Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Deputata yanlış fikirlərinə görə töhmət verilib


Könül Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə zidd sayılıb
 
Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən AYNA-ya bildirilib ki, toplantıda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb.
 
Qeyd olunub ki, noyabrın 12-də Türkiyənin “TV Net” telekanalına müsahibə verən K.Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə ziddir, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir.
 
Ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Könül Nurullayeva deyib ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil.
 
Komissiyanın üzvləri qeyd ediblər ki, son 200 ildə müntəzəm olaraq Azərbaycan xalqına qarşı təcavüz aktları həyata keçirən, torpaqlarımıza göz dikən, 30 il Dağlıq Qarabağ bölgəsini  və ətraf rayonları işğalda saxlayan, həmin ərazilərdə dəhşətli dağıntılar törədərək Azərbaycan insanlarına və ölkənin iqtisadiyyatına, tarixi-mədəni-dini obyektlərimizə milyardlarla manatlıq ziyan vuran, Xocalı soyqırımını törətmiş olan Ermənistandan təzminat tələb etmək bizim haqqımızdır və belə bir prosedur beynəlxalq hüquqda təsbit olunub.
 
Bildirilib ki, Vətən müharibəsi ilə, xalqımızın ümdə hüquqları ilə bağlı çıxışlarında hər bir deputat məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını mütləq nəzərə almalıdır.
 
Müzakirələrin yekununda İntizam komissiyası deputat K.Nurullayeva barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10