Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İcra başçısının qəbuluna düşə bilmirəm, bələdiyyə sədri isə məndən pul tələb edirdi...”


Cəlilabad rayon Muğan kənd sakini Filatova Zərqələm Ağasala qızı 2007-ci ildən bəri əkib-becərdiyi 20 sot torpaq sahəsinin onun əlindən alındığını bildirir. Çarəsiz qalan qadın son ümid yeri kimi Moderator.az-ın redaksiyasına üz tutub. Hazırda qarşı tərəflə məhkəmə çəkişməsi davam edən qadın, aidiyyatı qurumlardan kömək istəyib:

“Mən Filatova Zərqələm Ağasala qızı 1956-cı ildə anadan olmuşam. Dörd oğul anasıyam və onlardan ikisi əlildi. 2007-ci ildə Muğan bələdiyyəsinə müraciət etdikdən sonra keçmiş bələdiyyə sədri Hakim Əhmədov mənə 20 sot torpaq sahəsi verdi. Həmin ildən bəri torpaq sahəsini əkib-becərərək ailəmi dolandırmağa çalışıram. Bu illər ərzində çox çalışsam da maddi imkanım olmadığı üçün həmin ərazidə oğluma ev tikə bilmədim və indi də ailəsiylə kəndin uşaq bağçasında yaşayır. Torpaq sahəsi oğlanlarım Rəşad və Ruslanın adına sənədləşdirilib”.


“R.Həsənov mənə dedi ki, pul ver...”

“H.Əmədovdan sonra kəndimizə bələdiyyə sədri təyin olunan Rasif Həsənov vəzifəsindən çıxmamışdan öncə mənə dedi ki, torpağını sənədləşdirmək üçün pul ver, yoxsa başqasına satacam. Mən də dedim ki, maddi imkanım yoxdur, həyat yoldaşım paralic keçirib. Özüm keçirdiyim avtomobil qəzasına görə hələ də səhhətimdəki problemlərdən əziyyət çəkirəm. Elə oldu ki, R.Həsənov bələdiyyə seçkilərində sədr vəzifəsindən çıxdıqdan sonra başıma olmazın oyunları gəldi. Rayonun Maşlıq kənd sakini Feyzullayev Ceyhun Fətəli oğlu torpaq sahəmə gələrək dedi ki, bura mənim ərazimdir, sahəmdən çıx. Mən də dedim ki, 2007-ci ildən buranı mən əkib-becərirəm, əlimdə sənədim var, necə ola bilər ki, bura sənin olar? Elə oldu ki, C.Feyzullayev məni Cəlilabad rayon Məhkəsinə verdi və hazırda çəkişməmiz davam edir”.


Şikayətçi problemiylə bağlı icra başçısının qəbuluna düşə bilmədiyini iddia edib:

“Məsələylə bağlı dəfələrlə Cəlilabad rayon İcra Hakimiyyətinə getmişəm və icra başçısı Namiq Zeynalovla görüşmək istəsəm də, bu mümkün olmayıb. Başçının qəbuluna düşmək çox çətindi. Amma mən problemimi orda məsul şəxslərə nəql etmişəm. Təəssüflər olsun ki, heç bir kömək yoxdur. Xahiş edirəm Cəlilabad rayon İcra Hakimiyyəti mənim fəryadımı eşitsin”.

Məsələylə bağlı əməkdaşımız keçmiş bələdiyyə sədri Hakim Əhmədovla danışıb. H.Əhmədov bildirib ki, əslində şikayətçi haqlıdır və onu torpaq sahəsindən çıxarmaq düzgün deyil:

“Z.Filatovanın əlində bələdiyyənin sənədi var. Biz torpağı xəritəylə verirdik və yəqin ki, bunu dəqiqləşdirmək lazımdır. Sputnikdən vurub bu ərazinin kimə məxsus olduğunu müəyyən etmək lazımdır. Qarşı tərəfin əlində şəhadətnamə olsa da, onun Muğan kəndi ərazisində yeri ola bilməz”.


Keçmiş bələdiyyə sədri Rasif Həsənov da şikayətçinin ittihamlarının əsasız olduğunu və ondan pul istəmədiyini bildirib:

“O torpaq sahəsi mənim vaxtımda Z.Filatovaya verilməyib. Bütün bunlar mənim işlədiyim vaxtdan əvvəl olub. Ona görə də kim torpağı veribsə, onlar da cavab versinlər. Qaldı ki, mən Z.Filatovadan pul tələb etməmişəm. Onda mən nə kişiyəm ki, imkansız qadından pul tələb edim. Baş verənlərin mənə heç bir aidiyyatı yoxdur”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10