Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənilərin ən qədim dostu


Dünən bir xəbər gördüm, təəccübləndim: Kerolayn Koks İrəvana gəlmişdi. Mən elə zənn  edirdim Britaniya lordlar palatasının üzvü olan bu qoca kaftar çoxdan cəhənnəmə vasil olmuşdur. Yaşayırmış. 83 yaşındaymış. 90-cı illərdə bu cinayətkar arvad (burada hüquqi baxımdan yanlışlıq yoxdur, Koks dəfələrlə Azərbaycan sərhədlərini qanunsuz keçərək Qarabağ separatçılarının yanına gəlmişdir, öz soyadını bizim XİN-in “persona non qrata” dəftərində başdan yazdırmışdır) Ermənistanın xunta rejiminə dəstəyi ilə tanınır, aybaşı, yəni hər ayın başında azərbaycanlıların əleyhinə bəyanatlar verirdi. İndi yenə gəlib öz çoxəzablı dostlarına təskinlik versin.
Əlbəttə, lordlar palatası heç Britaniyanın özündə də, pis çıxmasın, bir zada dərman olmayan idarədir. Təxminən bizim köhnə, Ramiz müəllimin siyahı-dəftərləriylə düzəldilən deputatxanalarımız kimi idarədir. Ağsaqqallar, ağbirçəklər, tayfa-klan liderləri, baronlar, perlər-zadlar burada yığışıb nəsə vərəvürd edərlər. Mənim diqqətimi çəkən isə Ermənistanın qədim dövrdə qalmağının növbəti sübutu idi. Bunlar nəinki döyüş meydanında köhnə, paslı tüfənglərlə, 1941-45 texnologiyaları, hərbi taktikası ilə döyüşürdülər, dostlarını da qədimlərdən tapıb çıxarırlar. Yenə xüsusi qeyd edirəm ki, baronessa Koks yaşda meşədə ağac qalmayıb, bunun bütün yaşıdları çoxdan London torpaq şöbəsinin işçiləridir, bu isə atılıb-düşərək öz erməni dostlarının yanına cumubdur.
Ancaq ədalət naminə erməni xalqının qabırğasına çox döşəməyək. Erməni xalqı, mənim fikrimcə, artıq nəyin nə olduğunu başa düşür, nisbətən özünə gəlmişdir. İzah edəcəyəm. Öncə biz məğlubiyyətdən sonrakı açıqlamalara diqqət edək. Orada Ermənistanın baş naziri, Dağlıq Qarabağın separatçı lideri bir detalı xüsusi vurğuladılar: “Döyüşməyə adam tapmırdıq”. İrəvanda şəkil çəkdirən, guya cəbhə xəttinə yollandığını bəyan edənlərin çoxu heç Gorusa da getməyibmiş. İnternetdə 44 gün dayanmadan boşboğazlıq edən, Aram Qabrelyanovun şou-bloqeri Peqovun yanınca tula kimi dolaşan Araik Arutyunyanın bir etirafı xüsusilə maraqlıydı. Deyir ki, davanın lap ilk günlərində azərbaycanlılar Talış-Madagiz-Ağdərə istiqamətində güc gələndə mən Ermənistan ordusunun xüsusi təyinatlılarını onlara qarşı əməliyyata aparmaq istədim, lakin hamısı qorxdular, getmədilər. Sitat: “Mən hətta qabaqda özümün şəxsən döyüşə gedəcəyimi söylədim, lakin onlar gəlmədilər, məni tək qoydular”.
Mənim fikrimcə, burada təkcə erməni əsgərlərin qorxusu rol oynamayıb. Sadəcə, erməni xalqı yavaş-yavaş da olsa başa düşür ki, ona başçılıq edənlər bir sürü fırıldaqçı, oğru, quldur klanlardır (sözgəlişi, əslində ermənilərin 90-lardakı qarabağlı liderləri Köçəryan və Sərkisyanın savaş qəhrəmanı olması kökündən şişirdilmişdi, erməni mənbələrinin özü də bu şəxslərin gerçək döyüş əməliyatlarında iştirakı haqda heç bir məlumata malik deyil). Paşinyanın bu klanların ifşasında rolu danılmazdır, keçən ilin yayında qəribə şəkildə gicləməyə başlamasa, yaxşı işlər görürdü. Misal üçün, 2018-də Manvel Qriqoryan adlı bir “Qarabağ qəhrəmanı”nı dama basmışdı, onun az qala şəxsi zooparkına qədər varıydı. Villasından bəlkə bir diviziyaya çatacaq silah-sursat, ərzaq çıxmışdı. Ermənilər ona “Tuşonka Manvel” adı qoymuşdu.
Köçəryanın, Sərkisyanın, başqalarının biznesi, var-dövləti də ölçüyə gəlmir. Dünən Araikin Ağdərədə minlərlə hektar əkin-biçin sahələrinin olduğunu açıqladılar. Erməni xalqı bunları görmürdümü? Görürdü. O üzdən heç kim hansısa xəyali “Arsax” uğrunda canını vermək istəmirdi. Artıq internet əsridir, insanlar insan kimi yaşamaq istəyirlər, onları düşük ideologiyalarla ölümə göndərmək çətindir. Beş-on nəfəri aldatmaq olur, o da bütün Qarabağın perimetrinə çatmadı. Nəticədə, bir erməni generalın etirafındakı durum yarandı: “Azərbaycanlılar Zəngilanı 3 pikapla azad elədilər”.
O cümlədən həmin o ala itdən məşhur erməni lobbisi də Ermənistana lazımi yardım və diqqəti niyə göstərmədi? Çünki baxdılar qabaq göndərdiklərinin hamısı oğurlanıb.
Bircə Koks bivəfa çıxmır, onu da bilmək olmaz, bəlkə heç Qarabağın əldən getdiyini anlayacaq durumda deyil.   

Zamin HACI
musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10