Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daim ucalasan savaş günündə - Bayraq haqqında ən gözəl şeirlər


9 noyabr Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə bayrağımıza həsr olunmuş ən yaxşı şeirləri təqdim edirik.

Əhməd Cavad : Azərbaycan bayrağına
Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma -
Dinlətsin dərdini aha, bayrağım!
Qayı Xan soyundan aldığın rəngi,
Qucamış Elxanla, müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!

Cəfər Cabbarlı: Azərbaycan bayrağına
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmyan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərli od yurdu!
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İstiqlal!
Yürəyində bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Əbdülxaliq Cənnəti: Bayrağımız
Olsa meydanda əgər şəqqəgüşa bayrağımız,
Düşmənin qəddini etməzmi düta bayrağımız?
Çün hilali çəkib ağuşə səadət təcmin,
Məhi-nov tək olub əngüştnüma bayrağımız.
Görsə köksündəki ay-yulduzu, göz xirələnir,
Bərqi-lame kimidir çöhrənuma bayrağımız.
Donadılmış gül ilə, səbzə ilə, zənbəq ilə,
Sanki gülşəndə tapıb nəşvü nüma bayrağımız.
Qibleyi-taəti-ixfvanı-səfadır, əlhəq,
Kəfəni-cismi-şərifi-şühəda bayrağımız.
Ta ki türk oğlu ayıqdır, vətəni qoruyacaq,
Yatmayıb, yatmayacaqdır əbəda bayrağımız!
Cənnəti, xiteyyi-Azərbaycan cənnətdir,
Sayə salmış ona tuba kimi ta bayrağımız.

Bəxtiyar Vahabzadə: Bayraq
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Sabir Rüstəmxanlı: Bayrağım
Başımızın üstündə dalğalanan, dev bayrağım!
Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
Dalğalan, qoy havanla Bakımız küləklənsin,
Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!
Bu məğrur ucalıqda tarixin ərintisi,
Səni kəfən yerinə geyənlərin gur səsi!
Səni ümid yerinə qəlbində gizləyənlər
Əsarətin, işğalın sonunu gözləyənlər,
Səni namus səngəri, Səni qutsal əmanət,
Səni ocaq sayaraq gizli əzizləyənlər,
Dərindən nəfəs alıb dincəlsinlər süsündən.
Sənə əyri baxanlar dağlansınlar gözündən...
Hava tutqun olanda Ayı çək qucağına,
Ulduzun işıq səpsin yurdun hər bucağına!
Mavi – türklük şərəfim, varlığımız əbədi!
Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!
Qırmızı da al qanım, axdı vətən yolunda,
Əsarət zəncirini atmaq üçün qolumdan!
Ucal başımız üstə, ruhumuz kimi ucal!
Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!
Dünən səni cıraraq ayaqlara atanlar
Qızıldan tökdürərək oxşasın sinəsində!
Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.
Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,
Daha sənə əl çatmaz dursalar da, qəsdində.
Bu gün azadlığımsan Bakının göylərində,
Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

Ramiz Qusarçaylı: Azərbaycan bayrağı
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı!

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı !

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı!

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10