Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Anam mənə və bacılarıma dərman vermişdi ki, əsir düşsəniz udun...” - FOTOLAR




“Kəlbəcərdən çıxanda mənim 11 yaşım var idi. Zallar kəndində doğulub böyümüşəm. Bu kənd mənim atamın adı ilə bağlıdır. Kəlbəcər dağında, oranın havasında uşaq da bir başqa saf olur. Kəndimizi atəşə tutsalar da müharibəni dərk etmirdik. Atılan top və raketin zərbəsi nəticəsində evimizin yanında quyu əmələ gəlmişdi, qardaşıma qoşulub ona baxmağa gedirdik. Doğma vətənimizi tərk etməyi ağlımızdan belə keçirmirdik. Aylarla mühasirədə qalandan sonra Kəlbəcəri itirdik. Biz evdə 5 bacı olmuşuq, yadımdadır ki, anam bizə dərman verdi, dedi ki, gördünüz ki, əsir düşürsünüz bunları udun. Ordan ayağyalın, başıaçıq gəlmişik”

Bu sözləri Moderator.Az-a aşıq Gözəl Kəlbəcərli (Zalova) bildirib. Tanınmış aşıq sevinc hisslərini də bizimlə bölüşüb.

“Kəlbəcərin adı gələndə hər zaman gözümün yaşı sel olurdu. Deyirdim ki, əgər cənab prezidentimiz oranı bizə qaytarsa, qarşısında səcdəyə gedəcəm. Allah onu və əsgərlərimizi qorusun, şəhidlərimizin ruhu şad olsun! Kəlbəcərin gözəlliyini deməklə qurtarmır. Allah sanki rəssam kimi çəkmişdi oranı. Kəlbəcəri nə qədər yandırsalar da bu torpağ yenə də yetişdirəcək, yenə də biz oranı abadlaşdıracaqıq. Yenə orada söz-saz ustaları yetişəcək. 

Mən 4 yaşımdan səhnələrdə böyümüşəm. Çox şən uşaq idim, amma Kəlbəcəri itirəndən sonra sanki mən içdən gülməyi, sevinməyi unutdum, özümə qapandım. Bu gün isə mənim artıq dərdim yoxdur. Bu gün ürəyimdə bükülmüş qərənfil qızılgül kimi pöhrələnir. Düzdü, o ağrılar, acılar heç vaxt yadımızdan çıxmayacaq, amma bu sevinc onların üstündən böyük bir xətt çəkir” deyə aşıq bildirib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10