnələri hansı ruhlu, hansı səviyyəli insanlar əvəzləyəcək?
İlk addımlardan başlayan paklıq siyasəti davamlı olacaqmı?
Fərqli düşüncəli, sərbəst fikirli gənclərə meydan veriləcəkmi?
Xatırladaq ki, bu vaxta kimi 15-ə yaxın masallılı digər rayonunun rəhbəri olmuşdur. Bununla bağlı ayrıca yazı paylaşdığımızdan təkrar etmirik. Hazırda isə digər rayonlara rəhbərlik edən masallıların sayı 2-dir. Əhəd Abiyev-Daşkəsən rayonuna, yazımızın qəhrəmanı isə Saatlı rayonuna rəhbərlik edir.
Daha bir məqamı əlavə edək. Masallının Saatlıda rəhbər təmsilçisi olduğu halda, həmin rayonun da Masallıda rəhbər nümayəndəsi var. Masallı rayon məhkəməsinin sədri Firdovsi müəllim Saatlı rayonundandır. Bu yaxınlarda Firdovsi müəllimin atasının rayon Ağsaqqallar Şurası sədrinin müavini seçilməsinin isə yəqin ki, bu münasibətlərə dəxli yoxdur.
Beləcə yazıya nöqtə qoyuruq. Arzu edək ki, masallılı rəhbərlərin daim xoş sorağını eşidək, hər hansı əməlinə görə xəcalət çəkmək məcburiyyətində qalmayaq.
Zahir Əmənov. cenub.az