Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mehri dəhlizinin Naxçıvana, Azərbaycana və bölgəyə açdığı unikal imkanlar


İqtisadçı ekspertlərdən ilginc şərh və proqnozlar; “Bu iki xətt imkan verəcək ki...”

Noyabrın 10-da Azərbaycan-Rusiya və Ermənistan tərəfinin imzaladığı bəyannamədə əksər politoloqların bir həftə öncəyə qədər əlçatmaz hesab etdiyi bir məsələ də öz əksini tapıb. Belə ki, Azərbaycanın diktə etdiyi tələblərin nəzərə alındığı sənədə əsasən, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi yaranacaq.
Sənədin 9-cu maddəsində deyilir ki, Mehri dəhlizi Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətinin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcək. Bəyanatın maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını da sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında da alternativ quru yolu olacaq.
Bəzi ekspertlər hesab edir ki, iqtisadi və logistik  baxımdan çox böyük əhəmiyyətə malik bu dəhliz Böyük İpək yolunun əhəmiyyətli parçasına çevrilə, hətta Bakı-Tiflis-Qars dəmiryoluna alternativ ola, onun əhəmiyyətini azalda bilər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, Türkiyə Naxçıvan Muxtar Respublikasına dəmir yolu inşa etməyi planlaşdırır. “Azərbaycanda yeni proseslər fonunda biz Naxçıvan istiqamətində dəmir yolu çəkməyi planlaşdırırıq”.
Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin 6 xeyri... - Əli Məsimli
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq nazir Fikrət Yusifov vurğuladı ki, Mehri dəhlizi və BTQ layihəsi yükdaşımalar üçün yeni imkanlar yaratmaqla bölgə dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək: “Bakı-Tiflis-Qars dəmiryolunun Naxçıvan sərhədlərinə qədər gəlib çatması nəzərdə tutulurdu və bu layihə bəyənilmişdi. Orada artıq çoxdandır işlər gedir. O dəmiryolunun Naxçıvan sərhədinə qədər uzadılması və Türkiyə üzərindən keçən böyük bir dairəvi yolun əmələ gəlməsi deməkdir.
Fikrət Yusifov: “Hamı bilməlidir ki, bizim xarici ticarət balansımızda  ixracımız idxaldan iki dəfə çoxdur”
Fikrət Yusifov
Bu da təkcə bölgədə yerləşən ölkələrin iqtisadiyyatına deyil, eyni zamanda digər qonşu ölkələrin iqtisadiyyatına da çox ciddi təsir edəcək amil olacaq. Bu gün Mehri üzərindən dəhlizin açılması da o deməkdir ki, Zaqafqaziyada Türkiyə ərazisi də daxil olmaqla geniş dairəvi yol ortada olacaq. Nəticədə yükdaşımalar üçün nəqliyyatın ən sərfəli yolu olan dəmiryolu ilə yüklərin daşınmasına səbəb olacaq ki, bölgədəki dövlətlərin iqtisadiyyatına da müsbət təsir göstərəcək”.
İlham Şaban: Şəhərin işıqlandırılması məsələsində Avropadan 15 il geridəyik  - Sozcu.az
İlham Şaban
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da “Yeni Müsavat”a danışarkən vurğuladı ki, bu dəhliz təkcə Azərbaycan üçün yox, ümumiyyətlə bölgə üçün çox əhəmiyyətlidir: “Bu günlərdə Türkiyənin infrastruktur və nəqliyyat naziri Adil Karaismailoğlu çoxmaraqlı çıxış elədi. O, Anadolu agentliyinə müsahibəsində dedi ki, artıq İğdır-Naxçıvan-Bakı dəmiryolunun layihəsi hazırdır. Türkiyə ilə Naxçıvan arasında dəmiryolu yaradılır, yerdə qalan hissə bərpa edilir. Çünki sovet dövründə dəmiryolunun o hissəsi var idi. Bununla yanaşı, Bakı-Tiflis-Qars dəmiryolu da mövcuddur. Bu iki xətt imkan verir ki, Türkiyə Azərbaycana öz yükdaşımlarını, o cümlədən sərnişin daşımlarını həyata keçirsin. Azərbaycanla iqtisadi əlaqələrində məkana uyğun olaraq daha çevik, daha adekvat manevr imkanları qazansın. Bundan əlavə, neçə illərdir layihə şəklində şimal-cənub dəmiryolu layihəsini, yəni Rusiya-Azərbaycan-İran dəmiryolunu gerçəkləşdirməyə çalışırıq, bizdən asılı olmayan səbəblərdən İran üzərindən Qəzvin-Rəşt-Astara dəmiryolunu gerçəkləşdirmək yubanır. İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra o layihəni icra edən Qərb şirkətləri İranı tərk etməyə məcbur olmuşdular. Naxçıvandan Təbrizə və Tehrana dəmiryolu mövcud olduğundan, biz real olaraq birbaşa bu xətdən istifadə etmək imkanı qazanırıq”.
İ.Şabanın sözlərinə görə, bundan əlavə, biz həm də quru avtomobil yolu ilə Naxçıvana birbaşa çıxış imkanı, o cümlədən Naxçıvanın təminatını gücləndirmək imkanı əldə edirik: “Müstəqillik illərində biz Naxçıvanın təminatı üçün nə qədər böyük əziyyətlər çəkdik, Naxçıvanın enerji təminatı üçün də Azərbaycan qonşu ölkələrin ərazisindən istifadə etməli, bunun üçün əlavə xərclərə getməli olur. Ötən il Azərbaycan və Türkiyə hökumətlərinin Bakıda keçirilən yüksək səviyyəli görüşün nəticəsi olaraq, Rəcəb Tayyib Ərdoğan Qars-İğdır-Naxçıvan magistral qaz kəməri layihəsini təklif etmişdi. Bununla da Azərbaycan Naxçıvanın enerji təminatının şaxələndirilməsini həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. İran üzərindən Naxçıvanın qaz təminatı kifayət qədər baha başa gəlir. Ancaq əgər indi 7 rayon və Qarabağın azad olunmuş ərazilərinin qaz təminatı üçün magistral kəmər çəkiləcəyini nəzərə alsaq, o  zaman bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq. Bu, çox böyük əhəmiyyətə malik bir layihə olardı”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10