Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağ əlili başçıya bələdiyyədən şikayət edib kömək istəyir


Şikayətçi yazır:

"Hörmətli Namiq müəllim!

Əslində, bu şikayət ərizəsini sizə məktub vasitəsilə göndərdim, amma cavab verilmədi. Görünür, məktubumu masanızın üstünə qoymayıblar. Bunu işçilərinizdən soruşarsısınız. İndi isə məcbur olub sizə mətbuat vasitəsilə müraciət edirəm. Əlbəttə, bu gün torpaqlarımızın müzəffər ordumuz tərəfindən işğaldan azad edilməsi hamı kimi, məni də sevindirir. Çünki mən də vaxtilə torpaqlarımızın azadlığı uğrunda Qarabağ döyüşlərində qanımı tökmüşəm. İkinci qrup əliləm, bir biləyim amputasıya edilib, bədənimdə, hətta gözümün içində belə qəlpələr var. Belə bir vaxtda bəlkə də sizə müraciət etməyimin yeri deyil, çünki hamımızın başı müharibəyə qarışıb, amma buna məcbur qaldım. Sizə uzun illərdir ki, Muğan bələdiyyəsindəki özbaşınalıqlar haqda məlumat vermək istəyirdim.

Hörmətli cənab başçı!

Rayonumuzun keçmiş icra başçısı Əziz Əzizovun vaxtında Muğan bələdiyyəsində kifayət qədər saxtakarlıqlar baş verib və bu günə kimi biz sakinlər bunun əziyyətini çəkirik. Müxtəlif dövrlərdə Muğan kəndində icra nümayəndəsi və bələdiyyə sədri işləyən Maşlıq kənd sakini Rasif Həsənov kəndin torpaq sahələrini öz dədə malı kimi qohum-əqrəbaları arasında pay-püşt edib. Amma illərdir ki, mən ikinci qrup əlil olaraq bir sot torpaq sahibi deyiləm. Maşlıq kəndində Rasif Həsənovun qayınatası Əşrəf Şahbazovun təkcə 75 hektar torpaq sahəsi var. Maşlıq kəndinin girişində sol tərəfdə hektarlarla torpaqlar Rasif Həsənova, onun bacısına və baldızına məxsusdur. R.Həsənov Muğan bələdiyyəsində işlədiyi dövrdə çox saxtakarlıqlara yol verib. Lakin R.Həsənov onun saxtakarlıqlarını üzə çıxaran adamlara torpaq verərək onları susdurmağa çalışıb. Məsələn, 2013-cü il yanvarın 28-də Muğan bələdiyyəsinin vəzifəli şəxslərinə Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdı. Həmin məlumatla Baş Prokurorluğun saytında bu linkə daxil olmaqla tanış ola bilərsiniz: https://genprosecutor.gov.az/az/post/1117. Həmin açıqlamada bildirilir ki, "Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəmişdir. Bundan başqa, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illər ərzində müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulmuşdur. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Onu da qeyd edim ki, R.Həsənov bu qədər yeyintidən sonra həbs edilmək əvəzinə, sehirli qüvvələrin köməyi ilə yenidən Muğan bələdiyyəsinə sədr təyin edildi. Təbii ki, burda keçmiş icra başçısı Əziz Əzizovun "xidmətləri" misilsiz idi. Ancaq R.Həsənov növbəti dəfə bələdiyyə sədri seçilmək istəsə də, bu planı baş tutmadı. Lakin bildiyiniz kimi onun oğlu Vasif Həsənov hazırda Muğan bələdiyyəsində təmsil olunur. Bunda sonra R.Həsənov özünün əlaltıları ilə Muğan bələdiyyəsinə sədr təyin olunan Aygün Məlikovaya qarşı qarayaxma kampaniyasına başladı. Təbii ki, bütün bu planlar bir işə yaramadı. Hələ bu azmış kimi, R.Həsənov feyzbuk sosial şəbəkəsində sizin əleyhinizə hazırlanan süjeti paylaşaraq bəh-bəhlə yazdı ki, "bu da yeni təyin olunmuş başçının monopoliyası, nə deyilir həqiqət deyilir, yerində yoxlaya bilərsiniz".

Təbii ki, bu, R.Həsənovun növbəti dəfə sizə qarşı apardığı qarayaxma kampaniyası idi. Çünki sizin icra başçısı olduğunuz vaxtda R.Həsənov Muğan bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılmasını heç cür həzm edə bilmir. Amma çox təəssüflər olsun ki, indi siz R.Həsənovu yenidən Muğan bələdiyyəsində vəzifəyə təyin etdiyiniz. Çox güman ki, siz onu yaxşı tanımırsınız.

Qarabağ əlili olaraq ailəmi dolandırmaq üçün Muğan kənd bələdiyyə sədri Aygün Məlikovaya müraciət edərək qanuni şəkildə mənə taxıl əkmək üçün icarəyə torpaq verməsini xahiş etdim. Aygün Məlikova R.Həsənovun illərdir sənədsiz əkib becərdiyi 10 hektar torpaq sahəsini aşkar etdiklərini bildirdi. Daha sonra isə həmin torpaq sahəsini qanuni şəkildə mənə verdi. Təbii ki, mən də 10 hektar torpaq sahəsinin dövlət rüsumunu ödədim və sənədini aldım. Həmin torpaq sahəsində taxıl əkdim. R.Həsənovun qayınatası Əşrəf Şahbazov isə mənə mane olmağa çalışır. Çünki R.Həsənov çoxsaylı saxtakarlıqlar etdiyi üçün ortaya çıxa bilmir və qayınatasını qabağa verir. Ə.Şahbazov iddia edir ki, guya bu torpaq ona məxsusdur. Hansı ki, Ə.Şahbazovun əvvəldə qeyd etdiyim kimi, 75 hektar torpaq sahəsi var və illərdir o yerləri əkib becərir. Ancaq bələdiyyə tərəfindən bildirilir ki, həmin torpaq sahələrinin illərdir ki, icarə müqaviləsi bitib. Amma mənə hədə-qorxu gəlir ki, "sən o torpaq sahəsinə gəlsən, orada qan düşəcək". Axı bu torpaq uğrunda Ə.Şahbazov yox, mən qanımı tökmüşəm. Hələ bu azmış kimi, Ə.Şahbazovun və R.Həsənovun şikayəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cəlilabad Ərazi Şöbəsinin mütəxəssisi Nizami Tağıyev tərəfindən mənə 500 manat cərimə yazılıb. Bir sözlə, uğrunda qanımı tökdüyüm torpağa görə cərimə olunuram. Məsələ ilə bağlı şöbədə də oldum, ancaq heç bir köməklik göstərilmədi.

Bir məsələni də qeyd edim ki, bu qədər torpaqları öz qohum-əqrəbasına paylayan R.Həsənovun ətrafını araşdırın, görün Qarabağ müharibəsinə hansısa bir yaxını gedibmi? Bu gün gənclərimiz könüllü olaraq ordu sıralarına yollanır. Təəssüf ki, oğlan övladım yoxdur, yoxsa günü bu gün onu ordu sıralarına göndərərdim. Amma mən özüm ehtiyac olarsa, tək əlimlə yenə torpaqlarımızın müdafiəsinə qalxmağa hazıram.

Hörmətli cənab başçı!

Sizdən xahiş edirəm, torpağımı rahat şəkildə əkib-becərmək üçün mənim təhlükəsizliyimi təmin edəsiniz. R.Həsənovun və qayınatası Ə.Şahbazovun bu özbaşınalıqlarına son qoyulması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Bununla yanaşı, R.Həsənovun saxtakarlıqlarının araşdırılması üçün aidiyyəti qurumlara göstəriş verəsiniz. Çünki R.Həsənov öz qohumları ilə yanaşı, digər şəxslərin də yüz hektarlarla torpaqları zəbt etməsinə şərait yaradıb. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10