Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu da erməni “hüquq müdafiəçiliyi”...


Onların istəyi insanlar arasında barışıq olması deyil
 
Yəqin ki, bir çox oxucu “Hochland” pendirinin reklamındakı uşağın sualına verilən cavabı xatırlayır: “Baba, yadplanetlilər var?”, Valideyn cavab verir: “Xeyr, oğul, bu, fantastikadır!” Sonra tamaşaçı ekranda başqa bir planet görür və oranın da sakini olan yad planetli uşaq da atasına eyni sual verir və eyni cavab alır – “Bu, fantastikadır!”.
 
Sonralar reklamda işlədilən bu ifadə memə çevrildi. Bugünlərdə erməni hüquq müdafiəçisi Georgi Vanyanın Ermənistan Baş naziri Nikol Paşinyana açıq məktubu ilə müraciətinə rast gələndə də bu ifadəni xatırladım. Niyə? Çünki kimsə məndən erməni insan haqları müdafiəçilərinin olub-olmadığını soruşsa, cavab verəcəyəm: “Xeyr, bu, fantastikadır”.
 
“Facebook” səhifəsində Vanyan, Ermənistan Baş nazirini xalqına qarşı cinayətləri dayandırmağa çağırırdı və bu müraciətdə bir çox düzgün məsələlər qeyd edilirdi. Məsələn, Ermənistan Respublikasının öz vətəndaşlarına qarşı cinayətləri barədə. Həmçinin, “qonşuya qalib gəlmirlər, onu məğlub etmirlər, onu tapdalamırlar, eyni dildə danışma qabiliyyəti görünənə qədər, qarşılıqlı anlaşmaya qədər qonşu ilə danışırlar” kimi ifadələri də pozitiv qəbul etmək olar.

Məktubda “strateji müttəfiq”in, yəni Rusiyanın gücünə inam kimi cinayət səviyyəli yalana uymamaq çağırışı da var. Və “soyqırıma məruz qaldığınızı tanıması üçün beynəlxalq ictimaiyyətdən sədəqəyə bənzər utancverici ümid” haqqında da Vanyan Paşinyana yazdı. Göründüyü kimi, o da Azərbaycanın erməni işğalçılarına qarşı qurtuluş müharibəsini “soyqırım” adlandırır. Yeganə fərq - işğalçı ölkə üçün xarici qüvvələrdən kömək gözləməməyə çağırmasıdır.
 
Məktubda deyilir: “Son 30 il ərzində, xüsusən də bu gün bizim bir müttəfiqimiz ola bilərdi və var ki, bu da qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın”. Məsələ barədə məlumatı olmayan, xüsüsən də xaricdə yaşayan insanlar Ermənistanın Azərbaycanla, hətta müttəfiqlik səviyyəsində münasibət qurmağın lazım olduğunu birdən anladığına inana bilərlər.
 
Reallıq isə tamamilə fərqlidir. Hər şeyin Azərbaycanofobiya və türkofobiya zülmətinə büründüyü Ermənistanda, yalnız insan hüquqları müdafiəçiləri kimi görünən, ölkəmizlə barışığın tərəfdarları rolunu oynayan süni şəkildə yaradılmış personajlar ola bilər. Əlbətdə ki, onlar bu cür xanımlara və bəylərə beynəlxalq təşkilatlardan qrant alaraq pul qazanmağa imkan verən Ermənistan xüsusi xidmət orqanlarının tam nəzarəti altındadırlar.
 
Eyni zamanda, bu personajların efirdə görünməsi heç vaxt təsadüfi deyil. Beləliklə, Vanyanın Paşinyana müraciəti də  hazırkı Ermənistan Baş nazirinin siyasi ölümünün yaxın vaxt məsələsi olduğu anlaşılmasına təsadüf edir və hərbi məğlubiyyəti başa düşən erməni tərəfinin təcili olaraq “şahinlər”lə birlikdə “barış göyərçinlərinin” işləməsinə imkan verməsi deməkdir.
 
Vanyan bu mənada yalnız ilk sınaqverəndir. Bundan sonra erməni hüquq müdafiəçiləri adlandırılan digər xanımlar və cənablar da danışacaqlar. Ən maraqlısı budur ki, müharibə bitdi və bundan sonra, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri azad edildikdən sonra “xalqlar arasında dialoq” üçün böyük məbləğlər ayrılacağını başa düşən müxtəlif səviyyəli yerli qrantyeyənlərimiz də onlara züy tutacaqlar. Qərb çoxsaylı fondları vasitəsilə bu “dialoqa” pul ayıracaq. İndi də köhnə tərəfdaşlar tərəfindən bu istiqamətdə işlər artıq başlayıb.
 
Əminəm ki, bunun heç bir praktiki nəticəsi olmayacaq. Çünki Gəncə və Bərdə bombalandıqdan sonra, ölkəmizdə 92 mülki şəxsin öldürülməsindən sonra “xalqlar arasında dialoq” üçün heç bir əsas qalmayıb. Həm də ona görə ki, Azərbaycan torpaqlarını danışıqlar masasında sülh yolu ilə deyil, ancaq şəhidlərinin, qəhrəmanlarının canları bahasına geri qaytarmaq məcburiyyətində qaldı və erməni tərəfi, dörddə bir əsrdən çox müddət işğal edilmiş torpaqlarımızı itirəndən sonra, minlərlə insanın ölümündən, əsgər və zabitlərinin qırılmasından sonra də real dialoqa hazır olmayacaq. Orada, əksinə, ölkəmizə, xalqımıza nifrət dərəcəsi artacaq, bu da dünyanın müxtəlif ölkələrində azərbaycanlı siyasətçilərə və məşhur şəxslərə qarşı terror hücumlarına səbəb ola bilər.
 
Sübut olaraq, erməni hüquq müdafiəçilərinin reallıqda nə ilə nəfəs aldıqlarını, çağırış etdiklərini xatırlatmaq istəyirəm. Məsələn, bu yaxınlarda Karen Ohacanyan özünün “Facebook” hesabında Ermənistanın hərbi-siyasi rəhbərliyini hərbi cinayətlər etməyə çağırdığı bir status yerləşdirdi: “Mən Ermənistan rəhbərliyinin və “Artsax”ın məntiqini başa düşmürəm (bundan sonra dırnaqlar müəllifindir - red.). Niyə Azərbaycanın yaşayış məntəqələri yerlə yeksan olunmur?! Nəyi gözləyirik?!”.
 
O, “Ermənistan ordusunu, bütün dağıdıcı arsenalını Azərbaycanın yaşayış məntəqələrinə və iqtisadi potensialına qarşı istifadə etməyə” və “yandırılmış torpaq prinsipi” ilə hərəkət etməyə çağırdı. Erməni politoloq, Demokratiya Tərəfdaşlığı Mərkəzinin sədri, “Erməni dini” saytının redaktoru, Stepan Danielyan bu çağırışları demək olar ki, sözbəzsöz təkrarladı.
 
Danielyan özünün “Facebook” səhifəsində açıq şəkildə terror xarakterli status yazıb: “Sərsəng su anbarını partlatmaq, Azərbaycana gedən çayları zəhərləmək, bütün meşələri yandırmaq lazımdır. Və son çarə olaraq, “Artsax”da yerləşdirilən nüvə stansiyasının tullantılarını yaymaq. Ermənilər orada yaşamırsa, heç kim orada yaşamayacaq”.
 
Bəli, daha sonra bu yazını “Facebook” səhifəsindən sildi. Ancaq “Telegram” kanalları ilə yayıldı, skrin-şotlar qorunub saxlanıldı və K.Ohacanyanın yazısı erməni cəmiyyəti arasındakı əsl əhval-ruhiyyədən və nəyə hazırlandığından xəbər verir. Ermənistan rəhbərliyinin Azərbaycanın mülki əhalisinə davam edən hücumlar şəklində həyata keçirdiyi terror aktları da bunu göstərir. Bu şərtlər altında, insanlar arasında barışığın ola bilməyəcəyi aydındır. Ancaq Ermənistan xüsusi xidmət orqanlarının bir “insan hüquqları müdafiəçisi”nin layihəsi adı altında tapşırığının icrası tamamilə mümkündür. Eyni zamanda onlar Qərbin ayırdığı qrantlar hesabına pul da qazanacaqlar...

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10