Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rütbələrini itirən marşallar – Bəzi çiyinlərdəki böyük ulduzların parıltısı siyasi oyunlarda sönüküb


SSRİ-nin hərbi elitasındakı marşallar xüsusi statusa malik olublar. Bu statusla onlara bir çox imtiyazlar verilib, mənzil, bağ evi, avtomobil, adyutant, Kreml xəstəxanasında müayinə və müalicə, dövlət məmurları üçün nəzərdə tutulmuş sanatoriya və pansionatlarda istirahət və s. Bütün bu imtiyazlarla yanaşı, onlar həm də ölkə üçün taleyüklü siyasi və hərbi məsələlərin müzakirəsində əsas söz sahiblərindən biri olublar.
70 illik mövcudluğu dövründə SSRİ-də cəmisi 41 nəfərə Sovet İttifaqı marşalı (ayrı-ayrı qoşun növləri üzrə marşallar nəzərdə tutulmur) rütbəsi verilib.
Sovet İttifaqı marşalı rütbəsi 22 sentyabr 1935-ci ildə SSRİ Xalq Komissarları Soveti və Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə təsis edilib. 21 noyabr 1935-ci ildə isə bu rütbə ilk dəfə olaraq beş nəfərə təqdim edilib. Vətəndaş müharibəsindəki xidmətlərinə görə Kliment Voroşilov, Mixail Tuxaçevski, Aleksandr Yeqorov, Vasili Blüxer və Semyon Budyonı SSRİ-də marşal rütbəsini ilk daşıyanlar olub.
first-soviet-marshals_857x0_49c.jpg (112 KB)
41 nəfərdən 20-si marşal rütbəsini İosif Stalinin hakimiyyəti illərində alıblar. O cümlədən Stalin də 6 mart 1943-cü ildən 27 iyun 1945-ci ilə qədər bu rütbəni daşıyıb. Müharibədən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə generalissimus rütbəsini alıb.
9 nəfər Nikita Xruşovun hakimiyyəti dövründə marşal olub. Həmin hərbçilərə rütbələri şəxsən Xruşov özü təqdim edib.
Leonid İliç Brejnevdən marşal rütbəsini 8 nəfər alıb. Orden və medal həvəskarı olan Brejnev özünü də bu rütbədən məhrum etməyib. 7 may 1976-cı ildə baş katib marşal rütbəsinə sahib olub və mayın 9-da Qələbə günü ilə bağlı Qırmızı meydanda keçirilən paradda Brejnev marşal mundirini uşaq sevinci ilə nümayiş etdirib.
220114.011193.7696.jpeg (70 KB)
15 aylıq hakimiyyəti dövründə Yuri Andropov 3 nəfəri marşal rütbəsinə layiq görüb. 25 mart 1983-cü ildə, eyni gündə 3 nəfər, SSRİ Silahlı Qüvvələrinin Baş qərargah rəisinin birinci müavini Sergey Axromeyev, SSRİ müdafiə nazirinin arxa cəbhə üzrə müavini Semyon Kurkotkin və digər nazir müavini, quru qoşunların komandanı Vasili Petrov Sovet İttifaqı marşalı rütbəsini alıblar.
13 aylıq hakimiyyətinin yarıdan çoxunu xəstəxanada keçirən Konstantin Çernenkonun kiməsə marşal rütbəsi verməyə nə həvəsi olub, nə də vaxtı. Yəqin bu rütbə həvəsində olanlar da baş katiblə görüşməyə imkan tapmayıblar.
SSRİ-də sonuncu marşal rütbəsini alan 1990-cı il yanvarın 20-də Bakıda və ölkəmizin başqa bölgələrində törədilmiş qanlı cinayətlərin aparıcı icraçılarından biri olan Dmitri Yazov olub. 28 aprel 1990-cı ildə bu rütbəni ona “məsləkdaşı” Mixail Qorbaçov şəxsən təqdim edib.
326813_original.jpg (83 KB)
41 nəfər Sovet İttifaqı marşalı rütbəsini daşıyanların hamısı bu rütbəni sona qədər çiyinlərində gəzdirə bilməyiblər. Brejnev, Andropov, Çernenko və Qorbaçovdan fərqli olaraq Stalin 4, Xruşov isə 2 marşalı rütbəsindən məhrum edib.
SSRİ-nin ilk marşallarından biri olan Mixail Tuxaçevski 11 iyun 1937-ci ildə marşal rütbəsindən məhrum edilib. Hərbi çevrilişə cəhddə ittiham olunan marşal 22 may 1937-ci ildə birbaşa Stalinin göstərişi ilə həbs olunub. 11 iyun 1937-ci ildə keçirilən məhkəmədə Tuxaçevski vəzifəsindən azad edilib, bütün təltifləri geri alınıb, o cümlədən marşal rütbəsindən də məhrum edilərək güllələnmə cəzasına məhkum edilib.
Digər ilk marşallardan biri Aleksandr Yeqorov cəsusluqda və hərbi çevrilişə cəhddə ittiham olunaraq 22 fevral 1939-cu ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə bütün təltiflərdən və marşal rütbəsindən məhrum edilərək ən ağır cəzaya, güllələnməyə məhkum edilib.
Vasili Blüxer də antisovet fəaliyyətdə ittiham olunaraq 22 oktybar 1938-ci ildə həbs edilib. Təltif və rütbəsindən məhrum edilən marşal 9 noyabr 1938-ci ildə “NKVD”-nin təcridxanasında aldığı işgəncələr nəticəsində vəfat edib.
Repressiya qurbanına çevrilən hər üç marşal Xruşovun hakimiyyəti illərində (ölümlərindən sonra) bəraət alıblar.
Marşal Qriqori Kulik 1937-1939-cu illərin represiyasından yayına bilsə də, Stalinin qəzəbindən yayına bilməyib. 1946-cı ildə onun rütbəsi general-mayora qədər aşağı salınıb. Amma cəza bununla bitməyib. 11 yanvar 1947-ci ildə Kulik antisovet fəaliyyətdə ittiham olunaraq həbs olunub və güllələnmə hökmünə məhkum edilib.
beria-pre113128 (1).jpg (89 KB)
Rütbədən məhrum edilən növbəti marşal Lavrenti Beriya olub. Xruşov mütləq hakimiyyətə sahib olmaq üçün Beriyanı məhv etmək yolunu seçib. Bu işdə ona digər bir marşal, Georgi Jukov yardımçı olub. 29 dekabr 1953-cü ildə Beriya bütün təltiflərdən və marşal rütbəsindən məhrum edilərək güllələnmə hökmünə məhkum edilib.
1958-ci ildə Xruşov daha bir marşalı, Nikolay Bulqanini rütbəsindən məhrum edib. Noyabrın 26-da Bulqaninin rütbələri general-polkovnik rütbəsi ilə əvəz olunub. Xruşov 1957-ci ildə baş vermiş hadisənin qisasını Bulqanindən bir il sonra alıb. Belə ki, 1957-ci ildə Xruşovu devirmək istəyən “antipartiya qrupu”na, Molotova, Kaqanoviçə və Malenkova dəstək verdiyinə görə Bulqanin rütbələrindən məhrum olunub.
Beləliklə, siyasi oyunlar 41 marşaldan 6-sının daşıdığı ulduzların parıltısana kölgə salıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10