Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəmiyyət yeni uğurlar üçün səbirsizlənib, amma: Sən tələsmə, əsgər


Seymur Kazımov: “Hamı hərbçi, jurnalist deyil ki, nəyi demək, nəyi deməmək lazım olduğunu bilsin”
 
“İnsanların həyəcanını, haradasa normal qarşılamaq olar. Çünki sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları kifayət qədər böyük nəticələr verib. Vətəndaşlarımızın gözləntiləri daha böyükdür. 30 il ərzində ilk dəfədir ki, Azərbaycan Ordusu cəbhə xəttində bu qədər ciddi irəliləyiş əldə edib. Əhalinin yeni ərazilərin işğaldan azad edildiyi xəbərini səbrsizliklə gözləməsinə normal yanaşmaq lazımdır. İnsanların arzuları, istəkləri var. İllərdir məcburi köçkün həyatı yaşayan insanlarımız yurdunun azad edilməsi xəbərini gözləyir”.
 
Bu sözləri cəbhə bölgəsində fəaliyyət göstərən, Vətən müharibəsini müşahidə edib, oradan cəmiyyətə məlumatlar ötürən jurnalist Seymur Kazımov deyib. 
 
Qeyd edək ki, bir çox vətəndaş cəbhə ilə bağlı sosial şəbəkələrdə rəsmi olmayan məlumatlar, videolar paylaşırlar. Videolarda əsgərlərimiz olan ərazilərin rəsmi şəkildə işğaldan azad edildiyi elan edilməyəndə isə müəyyən suallar meydana çıxır. Məsələn, sosial şəbəkələrdə “Axı, əsgərimizin Laçından videosu var, niyə Laçının işğaldan azad edildiyi xəbəri rəsmi şəkildə verilmir?” tipli suallarla tez-tez qarşılaşırıq. Bir çoxları, əsasən də hərbi sahənin ekspertləri vətəndaşların bu davranışının düzgün olmadığını, bununla ölkəmizə, ordumuza ziyan vurulduğunu deyirlər. Məsləhət görürlər ki, hansısa ərazi işğaldan azad edilibsə, insanlar rəsmi məlumatları gözləsinlər. 
Gözətçi - İnsan Hüquqları
S.Kazımov isə hesab edir ki, bu səbəbdən vətəndaşların üzərinə qınaqla getmək yanlışdır: “Hamı hərbçi, jurnalist deyil. Vətəndaşlar mütəxəssis deyil ki, nəyi demək, nəyi deməmək lazım olduğunu bilsinlər. Onların, sadəcə gözləntiləri var. Bu gözləntilər də Azərbaycan Ordusundandır. Ordumuza inam var, inanırıq ki, ərazilərimizi azad edəcək gücümüz var. Düşünürəm ki, insanlarımızın səbirsiz davranmasının səbəblərindən biri budur”.
 
“Hamı ekspert deyil, hamı həssas davranmır. Mən bu sözləri kimisə alçaltmaq mənasında demirəm. Fakt odur ki, hər kəs analitik düşüncəyə malik deyil. Zatən hamının belə olması mümkün də deyil. Məsələn, sizə bir video gəlib, amma yaymırsız. Düşünürsünüz ki, indiki məqamda bunu yaymaq doğru deyil, ziyanımızadır. Amma o video jurnalist olmayan, hərbidən anlamayan başqa bir vətəndaşımızın əlinə düşür, götürüb yayır. Bunun dövlətə, orduya ziyanını anlamır. Mən düşünmürəm ki, həmin adamın niyyəti pisdir, təxribatçıdır. Hesab edirəm ki, o videonu yayanların əksəriyyəti bunu sevincindən edir. Həmin vaxt fikirləşmir ki, rəsmi açıqlanmayıbsa, bunu sosial şəbəkədə paylaşmaq olmaz. Ehtiyatsız davranırlar. Mən güman etmirəm ki, o insanları kütləvi şəkildə idarə etmək mümkündür. Çünki sosial şəbəkələr sərhədsizdir, onu idarə etmək çətindir”, - deyə S.Kazımov vurğulayıb.
 
Cəbhə ilə bağlı yayılan xəbərlərə gəldikdə isə həmsöhbətimiz bildirib ki, hərbi əməliyyatlar getdiyi yerlərdə jurnalist yoxdur: “Biz yalnız rəsmi məlumatları əldə edirik. Rəsmi hansı xəbər verilirsə, biz ona inanmalıyıq. Nəticədə, biz ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdən videolar görürük, bayrağımızın sancıldığını görürük. Bu videolar da Müfadiə Nazirliyi tərəfindən yayılır. İnformasiya təkcə sözlə çatdırılmır, onun foto və videolarla təsdiqi olur. İstər cəmiyyət olaraq, istərsə də jurnalist olaraq, cəbhə ilə bağlı rəsmi xəbərləri gözləməliyik, o xəbərlərə inanmalıyıq. Cəbhədə işləyən jurnalistlər yalnız oraya yaxın ərazilərdə, mülki insanların yaşadığı yerlərdə fəaliyyət göstərir. Jurnalistlər, əsasən əks-hücum əməliyyatlarını yox, ermənilərin atəşi nəticəsində zərər görən mülki əhalinin vəziyyətini işıqlandırırlar. Dünyaya çatdırırıq ki, müharibədə mülki əhalimiz əziyyət çəkir”.
 
“Filan yer alınıb, amma niyə açıqlanmır?”, “Ordumuz niyə zəif irəliləyir?” kimi sualların əsgərlərimizə psixoloji təsirlərinə toxunan jurnalistin fikrincə, bunlar hərbçilərə basqı deyil: “Belə sualların əsgərlərimizə hansı təsiri göstərdiyini tam olaraq deyə bilmərəm. Çünki hərbçilərlə biləvasitə ünsiyyətim yoxdur. Kənardan müşahidələrimə əsasən söyləyə bilərəm ki, bu, ordumuza elə də təsir etmir. Ordu öz işini görür, qarşısına qoyulan tapşırığı yerinə yetirir. Hesab edirəm ki, çox da uğurlu həyata keçirilir. Bu, uşaq oyunu deyil, hərbi əməliyyatdır. 30 ildir düşmən orada istehkamlar qurub, onları yarmaq elə də asan məsələ deyil. Ermənilər əraziləri minalayıb, pusqular qururlar, ərazinin çətin relyefi var və s. Bunları keçmək asan görünməməlidir”.
 
“Əməliyyatlar hərbi plana uyğun aparılır. Çox ciddi hərbi əməliyyatlar keçirilir. Azərbaycan Ordusu ermənilərin 30 ildə yaratdıqları istehkamları 40 günə darmadağın edib. 4 şəhərimiz, yüzlərlə kənd azad edilib. Bu, qısa zaman ərzində ordumuzun əldə etdiyi möhtəşəm nəticədir. Düşünürəm ki, insanlarımız səbrli olmalıdırlar. Əmin olsunlar ki, ordu işini görür, üzərinə düşən hərbi vəzifəni kifayət qədər də mükəmməl həyata keçirir”, - deyə Kazımov sonda vurğulayıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10